İnsanlara hürriyət, millətlərə istiqlal!

İran, Şah və mat...

2289 14.01.2026 08:05 Siyasət A A

Qonşu ölkədə teokratik rejim 47-ci yanvarında çökəcəkmi - yenə Pəhləvilərlə şəriətçilər üz-üzə 

Bastiliya inqilabına qədər kral XIV Lüdovik hər axşam yatmazdan əvvəl sarayın meydana açılan pəncərəsinin pərdələrini çəkər və sonra gündəliyinə yazardı: sabitlikdir...

Kral bu ritualı hər axşam təkrarlayardı və gündəliyinə eyni sözü yazıb yatardı. Və sonuncu dəfə gündəliyinə “sabitlikdir” yazanda həqiqətən də həmin axşam meydan boş idi və gecənin sükutuna qərq olmuşdu. Lakin Lüdovik haradan biləydi ki, o gecənin səhəri...

İranın sonuncu şahı; Bioqraflar Rza Pəhləvinin romantik obrazını  canlandırır, məşuqələrindən yazırlar » Reyting.az

1979-cu ilin yanvarına qədər Məhəmməd Rza şah Pəhləvi də XIV Lüdovik qədər rahat, arxayın idi. Çünki onun dövründə İran ABŞ ilə strateji müttəfiqlik əlaqələri qurur, neft Böyük Britaniya şirkətləri tərəfindən istismar olunur, Qərbdən silah-sursat alınır, şəhərlər inkişaf edirdi. Lakin şah bir vacib təbəqəni unutmuşdu - əyalətlərdəki, kəndlərdəki əhalini. Kəndlərdən şəhərlərə iş üçün axın isə sürətlə yerlərdə əhalini yoxsullaşdırırdı. Elə şəriətçilərlə tudəçilərin (solçular) şahı devirməkdə ən böyük elektoratı da məhz aşağılar oldu. Beləliklə, Leninin məşhur “Yuxarılar əvvəlki kimi idarə edə bilmir, aşağılar isə əvvəlki kimi yaşamaq istəmir” ifadəsi şah İranı üçün arxi-aktual məsələyə çevrilməyə başlamışdı.

Şəriətçilərlə şahın ilk toqquşması 

Lakin hökumətlə islamçıların ilk toqquşması 1962-ci ildə baş verdi. Qadınlara seçmək və seçilmək hüququ verilir, seçiləcək şəxslərin səmavi kitaba deyil, müqəddəs kitaba and içəcəyi göstərilirdi. Ruhanilər hesab edirdilər ki, bununla bəhailərə “Kitabi-əqdəs”ə and içmək icazəsi veriləcək. Ona görə də dövrün nəhəng və nüfuzlu islamçıları Gülpeyqani, Şəriətmədari, eləcə də Xomeyni şaha məktub yazaraq etiraz edirlər. İnsafən, Pəhləvi geri çəkilir və fərman ləğv edilir. Qadınlar seçki hüququ qazanmırlar, and içmək üçün isə əvvəlki kimi Quran, Bibliya, Tövrat və Avestadan istifadə oluna bilərdi.

Amma elə həmin il “Ağ inqilab” adı ilə tarixə düşən islahatlar proqramı 1963-cü ildə yanvarın 26-da referenduma çıxarıldı. Pozitiv mahiyyətinə baxmayaraq, bütün müxalif cameə - Milli Cəbhə, İran Azadlıq Hərəkatı, Tudə və b. islahatların əleyhinə çıxırlar. Xomeyni “İslama uyğun olmayan” referendumu boykota çağırdı. Referendumdan sonra Xomeyni İrandan sürgün olundu,  şah rejimi vəziyyətə nəzarəti ələ ala bildi. Digər tərəfdən, neft gəlirlərinin artması şahın xalqdan və ictimai rəydən asılılığını azaltdı. İndi o, özünün siyasi və iqtisadi qərarlarını xalq ilə razılaşdırmaq üçün səbəb görmürdü. Üstəgəl, torpaq islahatı da gözlənilən nəticəni vermədi. Kəndlilərin bir hissəsi yenə də torpaqsız qaldı. Bu haqda tarixçi Yadigar Sadıqlı yazıb.  

