İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş deputatın yarımçıq xoşbəxtliyi - Zamin Hacı YAZIR...

1714 01.02.2026 15:37 Yazarlar A A

Türkiyədə bir millət vəkili təzəlikcə ağlaşma-şivən qurmuşdu, deyirdi 500 min lirə maaşla dolana bilmir. Camaat bunu çox tənqid elədi, hətta bəzi məscidlərin girişində deputat üçün sədəqə yığma kampaniyası düzəltdilər. Doğrudan da, Türkiyədə minimum əmək haqqı 28 min lirədirsə, deputatın bunun 18 qatı qədər pul almağı haqlı narazılıq törədir, insanlar deyir ki, əgər sən 500 minlə yaşamağa çətinlik çəkirsənsə, biz 28 minlə nə edək.

Mən bu rəqəmləri Azərbaycandakı rəqəmlərlə müqayisə elədim. Bizdə deputatın gəliri 7500 manatdır, minimum əmək haqqı 400 manat. Maraqlıdır ki, burda nisbət təxminən Türkiyədəki kimi alınır, yəni, bizim deputatın maaşı da minimum maaşımızın 19 qatı qədərdir. Necə deyərlər, “bir millət-bir nisbət”. Deputatlara münasibətimiz oxşar imiş. Ac-yalavaclara və yetim-yesirlərə də.

Türk mediası həmin “ac deputatın” həyat və yaradıcılığını azca araşdıranda məlum olmuşdu ki, əslində bu, heç də kasıb adam deyil, ət-restoran şirkətləri varmış. Necə deyərlər, ətdi-mətdir, bu nə söhbətdir... Üstəlik, millət vəkili fəaliyyəti ərzində 1 dəfə də olsun Türkiyə problemlərini müzakirə etməyib, hər hansı qanun lahiyəsi hazırlamayıb və sairə. Yeganə çıxışı sizcə hansı məsələ barədə imiş? Əlbəttə, Qəzza barədə. Başqa nədən danışası idi? Qəzza zolağını bu saat dünyada ən çox düşünənlər türklərdir, biz də içində olmaq şərtiylə. Heç ərəblərin özünün vecinə deyil, Dubayda qızıldan küçə salmağa hazırlaşırlar.

Məstan müəllimin (türkiyəli həmin deputatın adı deyəsən belə idi) çətin güzəran yaşadığı bugünlərdə bizdə də Məcid müəllim adlı əski bir deputat məhkəməyə müraciət edibdir. Təsəvvür elə, əski deputatımız pensiyasından narazı imiş! İt ilində hansısa təsadüf nəticəsində (kimsə ölüb, yeri boş qalıb) bunu deputat qoyublar, amma növbədənkənar qoyulduğu üçün “iş müddətində” bir neçə ay kəm çıxır, ona görə tamştat deputat 6631 manat pensiya aldığı şəraitdə, bu, 5858 manat almalı imiş. Lakin idarə səhv hesablayıb, artıq pul ödəyiblər, indi onu geri alırlar – hər ay pensiyasından kəsirlər. Əski (köhnə, keçmiş anlamında) deputat da buna görə sosial müdafiə fondunu məhkəməyə vermişdir.

Bizdə yetim “seçicilərin” orta aylıq pensiyası 350-400 manat arasında dəyişir, 2026-da 500 manatı keçməsi proqnoz edilir. Ancaq deputat bunun 12 qat artığına narazılıq edir. Deyir 5900 manat yox, 6700 manat verməlisiniz. Yaxşı edirmi? Əlbəttə. Ağlamayana məmə yoxdur. Üstəlik, pensiya uğrunda savaşması onun əlavə gəlir və obyektlərinin olmadığına sübutdur. (Ehtimal edirəm, dəqiq bilmirəm). Hərçənd, Məcid müəllimin qısa müddətli deputat dövrünü də araşdıranda ortaya heç zad çıxmır. Məsələn, Google-də yeganə bu xəbər var ki, 2009-cu ildə deputatın Sumqayıtda rəhbərlik elədiyi kimya sahəsində fəhlələr pulsuzluqdan şikayətləniblər. Vəssalam, başqa xəbər yoxdur.

Təzəlikcə Qaradağın icra başçısı Süleyman müəllimi işdən çıxarıblar. Bu adam bəlkə də 60 ildir orda-burda icra başçısı olmağı ilə yadda qalıb, ancaq indi ölkə mediası baş sındırır ki, görəsən Süleyman müəllimi niyə çıxarıblar. Hərə ağlına gələn bir versiya yazır, biri deyir rayonda korrupsiya faktı tapılıb, başqası əhalinin şikayət elədiyini mızıldanır və sairə.

Sanki Süleyman müəllimi xalqa uğurlu xidmətinə görə işdən çıxartmalı imişlər! Nə avam qəzetçilər yetişib...

Hərçənd, əski zamanlarda da jurnalistikamız təxminən bu gündə olurdu. Məsələn, görürdün yazıblar: “Filan yerdə qəza baş verib, xoşbəxtlikdən insan tələfatı yoxdur”. Guya insanlar xoşbəxtlikdən tələf olmalıymış.  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR