Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan rusiyalı teleaparıcı Vladimir Solovyov barədə sərt və qalmaqallı ifadələr işlədib.
Musavat.com xəbər verir ki, Rubinyan sosial şəbəkə hesabında paylaşdığı açıqlamada belə yazıb:
“İt hürər, karvan keçər. Bu vəziyyətdə “it” rusiyalı iş adamı Samvel Karapetyanın yaxın dostu və həmvətəni Solovyovdur. “Karvan” isə geri dönməz sülhə və inkişafa doğru irəliləyən ölkəmizdir”.
Rubinyan eyni zamanda Solovyovu rusiyalı erməni milyarder Samvel Karapetyanın “yaxın dostu və həmvətəni” adlandırıb. Bu ifadələr İrəvan–Moskva xəttində artan siyasi və informasiya gərginliyinin daha bir açıq təzahürü kimi qiymətləndirilir.
Qeyd edək ki, Rusiya televizisyasında Ermənistanla bağlı səsləndirilən məlum kəskin fikir İrəvanda ciddi narazılıq doğurub və bu mövzu artıq siyasi qarşıdurma mərhələsinə keçib.
Musavat.com







