İnsanlara hürriyət, millətlərə istiqlal!

“Komendant pulu” hökumətə keçir – Əhaliyə XEYRİ nə olacaq?

1744 14.01.2026 16:59 Sosial A A

Azərbaycanda daşınmaz əmlak sektorunun ən həssas yerlərindən biri – binaların idarə olunması və kommunal xidmət haqlarının yığılması məsələsi yenidən gündəmə gəlib. Onilliklərdir davam edən tikinti bumu paytaxtın simasını dəyişsə də, həm “köhnə”, həm də “yeni” binaların idarəetmə modelində ciddi xaos hökm sürür.

Sovet dövründə inşa edilmiş binalarda vəziyyət ziddiyyətlidir. Rəsmi olaraq 2009-cu ildən Mənzil Kommunal İstismar Sahələri (“JEK”) ləğv edilsə də, faktiki olaraq bu qurumlar hələ də mənzil haqlarını yığmaqda davam edir. Sakinlər lift, təmizlik və zibilin daşınması üçün mütəmadi ödəniş etsələr də, real mənzərə çox vaxt ürəkaçan olmur.

Mənzil Tikinti Kooperativləri (MTK) tərəfindən idarə olunan binalarda isə “komendant pulu” termini sakinlərin ən çox şikayət etdiyi mövzudur. Burada kommunal xidmət haqları (lift, mühafizə, işıqlandırma və s.) çox vaxt vahid tarif olmadan, binadan binaya dəyişən subyektiv qiymətlərlə yığılır. Hesabatlılığın yoxluğu, mənzil sahiblərinin idarəetmədə iştirak edə bilməməsi və ödənişlərin bəzən "ayrı-seçkilik" prinsipləri ilə yığılması sakinlərin narazılığını artırır.

Bu idarəetmə böhranı və qanunvericilikdəki boşluqlarla bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov mövcud vəziyyəti tənqid edib. Deputata görə, bina və komplekslərdə ümumi istifadədə olan lift, su nasosu, işıqlandırma, mühafizə və s. kimi ümumi istifadə olunan xidmət və invertarların idarə olunmasında yeni qanunvericilik yanaşması tətbiq olunmalıdır. Onun sözlərinə görə, sakinlərin MMMC yaradaraq binanı idarəetmək üçün təşkilatlanması mexanizmi hazırkı şəraitdə işlək deyil.

Qanunvericilikdəki prosedurların ağırlığına toxunan millət vəkili alternativ model təklif edir: “Komitədə təklif verəcəm. Kommunal xidmət ödənişlərinin yığılması və xidmətin göstərilməsi üçün vahid publik hüquqi şəxs yaradılması məqsədəmüvafiqdir. Belə olan halda inzibati məsuliyyət vətəndaşı məcbur edəcək ki, vaxtında ödəniş etsin”.

Bəs ekspertlər nə deyir, bu sahəyə nəzarət dövlətə verilsinmi?

Tanınmış vəkil Cavad Cavadov Musavat.com-a deyib ki, Azərbaycanda daşınmaz əmlak sahəsində illərdir davam edən idarəetmə xaosu bir daha gündəmə gəlib:

“Bu dəfə əsas diqqət MTK tərəfindən idarə olunan binalarda toplanan “komendant pulu” və kommunal xidmət haqlarının qeyri-şəffaflığı üzərindədir. Sakinlərin şikayətlərindən göründüyü kimi, bu pul, sadəcə, sənəd üzərində olur, yaxud idarəedici şəxslərin şəxsi maraqlarına xidmət edir”.

Vəkili Cavad Cavadov “Abzas Media işi” üzrə həbs olunan iqtisadçı Fərid Mehralızadənin məhkəməsində çıxış edib

Cavad Cavadov qeyd edib ki, sovet dövründə inşa edilmiş binalarda kommunal xidmət haqlarının idarə olunması bir qədər aydın idi:

“JEK”lər vasitəsilə, rəsmi tariflər üzrə ödənişlər həyata keçirilirdi. 2009-cu ildə “JEK”lərin ləğvi əslində bu sistemin formal olaraq bitməsi demək idi, amma faktiki olaraq, bir çox sahədə köhnə vərdişlər və qanunsuz praktika hələ də qalır. Lift, işıqlandırma, təmizlik və zibil daşınması üçün ödənilən pullar isə çox vaxt ortada itir. Yeni binalarda isə vəziyyət daha mürəkkəbdir. MTK-lərdə toplanan “komendant pulu” və kommunal xidmət haqları vahid tarifə tabe deyil, bəzən binadan-binaya dəyişir, sakinlər arasında ayrı-seçkilik və hesabatsızlıq müşahidə olunur. Bu, həm hüquqi, həm də mənəvi baxımdan əhaliyə ciddi yük və MTK-ya etibarsızlıq yaradır”.

Müsahibimiz hesab edir ki, alternativ model kimi təklif edilən kommunal xidmət haqlarının yığılması və xidmətin göstərilməsi üçün vahid publik hüquqi şəxs yaradılması ideyası maraqlıdır:

“Bu yanaşma inzibati məsuliyyəti aydınlaşdırır, vətəndaşı vaxtında ödəniş etməyə məcbur edəcək. Əgər bu faktiki elə həmin sovet dövrünün “JEK”i olacaqsa, o şəkildə fəaliyyət göstərəcəksə, bunun sakinlərə xeyri az olacaq. Bundansa, çoxmənzilli binalarda yaşayan sakinlərə özlərinin idarə etdiyi Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətləri (MMMC) daha effektiv fəaliyyət göstərə bilər”.

Cavad Cavadov deyib ki, hazırda MTK-lərin fəaliyyəti tam nəzarətsiz və hesabatsızdır:

“Şəffaflıq olmadan, vətəndaşın hüquqları qorunmadan hər hansı idarəetmə mexanizmi formal xarakter daşıyır. Vahid publik hüquqi şəxsin yaradılması isə bu sahəyə dövlətin nəzarətini gücləndirə bilər, idarəetmədə sui-istifadənin qarşısını alar. Lakin burada vacib nüans var. Dövlət nəzarəti avtoritar yox, şəffaf və hesabatlı mexanizm şəklində olmalıdır. Yoxsa vətəndaşlar yalnız əlavə vergi və ödəniş yükü altında qalacaq. Hər bir manatın haraya xərcləndiyi açıq və sənədləşdirilmiş olmalıdır. Bu, həmçinin “komendant pulu”nun qanunsuz yığılmasının qarşısını alar. Sakinlər ödədikləri hər manat qarşılığında real xidmət almalıdırlar. Əks halda “komendant pulu” sadəcə dövlət büdcəsinə keçən formal ödənişə çevriləcək, vətəndaş isə mənzil və kommunal xidmətlər üzərində nəzarətsiz qalmış olacaq”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR