İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlin yeni oyunu: saxta müqəddəslərlə real müharibə

571 29.01.2026 15:29 Dünya A A

Rusiya Pravoslav Kilsəsi son dövrlər “Novorossiyanın müqəddəsləri” adı altında yeni bir ideoloji kampaniyaya start verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, rəsmi şəkildə kanonlaşdırılmamış (yəni müqəddəs elan edilməmiş-red.) şəxslər “saleh”, “uzaqgörən” və “peyğəmbər” kimi təqdim olunur, onların adından guya Rusiya ordusunun qələbəsini müjdələyən fikirlər yayılır.

Bu “müqəddəslər” haqqında proqramlar kilsəyə bağlı televiziya kanallarında yayımlanır, üzləri təsvir olunan ikonalar cəbhəyə göndərilir, onların “proqnozları” isə federal mediada tirajlanır. Məqsəd isə açıqdır: işğal olunan ərazilərlə Rusiya arasında “mənəvi bağ” yaratmaq və müharibəni dini çərçivəyə salmaq.

Təbliğatın əsas fiqurlarından biri Odessalı qoca İonadır. Rəsmi mənbələr onu “Ukraynada pravoslavlığın vicdanı” kimi təqdim etsə də, o, vaxtilə kilsə daxilində belə marjinal sayılıb, radikal baxışları və qalmaqallı davranışları ilə tanınıb. Buna baxmayaraq, bu gün ona Rusiya ordusunun “qələbə peyğəmbəri” rolu verilib.

Digər nümunə Luqansklı Filippdir. Kilsəyə bağlı “Spas” kanalı onu “müqəddəs” kimi təqdim edir. Halbuki rəsmi pravoslav mənbələr onu sektant adlandırıb və kanonlaşdırılmadığını təsdiqləyib. Onun “vətənpərvər obrazı” isə yalnız ölümündən sonra yaradılıb.

Təbliğatda tez-tez xatırladılan başqa bir şəxs — Zosima Sokurdur. Onun “proqnozları” hətta Kremlə qədər çatdırılıb. Lakin bu iddiaların əksəriyyəti ya təsdiqlənmir, ya da artıq özünü doğrultmayıb.

Bütün bu fiqurların “müqəddəs” kimi təqdim edilməsi müharibənin əsaslandırılması üçün istifadə olunur. Rusiya Pravoslav Kilsəsinin rəhbərliyi “Müqəddəs Rusiyanın vahid məkanı”ndan danışaraq, onun silahla qorunmalı olduğunu bildirir. Kilsəyə bağlı kanallar isə Donbasda guya “təhdid altında olan müqəddəsliklər” barədə reportajlar hazırlayır.

Z-keşiş Andrey Tkaçev isə “Mariupollu Müqəddəs İqnatiy” barədə ayrıca proqram hazırlayaraq, Donbasda “heç vaxt ukraynalıların yaşamadığını” sübut etməyə çalışır.

Müşahidəçilərin fikrincə, Rusiya kilsəsinin bu fəaliyyəti dini inancları siyasi və hərbi məqsədlərə tabe etdirməyin açıq nümunəsidir. Saxta “müqəddəslər”, uydurma “peyğəmbərliklər” və manipulyasiya olunmuş tarix vasitəsilə müharibə cəmiyyətə “müqəddəs missiya” kimi təqdim edilir.

Beləliklə, Kreml üçün cəbhədə tank və raketlər yetərli olmadıqda, bu dəfə “müqəddəslər” də səfərbərliyə cəlb olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR