Ukrayna ilə Rusiya arasında mümkün sülh sazişi üzrə prosesin vaxt çərçivəsi ilə bağlı yeni detallar açıqlanıb.
Musavat.com xəbər verir ki, Böyük Britaniyanın nüfuzlu Reuters agentliyi bu məsələ ilə bağlı fevral–mart və may aylarını əhatə edən planın müzakirə edildiyini yazıb.
Agentliyin öz mənbələrinə istinadən verdiyi məlumata görə, Ukrayna və ABŞ rəsmiləri Rusiya ilə sülh sazişinin layihə variantının mart ayınadək hazırlanmasını nəzərdə tutan qrafiki müzakirə ediblər. Planın növbəti mərhələsində isə həmin sənədin Ukraynada ümumxalq referendumuna çıxarılması planlaşdırılır.
Reuters-in məlumatında bildirilir ki, referendumun may ayında keçiriləcək seçkilərlə eyni günə salınması variantı da masadadır. Bu halda sülh sazişi Ukrayna cəmiyyətinin birbaşa qərarı ilə legitimləşdirilmiş olacaq.
Qeyd olunur ki, hələlik sazişin konkret şərtləri, eləcə də referendumun hüquqi mexanizmləri açıqlanmayıb. Prosesin taleyinin cəbhədəki vəziyyət, beynəlxalq danışıqların gedişi və siyasi razılaşmalardan asılı olacağı vurğulanır.
Musavat.com






