İranda gərginlik təhlükəli mərhələyə keçib.
Musavat.com xəbər verir ki, bu gün günorta saatlarından etibarən Çahar-Mahal və Bəxtiyari əyalətinin Lordegan şəhərində silahlı etirazçılar dövlət qurumlarına koordinasiyalı hücumlara cəhd ediblər.
Məlumata görə, hər biri təxminən 50 nəfərdən ibarət olan üç ayrı qrup eyni vaxtda qubernatorluq ofisinə, məhkəmə idarəsinə və Şəhidlər Fondu ofisinə basqın etməyə çalışıb. Hücum edən qrupların mütəşəkkil və silahlı olduğu bildirilir.
Hadisələr zamanı təhlükəsizlik qüvvələrinin 3 üzvü güllələnib, onlardan birinin vəziyyətinin ağır olduğu açıqlanır. Buna cavab olaraq, İran polisinin Xüsusi Bölmələri əraziyə cəlb edilib, bütün dövlət binaları nəzarətə götürülüb.
Rəsmi mənbələrin məlumatına görə, qarşıdurmalar zamanı 3 silahlı hücumçu zərərsizləşdirilərək öldürülüb. Şəhərdə təhlükəsizlik tədbirləri maksimum səviyyəyə qaldırılıb, giriş-çıxışlara nəzarət gücləndirilib.
Analitiklər hesab edirlər ki, artıq İranda etirazlar silahlı qarşıdurma mərhələsinə daxil olur və bu proses ölkə daxilində daha genişmiqyaslı toqquşmaların başlanğıcı ola bilər.
Musavat.com