Çevrilişdən sonra Pəhləvi ilə bağlı Xomeyniyə gələn təklif

Xomeyniyə təhqirin qığılcımı 

Ölkədə getdikcə sosial şəraitin pisləşməsi, xüsusən kəndlərdə əhalinin vəziyyətinin ağırlaşması fonunda islamçılar və tudəçilər təbliğat işini davam etdirirdi. Və belə bir vaxtda gözlənilmədən şahla şəriətçilərin ikinci böyük toqquşması qeydə alınır. Bu dəfə   1978-ci ilin ilk günlərində bir neçə məmur Məhəmməd Rza şah Pəhləviyə növbəti dəfə yarınmaq həvəsinə düşürlər. İdeya isə yersiz idi: ayətullah Xomeyni haqda təhqiramiz məqalə yazılacaqdı. Burada Xomeyninin gəncliyində eyş-işrət dolu həyat keçirməsi, imperialistlər və kommunistlərlə işbirliyində olması kimi fikirlər yer alırdı. Məqalə çap edilmək üçün eyni zamanda “Keyhan” və “Ettelaat” adlı iki qəzetə göndərildi. Ancaq “Keyhan” qəzetinin baş redaktoru məqaləni çap etməkdən imtina etdi. “Ettelaat” qəzeti isə məqaləni 7 yanvar tarixli nömrəsində çap etdi. Bununla da həm müəlliflər, həm də qəzetin rəhbərliyi şaha “ayı xidməti” göstərdilər. 

Məqalə dindarların kəskin etirazına səbəb oldu. İranın dini mərkəzi olan Qum şəhərindəki mədrəsə tələbələri yanvarın 8-də etiraz aksiyası keçirdilər. 

İranda etirazlar: Tramp iranlıları etirazı davam etdirməyə çağıraraq "Kömək  yoldadır" deyib - BBC News Azərbaycanca

Yenə yanvar, yenə...

Bundan sonra İranda Ərbəin (Qırxıncı gün) etirazları başladı. Qumda həlak olanların 40-cı anım günündə, fevralın 18-də İranın bir çox şəhərində etiraz aksiyaları keçirildi. Nüfuzlu azərbaycanlı ayətullah Şəriətmədarinin dinc etirazlar çağırışına baxmayaraq, məhz Təbrizdə etirazlar iğtişaşa çevrildi. Burada hakimiyyət orqanlarına və “Qərb simvolları”na aid edilən binalara - polis məntəqələrinə, Rəstaxiz Partiyasının ofisinə, otellərə, bank binalarına, kinoteatrlara və barlara od vuruldu. Məhz Təbrizdə ilk dəfə “Şaha ölüm” şüarının səsləndirildiyi iddia olunur.

Bu günlərdən də İrandan yanvar ayıdır. Və hadisələr təkrarlanır: indi islam inqilabçılarının 46 illik istibdadından cana doyan, şah kimi eynilə onların da xalqın sosial həyatını cəhənnəmə çevirməsindən təngə gələn kütlələr meydanlardadır - polisə, banklara, şahın vaxtından fərqli olaraq barlara yox, məscidlərə od vururlar. 1970-ci illərdə orduya onmilyardlarla dollar xərcləyərək ən müasir silahlarla təmin edən Məhəmməd Rza şah polisin ehtiyaclarını nəzərə almamışdı. Genişmiqyaslı etirazlarla üzləşərkən kömək üçün orduya müraciət edilirdi. Ordu da polis vəsaitlərinə və gərəkən vərdişlərə malik deyildi. Şahın atəş açmaqdan bacardıqca çəkinmək tapşırığına baxmayaraq, atəş açılır, insanlar həlak olur, şaha qarşı nifrət güclənirdi. 

O dönəmdə SAVAK (Şahın əsas mühafizəçiləri, indiki SEPAH kimi) xalqa işgəncə verir, inqilabçıları qəddarlıqla öldürürdü. Bu gün də SEPAH - islam keşikçiləri, Bəsic üzvləri xalqa atəş açır, etirazçıları qətlə yetirir. Ötən ilin dekabrın 28-dən başlayan etirazlarla bağlı xalqa müraciət edən ali dini rəhbəri Seyid Əli Xamenei isə bəyan etdi ki, “biz qanla hakimiyyətə gəlmişik və geri çəkilməyəcəyik”. O deməkdir ki, rejim qarşıdakı günlərdə də etirazçıları qan gölündə boğmağa hazırdır. Bunu dəfələrlə ediblər...

İran İslam inqilabı » Mediatv.az informasiya portalı

11 sentyabra qədər ən böyük terror 

Hələ 1979-cu ilin avqustunda Ramazan ayının başlaması ilə etirazlar yenidən vüsət aldı. İsfahan şəhərində soyuq silahlarla silahlanan kütlə şəhərin nəzarəti tamamilə ələ keçirdi. Onları zərərsizləşdirmək üçün hökumət şəhərdə hərbi vəziyyət elanına və silah tətbiqinə əl atdı. Ölənlər oldu və hakimiyyət yeni Ərbəin silsilələrinə hazırlaşmağa başladı. Lakin fəlakət daha tez baş verdi. Avqustun 19-da Abadan şəhərində yerləşən “Reks” kinoteatrında baş verən yanğın nəticəsində xeyli sayda (müxtəlif rəqəmlər göstərilir, “Amnesty İnternational” təşkilatına görə 438 nəfər) insan həlak oldu. Bu faktı da qeyd edərkən tarixçi Y.Sadıqlıya istinad etməli oluruq. 

