Şair Süleyman Rüstəmin “12-ci tüfəng” adlı poeması var, Güney Azərbaycandakı real hadisə əsasında yazıb. Sovet qoşunları 1940-cı illərdə oranı tutanda bir kənddə camaat üsyan qaldırır, yerli mülkədarların, polislərin tüfənglərini tutub alır. Süleymangil kənd ağsaqqalları ilə görüşür, xahiş edirlər tüfənglər qaytarılsın. Bu zaman bir 10 yaşlı uşaq tüfəngini qaytarmaq istəmir, haray qoparır. Şair poemasında yazır:
“- Heç qəm yemə, Nəriman,
Unutma ki, belə getməz, bu yaşayış, bu dövran,
İgid ellər baş qaldırıb qoşulanda üsyana,
Dağlar, daşlar lalə kimi boyananda al qana,
İgid bala, sən də o gün başqa tüfəng taparsan,
Üsyan etmiş kütlələrin ən önündə çaparsan!”
Əlbəttə, bu bazar günü mövzunu yenə həftənin günah keçisi axtarışlarına döndərmək fikrim yoxdur, sadəcə, həmin poema yadıma düşdü, gördüm mövzusu da uyğun gəlir, sitat verdim.
Ancaq məsələ bizim hansısa oyunu udub-uduzmağımızdan çox, özümüzü cəmiyyət olaraq necə aparmağımızın növbəti dəfə pis şəkildə üzə çıxmasından gedir. Bəs nə oldu, deyirdiniz futbol kollektiv oyundur? Bir nəfərə məğlubiyyəti yüklədiniz. Qələbələri də adətən bir nəfərə ənam edirdiniz. Cəmiyyət təfəkkürü, sosium düşüncəsi belə olmur. Yəqin bu kimi davranış tərzimizə görə sosializmin də ən biabırçı forması bizdə qurulan idi.
Molla Nəsrəddinin sözü olmasın, qurdaladıqca qoxusu çıxır, ancaq bir qədər də dərinə gedək. Azərbaycan folklorunda “Ağ atlı oğlan”, “Cırtdan”, “Məlikməmməd” kimi obrazlar havadan yaranmayıb. Bunların ciddi psixoloji kökləri var. Dara düşən anlarımızda 1 nəfər, tək bir qəhrəman gəlməlidir, bizi xilas eləməlidir. Eləsə canımız qurban, eləməsə söyüb-biabır eləmək həmişə yerində qalır.
Qəzetin saytında “Ən çox oxunanlar” bölməsi var, orda keçən ayın lideri 19 noyabrda çıxan “Azərbaycanda bir həftə iş olmayacaq” yazısıdır. Mən bu cızmaqaranı edən vaxt 113 min 169 dəfə oxunmuşdu. İkinci yerdə 78 min 374 baxış sayı ilə “Səhvən kartına 120 min manat pul gəldi” başlıqlı xəbər idi. Bu, bizim maraq dairəmizi gözəl ifadə edir: həm istəyirik iş günü olmasın, həm də hansısa müftə, səhv üsulla qəfil varlanaq. Tərslikdən, kartına səhvən pul gələn adam da Türkiyədə yaşayırmış, bizim hiyləgər jurnalistlər qəsdən lirəni manata çevirib başlıq atmışdılar. Yəni, bu cür “qabağa düşmək” alınmadı.
Anlayıram, normal yolla pul qazanmaq imkanı məhdud olanda insanlar istər-istəməz səhvən qazanmağa ümid edir. Təsadüfə, püşkə, bəxtə ümid bağlayır. “Poz, qazan” lotereyaları təsadüfən populyar olmur. Ya gərək “pozulub” – rüşvətə, yaltaqlığa, yalana qurşanıb qazanasan, ya da pozub.
Eyni zamanda, bir həftə işin olmayacağı ilə maraqlanan 113 min nəfər böyük ehtimalla büdcə zəhmətkeşləridir. Ta işsizlər iş təqvimi ilə maraqlanası deyil ki? İşsizlər səhvən kartına pul gəlməsini xəyal edir, işləyənlər də necə və neçə gün... işsiz qalmağı fikirləşir.
Neftçalanın bahalı plaş temasıyla dilə-dişə düşən icra başçısı da sətəlcəm olmasa yaxşıdır. İki gün qabaq rəsmi mərasimlərə... tək pencəkdə qatılmışdı. Hətta mənim, pis çıxmasın, ona yazığım gəldi. İndi bu adam xəstələnsə, Neftçala sakinləri üçün guya yaxşı olacaq? Hər şey niyə bir nəfərdən asılı vəziyyətdədir? Plaş heç, onu kütləvi hücumla cırıq-cırıq elədiniz, barı yığışıb, atışıb başçıya təzə libas alın.
Məsələn, Hans Kristian Andersenin “Kralın yeni libası” nağılındakı paltardan. Oxuyanların yadında olar, orda libasın şərtlərindən biri məhz belə idi: başıboş, küt, bacarmadığı işdə işləyənlər bu paltarı görə bilmirdi. Biz isə, maşallah, hamımız ağıllı və işgüzar adamlarıq. Sayın başçı istədiyi əyin-başla dolaşsın.






