Almaniya kansleri Fridrix Mers Ukraynaya yardım məqsədilə dondurulmuş Rusiya aktivlərindən 210 milyard avronun istifadəsini gündəmə gətirməyə çalışsa da, həlledici anda əsas müttəfiqinin — Fransa prezidenti Emmanuel Makronun — dəstəyini ala bilməyib.
Musavat.com xəbər verir ki, bu barədə Financial Times yazır.
Qəzetin məlumatına görə, Paris rəsmi açıqlamalarda təşəbbüsə açıq etiraz etməsə də, pərdəarxası danışıqlarda Makronun komandası Fransa üçün tələb olunan maliyyə zəmanətlərinin “daşınmaz yük” olacağını bildirib. Nəticədə Fransa Belçika və İtaliya ilə eyni mövqedə dayanaraq planın qarşısını alıb.
“Makron Mersi satdı və bunun bədəlini ödəməli olacağını da bilir”, — deyə Financial Timesın mənbələrindən biri bildirib.
Nəşr vurğulayır ki, Fransa hazırda borc təzyiqi və daxili siyasi böhran içindədir. Bu fonda Mersin hakimiyyətə gəlişindən sonra Berlin daha sərt və fəal xətt götürüb: Almaniya müdafiə və infrastruktur üçün yüz milyardlarla avro xərcləməyə hazır olduğunu açıq şəkildə bəyan edir. Fransa isə getdikcə daha çox danışan, daha az edən ölkə kimi görünür.
Financial Timesın qənaətinə görə, bu epizod Avropanın aparıcı paytaxtları arasında dərinləşən strateji çatların yeni göstəricisidir.
Musavat.com