İddialara görə, yanğın SAVAK agentlərinin təqib etdikləri şəxslərin zalda gizlənməsindən sonra başlamışdı. Müxalifət bildirirdi ki, SAVAK agentləri axtardıqları adamları çölə çıxmağa məcbur etmək üçün kinoteatrı yandırmışdılar. Hakimiyyət nümayəndələri isə yanğınla heç bir əlaqələrinin olmadığını iddia edirdilər. Hərçənd, olduqca həssas bir zamanda hansı cinayət törətdiyi məlum olmayan 4 nəfəri həbs etməkdən ötrü SAVAK-ın bütöv kinoteatrı yandırması ağlabatan deyildi. Amma insanlar buna inandı. 11 sentyabr hadisələrinə qədər ən böyük terror aktı sayılan “Reks” faciəsi İranda gedən siyasi proseslərdə çox önəmli rol oynadı. O zamana qədər “siyasətə qarışmıram” mövqeyi sərgiləyən insanların çoxu inandı ki, bir gün film izləyərkən, çayxanada çay içərkən, avtobusda gedərkən hakimiyyət qüvvələri tərəfindən öldürülə bilərlər.

Bu gün də İrandakı teokratik rejim oxşar hadisələri təkrarlayır - hələ təsdiqini tapmasa da, 500-dən çox insanın öldürüldüyü görüntülər yayılır, beləliklə, qəzəb daha da artır.  

SON DƏQİQƏ: Xamenei xalqa müraciət edəcək | KONKRET

İnqilabın sonuncu mogikanı - Xamenei

E1979-cu il, sentyabrın 4-də Ramazan bayramı idi. Bayram namazı qılındıqdan sonra sayı yarım milyona çatan insan kütləsi Tehranda yürüş etdi. Onlar “Allahu-Əkbər, Xomeyni rəhbər”, “Hüseyn sərvərimiz, Xomeyni rəhbərimiz” şüarlarını səsləndirirdilər. Deyilənə görə, Şah bu nümayişi şəxsi helikopterində üzərindən uçaraq təəccüb və məyusluqla izləyirdi.

Hər şey isə Jalə meydanındakı mitinqdə qırılma nöqtəsi oldu. 4 min insan öldürüldü. Şahın isə sarsıldığı bildirilirdi. Yanvarın 16-da şah və ailəsi İranı tərk etdi. Fevralın 1-də ayətullah Xomeyni İrana qayıtdı. Mehrabad hava limanında onu sayı milyonu keçən kütlə qarşıladı. Xalqdan olmayan şah isə xalqı qırğına verərək getdi, halbuki qan tökmədən bu proses ağrısız başa çata bilərdi. 

Xomeyni isə Lenin kimi inqilabın qələbəsinin barını az yedi. Şəriətmədari kimi inqilabda müstəsna xidməti olan nüfuzlu alim isə gözdən salınaraq ev dustaqlığına məhkum olundu. Bununla da 1981-1989-cu illərdə İran prezidenti Seyid Əli Xamenei oldu. Xomeyni isə onu ölümündən əvvəl varis elan etmişdi. Bu gün Xamenei İslam inqilabının sonuncu mogikanıdır və ondan sonra ali dini rəhbər olacaq ayətullah da yoxdur.

Onu da deyək ki, 1979-cu ildən sonra xalqdan olduğunu iddia edən şəriətçilər əvvəlcə inqilabda ən böyük payı olan tudəçiləri repressiya etdilər, sonra təkhakimliyə yiyələndilər. Və 46 ildən çoxdur ki, islam respublikası adlanan İranı idarə edən molla zehniyyəti bu günün müasir İran gəncliyinin köhnə narrativlərlə yaşamaq istəmədiyini qəbul edə bilmir. Və yenə günlərdən yanvardır və bu dəfə inqilabla gələnlərin özləri xalqı qanına qəltan edir. Ancaq bu da əbəsdir. Qocalmış və çürüməkdə olan, islamdan uzaq sistem demontaja məhkumdur. Sadəcə, bu rejimin neçə ay və ya neçə il davam edəcəyini söyləmək çətindir. Çünki İranda “üstü bəzək, altı təzək” bir teokratik sistem mövcuddur, onun saxtakarlıqlarına, ölkəni yanlış siyasət ucbatından sanksiyalar altında inildədib özləri varlananlara xalqda inam qalmayıb. Şahın varisi Rza Pəhləvinin İranda hakimiyyətə gəlişi gözləntisi isə ağlabatan deyil. Xalq bir mövcud pisi yenidən keçmiş pislə əvəzləmək istəmir...

Emil SALAMOĞLU,
“Yeni Müsavat”ın redaktoru

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR