İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlin “təbliğat köpəkləri” HƏRƏKƏTLƏNDİ - Putin kimi qorxudur...

1186 19.01.2026 11:23 Region A A

Xəbər verdiyimi kimi, Rusiya Prezident Administrasiyası xüsusilə Ermənistan daxil, “yaxın xaric” ölkələrində qrant maliyyələşdirilməsi yolu ilə “yumşaq güc”ün genişləndirməyi planlaşdırır. Bu məqsədlə hazırlanan layihənin büdcəsi təxminən 13 milyard rubl - 165 milyon dollardır. Layihənin icrasına Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko nəzarət edəcək.

Musavat.com yada salır ki, 2025-ci ilin mayında “Vedomosti” qəzeti Kiriyenkoya 2026-cı il parlament seçkilərindən əvvəl Ermənistanda “yumşaq güc” vasitəsilə Rusiyanın maraqlarını koordinasiya etmək tapşırıldığını bildirmişdi. RBC mənbələrinə görə, layihə doqquz MDB ölkəsində, eləcə də Afrikada və digər bölgələrdə həyata keçiriləcək, lakin 2026-cı ildə əsas diqqət Ermənistana yönələcək.
Prezident Administrasiyasının maliyyələşdirilməsinə əlavə olaraq, layihəyə “Rossotrudniçestvo”, MDB İşləri üzrə Federal Agentlik və digər qurumların da cəlb edilməsi gözlənilir. 

Russia's Establishment Turns Militant on Ukraine - CEPA

Layihənin Ermənistandakı potensial məqsədlərindən biri yayda planlaşdırılan seçkilərdən əvvəl baş nazir Nikol Paşinyana qarşı müxalifəti dəstəkləməkdir. Paşinyanın Rusiya ilə ikitərəfli münasibətləri davam etdirməsinə və 2025-ci ildə ölkəyə səfər etməsinə baxmayaraq, bir sıra rusiyalı şərhçilər onun siyasətini tənqid edərək Ermənistan hökumətində və xarici siyasətdə dəyişikliklərə ehtiyac olduğunu qeyd ediblər. Son aylarda Rusiya və Kremlyönlü mənbələrdən Ermənistana qarşı dezinformasiyanın artdığı müşahidə olunur. Az öncə Kremlə bağlı telejurnalist Vladimir Solovyov hətta Ermənistanı “xüsusi hərbi əməliyyat”la hədələmişdi.

Rusiya xüsusən də parlament seçkiləri ilində bu yolla Ermənistanda öz hədəfinə nə dərəcədə yaxınlaşa biləcək?

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli Musavat.com-a qeyd edib ki, Azərbaycan və Türkiyə Rusiyanın Ermənistandakı planlarını pozmaqdadır. Onun fikrincə, sülh yolunda atılan addımlar, Paşinyanın da daxili siyasətdə rolunu gücləndirən benzin göndərilməsi və tranzit qadağasının ləğvi Kremlin çevriliş hədəflərini suya düşürməkdədir: “Rusiya bir sıra ölkələrdə müxtəlif layihə adı ilə özünün təbliğatını həyata keçirir. Ermənistanda bunun üçün daha əlverişli imkanlar var. Çünki bu ölkə uzun illər onun forpostu olub. Nəticədə Rusiyanın ictimai-siyasi təsirləri Ermənistanda dərin qatlara işləyib. Paşinyan 7 ildə bir çox mərhələləri keçib və xeyli təmizləmələr aparıb. Amma hələ də Rusiyanın təsirləri qalmaqdadır. Bu “kolon” isə erməni cəmiyyətinin gözündən düşüb. Onlar müxalifət, kilsə və rusbaş qüvvələrdir. Hakimiyyətin təbliğatı və ermənilərə sülh vədi təbii ki, Kremlin mövqeyini sarsıdıb. Ona görə də hər hansı nəticələr gözləmirəm”.

Paşinyan Rusiyanın göndərdiyi təhlükəli milyarder barədə fakt açdı... -  Baki-Xeber.com

Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev isə hesab edir ki, Rusiyanın hazırlıqlarına ciddi yanaşmaq lazımdır. Onun sözlərinə görə, Ermənistanda siyasi hakimiyyət dəyişikliyi Azərbaycanın maraqlarına cavab vermir: “Çünki Rusiyanın adamının iqtidara gəlməsi prosesləri poza bilər. Əlbəttə, Trampın imzası olan bir sənədin etibarsız sayılması mümkün deyil. Sadəcə, sülh quruculuğunda temp aşağı düşəcək, müxtəlif bəhanələr tapılacaq, araya gərginlik salmaq üçün yeni oyunlar meydana atılacaq. Bu da Rusiyanın istəklərinə uyğundur. Rusiya Azərbaycan və Ermənistanı öz peykində saxlamaq üçün bu dəfə də sülh müqaviləsi, eləcə də Zəngəzurla bağlı yeni hiyləgər addımar atmağa çalışacaq. Buna da biz imkan verməməliyik”.


Emil Salamoğlu
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR