İran ABŞ-la mümkün müharibə halında necə hərəkət edəcəyinə dair planını açıqlayıb. Rəsmi Tehranın planında dünyanın ən güclü ordusuna qarşı müqavimət üsulları və qlobal iqtisadiyyata ciddi zərbə vurmaq niyyəti təsvir olunur.
Musavat.com xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli "Tasnim" agentliyinin yaydığı geniş hərbi planda İran rəhbərliyi ABŞ hərbi bazalarına zərbələri, müttəfiq proksi qüvvələr vasitəsilə yeni cəbhələrin açılmasını, kiberhücumları və qlobal neft ticarətinin iflicini mümkün variantlar kimi nəzərdən keçirir.
Tehran hesab edir ki, Yaxın Şərqin coğrafiyası ABŞ‑nin texnoloji üstünlüyünü zəiflədə bilər.

Bundan əvvəl iki ölkə arasında danışıqların pozulma ehtimalı yüksək olsa da, tərəflər cümə günü Omanda görüş keçiriblər.
Bununla belə, çərşənbə axşamı ABŞ prezidenti Donald Tramp İranın ali lideri ayətullah Əli Xameneinin "ciddi narahat olmalı" olduğunu bildirib ki, bu da gərginliyin artacağı ilə bağlı narahatlıqları yenidən gücləndirib.
İranın ssenarisinə görə, münaqişə ABŞ-nin nüvə və hərbi obyektlərə, eləcə də SEPAH bazalarına hava və raket zərbələri ilə başlaya bilər. Bu obyektlərin əksəriyyəti sıx məskunlaşmış ərazilərdə yerləşir.
Ehtimal olunur ki, ABŞ qüvvələri zərbələri regionda yerləşən aviadaşıyıcılardan, o cümlədən "USS Abraham Lincoln" zərbə qrupundan, həmçinin ABŞ və Avropadakı bazalardan qalxacaq strateji bombardmançılardan və müttəfiq ölkələrdəki quru sistemlərindən endirə bilər.

Gözlənilir ki, ABŞ zərbələrində "görünməz" aviasiya, yüksək dəqiqlikli silahlar və İranın hava hücumundan müdafiə sistemlərini zəiflətməyə yönəlmiş koordinasiyalı hücumlar tətbiq olunacaq. Hipersəs silahları və radioelektron mübarizə vasitələri Vaşinqtona ciddi üstünlük verə bilər.
Bununla yanaşı, Tehran belə ssenariyə hazır olduğunu bildirir. Belə ki, əsas obyektlərin möhkəmləndirildiyi, müxtəlif ərazilərə səpələndiyi, ehtiyat idarəetmə sistemlərinin yaradıldığı və ilk zərbələrə davamlı yeraltı infrastrukturun qurulduğu qeyd olunur. İranın hesablamasına görə, əsas məqsəd zərərin qarşısını almaq deyil, cavab zərbəsi imkanını qorumaqdır.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Əbdülrəhim Musəvi raket kompleksinə səfəri zamanı "düşmənlərin istənilən addımına hazır olduqlarını" bildirib. O əlavə edib ki, 12 günlük müharibədən sonra İran hərbi doktrinasını müdafiədən hücum strategiyasına dəyişərək asimmetrik müharibə və sərt cavab siyasətini qəbul edib.
Plana əsasən, İranın cavab addımları qısa müddətdə döyüş zonasını ölkə hüdudlarından kənara çıxara bilər. Tehran bir neçə saat ərzində regiondakı ABŞ hərbi obyektlərinə ballistik raketlər və pilotsuz uçuş aparatları ilə kütləvi zərbələr endirməyi nəzərdə tutur.

Əsas hədəflərdən biri Qətərdə yerləşən "Əl‑Udeyd" aviabazası hesab olunur. Burada ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının ön qərargahı və əsas hava əməliyyatları mərkəzi yerləşir. İran ötən il ABŞ-ın B‑2 bombardmançılarının nüvə obyektlərinə zərbələrindən sonra bu bazanı artıq hədəfə almışdı.
Küveytdə "Əli əl‑Salem" aviabazası və ABŞ quru qoşunlarının böyük logistika mərkəzi olan "Arifcan" düşərgəsi də mümkün hədəflər sırasında göstərilir. Bundan əlavə, BƏƏ-dəki obyektlər və Suriyada təxminən 2 min ABŞ hərbçisinin yerləşdiyi baza da risk altında hesab olunur.
İran ordusunun nümayəndəsi Əmir Əkrəmniya ABŞ bazalarına çıxışın "çətin olmadığını" bildirib.
İranın strategiyası yüzlərlə, hətta minlərlə raket və dronun eyni vaxtda buraxılması ilə ABŞ-nin raketdən müdafiə sistemlərini yükləməyə hesablanıb. Məqsəd "Patriot" və THAAD batareyalarının imkanlarını "doydurmaq"dır.

İran arsenalında 50 kq döyüş başlığına malik "Şahed-136" dronları, manevr edən döyüş bloklu "Xeybər Şekan" ballistik raketləri, 750 kq‑a qədər döyüş başlığı olan "Emad" raketləri, həmçinin 1000 milədək uçuş məsafəsinə malik "Paveh" qanadlı raketləri yer alır.
Tehranın fikrincə, zərbələrin bir hissəsi tutulsa belə, qalanları ciddi dağıntı yaratmaq və kritik infrastruktura zərbə vurmaq üçün kifayət edə bilər. Eyni zamanda İranın "müqavimət oxu" adlandırdığı müttəfiq qüvvələrin müxtəlif cəbhələrdə aktivləşdirilməsi də nəzərdə tutulur.
İqbal RZAYEV,
Musavat.com






