Rusiya Ukraynada apardığı müharibənin dördüncü ilinə girərkən cəbhədə texnika, əsgər çatışmazlığı da getdikcə daha açıq hiss olunur. Minlərlə kilometr uzaqda aparılan döyüşlərin ən səssiz və ən faciəli tərəfi isə Kreml üçün “idxal edilən” insan həyatlarıdır. Bu həyatların çoxu yoxsul Afrika kəndlərindən, Asiya şəhərciklərindən, postsovet respublikalarının kasıb məhəllələrindən və təəssüf ki, Azərbaycan ailələrindən gəlir.
Musavat.com xəbər verir ki, Latviyada fəaliyyət göstərən rusdilli araşdırma nəşri İmportant Stories-in üzə çıxardığı sənədlər Kremlin bu “canlı qüvvə siyasətinin” yeni mərhələyə keçdiyini göstərir. Sən demə, Moskva artıq hər kəsi ölümə göndərmir. Əksinə, özünün “dost” adlandırdığı ölkələrin vətəndaşlarını qorumağa başlayıb.
Araşdırmaya görə, rusiyalı hərbi işəgötürənlərə təxminən 40-dan çox ölkənin vətəndaşlarını müqavilə ilə orduya cəlb etmək qadağan edilib. Siyahıya Çin, Hindistan, Türkiyə, İran, Braziliya, Kuba, Venesuela, Cənubi Afrika kimi Moskvanın açıq şəkildə tərəfdaş saydığı ölkələr daxildir. Bu qərarın səbəbi humanizm deyil. Bu, sırf diplomatik hesablamadır.
Hindistan, Nepal, Şri-Lanka, Keniya və digər ölkələr yüzlərlə vətəndaşlarının Ukrayna cəbhəsində öldüyünü görəndən sonra Moskva qarşısında sərt tələb qoydular: “Bizim vətəndaşlarımızı ölümə göndərməyin”. Bundan sonra Kreml geri çəkilib.
Ukrayna mənbələrinin məlumatına görə, Rusiya indiyədək 10 mindən çox xarici vətəndaşı müharibəyə cəlb edib. Onların arasında minlərlə Mərkəzi Asiya vətəndaşı, yüzlərlə Afrika sakini, Latın Amerikası və Cənubi Asiyadan gətirilən döyüşçülər var.
Onların əksəriyyətinə yüksək maaş, vətəndaşlıq vəd edilir. Amma reallıq fərqlidir, çoxu ön xəttə göndərilir, əksəriyyəti geri qayıtmır.
Rusiya öz vətəndaşını qoruyur, başqa ölkə vətəndaşlarının həyatını xərcləyir.
Ən narahatedici məqam isə budur: həmin siyahıda Azərbaycanın adı yoxdur.
Bu o deməkdir ki, rusiyalı işəgötürənlər Azərbaycan vətəndaşlarını cəlb etməkdə sərbəstdirlər. Heç bir diplomatik məhdudiyyət, heç bir siyasi qoruyucu mexanizm yoxdur.
Artıq bir neçə ildir ki, bu proses müxtəlif kanallarla aparılır:
– Rusiyada yaşayan azərbaycanlı miqrantlara müqavilə təklif olunur;
– sosial şəbəkələrdə reklam xarakterli çağırışlar yayılır;
– Qarabağ müharibəsi veteranları və keçmiş hərbçilərlə əlaqə qurulur;
– borcu olan, işsiz və sosial çətinlik yaşayan şəxslər xüsusi hədəfə çevrilir.
Məlumatlara görə, Azərbaycandan cəlb olunanların sayı artıq yüzlərlə ölçülür.
Bəzisinin taleyi isə ümumiyyətlə məlum deyil, bəzilərinin isə öldürülməsi barədə məlumat var. Bu müharibə Azərbaycanın müharibəsi deyil. Amma onun qurbanları arasında azərbaycanlılar var. Azərbaycan hüquq-mühafizə orqanları artıq rəsmi xəbərdarlıq edib: xarici orduda muzdlu kimi iştirak cinayətdir və həbs cəzası nəzərdə tutulur. Son aylarda bu ittihamla bir neçə nəfər saxlanılıb. Lakin əsas problem Rusiyanın işə qəbul mexanizminin hələ də aktiv olmasıdır. Kreml “dost” saydığı ölkələrin vətəndaşlarını qoruyur. Azərbaycan isə həmin siyahıda yoxdur.
E.Məmmədəliyev,
Musavat.com






