İranın kəşfiyyat strukturlarına bağlı Azərbaycan dilli “Seher Azeri” televiziya kanalı “Mehdiyev işi” başlanandan dərhal sonra “Yeni Müsavat” Media Qrupunu və media qrupun rəhbəri Rauf Arifoğlunu sistemli şəkildə hədəfə almağa başlayıb.
Paralel olaraq İranın farsdilli qəzetləri və televiziya kanalları da eyni xətti davam etdirərək “Yeni Müsavat” nəşrlərini açıq şəkildə hədəf göstəriblər.
Bu proses təsadüfi deyil və epizodik xarakter daşımır. İran mediasında yayımlanan materiallarda “Yeni Müsavat” Media Qrupunun Azərbaycan və İranla bağlı yazıları “təftiş” edilir, media qurumunun yazarları birbaşa hədəfə çevrilir, “İrana təhlükə yaratmaq” kimi saxta narrativlər formalaşdırılmağa çalışılır.
Son dövrlərdə isə bu hücumlar daha intensiv, daha açıq və daha təhdidkar xarakter alıb.
Təqdim edilən video-anons İranın geniş auditoriyaya hesablanmış böyük bir verilişinə aiddir.

Həmin proqramda “Yeni Müsavat”ın Ramiz Mehdiyev işi fonunda Azərbaycanda baş verən son həbslərlə bağlı fəaliyyəti birbaşa hədəf alınır. Verilişdə media qurumunun rəhbəri Rauf Arifoğlu və millət vəkili Fazil Mustafa açıq şəkildə hədəf göstərilir. Bu da təsadüf deyil.
İran rejimi açıq şəkildə hesab edir ki, onun Azərbaycana qarşı apardığı ideoloji, siyasi və kəşfiyyat yönümlü təxribatların qarşısında duran əsas media qalalarından biri məhz “Yeni Müsavat”dır. Elə bu səbəbdən də həm cavab xarakterli, həm də preventiv mahiyyət daşıyan zərbələr endirməyə çalışır.
Bu hücumlarla eyni zamanda İran özünün Avropadakı, Azərbaycandakı və dünyanın müxtəlif ölkələrindəki agentura şəbəkəsinə işarələr, kod mesajlar ötürür.
Ancaq bu mənzərədə diqqət çəkən və izah tələb edən daha bir ciddi məqam var. Necə olur ki, Azərbaycanda teokratik rejim qurmaq, mövcud sekulyar dövlət sistemini dəyişmək niyyəti güdən İran rejimi və onun ideoloji şəbəkəsi özünü guya “Qərbyönlü” kimi təqdim edən Milli Şura və AXCP rəhbərliyini, xüsusilə də Əli Kərimlini və onun çevrəsini bu qədər aktiv şəkildə müdafiə edir?
Bu sualın cavabı hadisələrə ardıcıl və faktlar əsasında baxıldıqda aydınlaşır. Əli Kərimli AXCP çevrəsi ilə İran strukturları və İrana bağlı qruplar arasında əlaqələr təsadüfi deyil, uzunmüddətli və dərin xarakter daşıyır. Bu kontekstdə vaxtilə “Müsəlman Birliyi Hərəkatı”nın lideri olmuş Taleh Bağırzadə ilə Əli Kərimli arasındakı xüsusi və isti münasibətlər diqqətdən kənarda qala bilməz.
Onlar uzun illər bir-birini açıq şəkildə müdafiə ediblər. Taleh Bağırzadə həbs olunduğu dövrlərdə AXCP-yə yaxın media strukturları, sosial şəbəkə resursları və kanallar onu açıq şəkildə müdafiə edib. Eyni zamanda Əli Kərimli hədəf alındığı vaxtlarda Taleh Bağırzadə və “Müsəlman Birliyi Hərəkatı” adından onun lehinə açıqlamalar verilib. Bu qarşılıqlı siyasi və ideoloji dəstək mexanizmi təsadüf sayıla bilməz.

Bütün bu faktlar onu göstərir ki, İran kəşfiyyatı ilə AXCP rəhbərliyi, xüsusən Əli Kərimli və Cəmil Həsənli arasında ciddi və təhlükəli bağlılıqlar mövcuddur. Əks halda İran niyə Azərbaycanın aparıcı media qurumlarından biri olan “Yeni Müsavat”ın üzərinə bu qədər intensiv, ardıcıl və açıq təhdid xarakterli hücumlar təşkil etsin?
Bu hücumlar eyni zamanda bir reallığı da ortaya qoyur: İran rejiminin bu davranışı bizi narahat etmir. Əksinə, bu, bizim üçün bir şərəfdir. Çünki biz Azərbaycan dövlətinə, bayrağına, milli varlığına düşmən olan, qanı tökülmüş bir teokratik rejimə qarşı informasiya və ideoloji müqavimətin simvollarından biriyik. İranın Azərbaycandakı təsir imkanlarının daraldılmasına töhfə verən media mövqeyindəyik.

Eyni zamanda unutmuruq ki, İran terrorçu dövlətdir. Azərbaycan ərazisində dəfələrlə terror aktları həyata keçirib. O cümlədən iki il əvvəl, mart ayında millət vəkili Fazil Mustafaya qarşı törədilən terror aktı da bu siyasətin tərkib hissəsi idi. Bu faktlar unudulmur və unudulmamalıdır.
Ümid edirik ki, müvafiq dövlət qurumları və təhlükəsizlik strukturları İranın “Yeni Müsavat” Media Qrupuna qarşı apardığı bu ideoloji hücumları diqqətlə izləyir, nəzarətdə saxlayır və bu hücumlara qarşı adekvat tədbirlər görülür. Azərbaycanın milli informasiya təhlükəsizliyinin qorunması baxımından bu məsələ son dərəcə prinsipialdır.
Musavat.com






