İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlin və Kirillin BÖYÜK yalanı – Zelenski qəfil seçkiyə getsə...

899 17.12.2025 12:35 Yazarlar A A

Rus Pravoslav Kilsəsinin başçısı patriarx Kirill insanlıq anlayışı ilə uyuşmayan qəribə açıqlama verib. Deyib ki, ruslar bu gün “son dərəcə firavan bir dövrdə yaşayırlar, çünki Vladimir Putin çar dövrlərindən bəri ilk pravoslav prezidentdir”.

Patriarx bu xüsusda sevincini gizlətməyib. “Bəzən hətta düşünürsən: ilahi, bu doğrudanmı gerçəklikdir? Ona görə də yaşadığımız ölkəyə görə də, açığını deyim, hakimiyyətə görə də… və əlbəttə ki, bu gün Rusiyanın gördüyü bütün işlərə görə də Allaha minnətdar olmalıyıq”, - Kirill sanki vəcdə gələrək əlavə edib.

Ekzotik sözlərdir. Allah, əstəğfürullah, sən demə zalımları da mükafatlandırırmış. Təbii ki, ağ yalandır, nədən ki, bu cür düşünməyin özü belə, Yaradanın fitrətinə, onun göndərdiyi səmavi kitabların fəlsəfəsinə daban-dabana ziddir...

Adamdan soruşan gərək ki, heç Allaha inanan, ondan qorxan pravoslav prezident də pravoslav və dilbir xalqın başına 4 ildir od ələyər? Cənab Kirill bu barədə heç düşündümü? Ukraynalı uşaqların oğurlanması, dinc insanların, özəlliklə körpələrin, bütöv ailələrin məhv edilməsi, xəstəxanaların, doğum evlərinin, cərrahiyyə otaqlarının qışın günündə işıqsız, istiliksiz qoyulması bir Allah adamı kimi onun vicdanını heçmi sızıldatmadımı?

Axı onlar da pravoslavlardır. Yoxsa Kirill ukraynalıları kafir, bunca qəddarlığı da “firavanlıq təzahürü” sayır? Bu yerdə patriarxa kiçik xatırlatma: uşaqların oğurlanmasına görə Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın prezidentinə və ombudsmanına qarşı cinayət işi açıb və onları beynəlxalq axtarışa verib...

Qayıdaq Rusiya təcavüzü səbəbindən başı bəlalar çəkməyə davam edən Ukraynaya. Məlumat gəlib ki, prezident Volodimir Zelenski Ali Radaya hərbi vəziyyət şəraitində seçki keçirməyin mümkünlüyü ilə bağlı qanun layihəsi hazırlamağı tapşırıb.

Qeyd olunur ki, təşəbbüs əslində əsasən siyasi xarakter daşıyır və Trampın ölkədə seçki keçirilməməsi ilə bağlı açıqlamalarına cavabdır. Səsvermənin keçirilməsi ilə bağlı hələlik real qərar yoxdur, çünki bu, hərbi fəallığın azaldılmasını tələb edəcək.

“Bild” isə yazıb ki, Zelenski Amerika təmsilçilərinə sülh müqaviləsinin imzalanmasından sonrakı 100 gün ərzində seçkilər keçirməyə hazır olduğunu bildirib. Ən son sorğulara görə, ukraynalıların 61%-i Volodomor Zelenskiyə etibar edir, eyni zamanda, əksəriyyət seçkilərin yalnız müharibə bitdikdən sonra mümkün olacağına inanır...

Rusiya əlbəttə, Zelenskinin tezliklə və hər hansı yolla hakimiyyətdən getməsini və ya uzaqlaşdırılmasını arzulayır. Hətta Kremlin Vaşinqtonla danışıqlarında bir gizli hədəf də Zelenskini daima Trampın qəzəbində saxlamaqdır. Ukraynaya hərbi müdaxilənin başlıca məqsədlərindən biri də elə bu olub – legitim hakimiyyəti devirmək.

Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova isə iddia edir ki, guya Zelenski hakimiyyətdə qalmağa can atır, lakin onun “qanuni şəkildə yenidən seçilmək şansı yoxdur”. Sual yaranır: hardan bilirsən? Ukrayna seçicilərinin ürəyinimi oxumusan?..

Bu, həmin Zelenskidir ki, Rusiya onu bir həftəyə aşırıb yerinə öz marionetini oturtmaq istəyirdi. Plan fiasko oldu. Üstəgəl, adam 4 ilə yaxındır öz xalqını, kollektiv Qərbi yanına alıb “Rus ayısı”na, total haqsızlığa və zülmə qarşı mərd-mərdanə mübarizə aparır, dirənir. Ona rəğbət yalnız arta bilər.

Zaxarova bəlkə korrupsiya qalmaqalına işarə edir? Mənasız ümiddir. Əminik ki, bu məsələdə Ukrayna liderinin azacıq əli varsa, o seçkiyə qatılmayacaq. Rəy sorğuları isə onun reytinqinin aşağı olmadığını göstərir. Deməli, ukraynalılar ittihamı ciddi qəbul eləmir...

Hərgah Zelenskinin seçkidə əsas rəqiblərindən sayılan Londondakı səfir, keçmiş Baş Komandan Valeri Zalujnının da nüfuzu aşağı sayılmaz. Ancaq maraqlıdır ki, Zaliujnı Rusiya işğalı, sülh, Donbas məsələlərində tamamən Ukrayna prezidentinin mövqeyindədir. Hətta daha sərt açıqlamalar verir. Bu da o anlama gəlir ki, Zelenksiyə ictimai dəstək yerindədir və boşuna deyil.

Odur ki, Rusiya rəsmiləri, eləcə də patriarx Kirillin timsalında onun “din xadimləri” arzularını reallıq kimi qələmə verməməkdənsə, öncə danışdıqlarına diqqət eləsinlər və ən əsası, Allahdan qorxsunlar. Ola bilməz ki, qovan da, qaçan da haqlı olsun. Onlardan biri günah yiyəsi. Kim? Hamı bilir. Erməni işğalının yekunu isə göstərdi ki, Uca Yaradan gec edər, amma güc edər...

Z. SƏFƏROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR