İran dövlət televiziyası “Ofogh” kanalında İsrailin yeddi yüksək vəzifəli rəsmisinin yer aldığı və sui-qəsd təhdidi kimi qiymətləndirilən siyahı yayımlanıb. Siyahıda İsrailin baş naziri Benyamin Netanyahu da yer alıb.
Musavat.com xəbər verir ki, bununla bağlı “The Times of Israel” məlumat yayıb.
Telekanalda nümayiş etdirilən siyahıya həmçinin Mossad rəhbəri David Barnea, müdafiə naziri Israel Katz, Baş Qərargah rəisi Eyal Zamir, Hərbi Hava Qüvvələri komandanı Tomer Bar, hərbi kəşfiyyat rəhbəri Şlomi Binder və əməliyyatlar idarəsinin rəhbəri Itzik Kohen daxil edilib. Qrafik materialda həmin şəxslərin fotoları üzərində hədəf nişanları göstərilib.
Proqram aparıcısı efirdə ivrit dilində də təhdid səsləndirərək “Ölüm vaxtınızı təyin edəcəyik, Əbabili gözləyin” deyib.
Bu ifadənin İran istehsalı pilotsuz uçuş aparatına işarə olduğu bildirilir.
Hazırda ABŞ ilə Tehran arasında nüvə proqramı ilə bağlı danışıqlar aparılır. Tərəflərin diplomatları ötən həftə Oman vasitəçiliyi ilə dolayı müzakirələr keçiriblər. İran tərəfi mümkün hücumlara cavab olaraq İsrail və ABŞ hədəflərini vuracağını bəyan edib.
Bu arada Netanyahu Vaşinqton səfərindən sonra İsrailə qayıdıb. O, ABŞ prezidenti Donald Tramp ilə görüşdən sonra bildirib ki, Tramp İranın “yaxşı razılaşma”ya məcbur edilə biləcəyini düşünür, lakin Netanyahu danışıqların nəticəsinə skeptik yanaşdığını vurğulayıb.
Donald Tramp isə yenidən İrana xəbərdarlıq edərək bildirib ki, “İranla razılaşma əldə olunmalıdır, əks halda vəziyyət çox ağır ola bilər”.
Musavat.com






