Fransanın ifrat sağçı siyasətçisi Marin Le Pen 2027-ci il prezident seçkiləri kampaniyasına elektron nəzarət qolbağı olmadan başlayacaq.
Musavat.com xəbər verir ki, bu barədə Paris Apellyasiya Məhkəməsinin sədri Mari-Süzann Le Keo TF1 telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, Le Penin işi üzrə Kassasiya Məhkəməsində baxış davam etdiyi üçün Apellyasiya Məhkəməsinin qərarı hələlik icra olunmayacaq.
"Marin Le Pen seçki kampaniyasına elektron qolbaq olmadan başlayacaq", – deyə Le Keo bildirib.
O əlavə edib ki, əgər Kassasiya Məhkəməsi prezident seçkilərindən əvvəl qərar qəbul etsə, Le Pendən kampaniyanın sonuna qədər elektron qolbaq taxması tələb oluna bilər.
Le Keo vurğulayıb ki, hazırda Le Pen hüquqi baxımdan günahsız hesab olunur və digər məhkumlarla eyni hüquqi statusa malikdir.
Marin Le Pen 7 iyulda prezidentliyə namizədliyini rəsmən elan edərək qərarından geri çəkilməyəcəyini bildirib.
Qeyd edək ki, Paris məhkəməsi 2025-ci il martın 31-də Le Peni və daha səkkiz keçmiş Avropa Parlamenti deputatını parlament vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsində təqsirli bilmişdi. Məhkəmə ona 3 il həbs cəzası təyin edib. Bunun 2 ili şərti, 1 ili isə elektron nəzarət qolbağı ilə əvəz oluna bilər. Bununla yanaşı, Apellyasiya Məhkəməsi Le Penə dövlət vəzifələrinə seçilmə qadağasını 5 ildən 45 aya endirib. Həmin müddətin 15 ayı artıq keçdiyindən siyasətçi 2027-ci il prezident seçkilərində namizəd olmaq hüququnu bərpa edib. Le Pen bu qərardan da Kassasiya Məhkəməsinə şikayət verib.
Musavat.com






