Çin Macarıstanla uzunmüddətli strateji tərəfdaşlığını gücləndirmək niyyətindədir.
Musavat.com xəbər verir ki, bunu Çin Xarici işlər naziri Vanq Yi Macarıstanın Baş naziri Viktor Orbanla görüşdən sonra deyib:
"Çin uzunmüddətli perspektivdə Macarıstanın etibarlı strateji tərəfdaşı olaraq qalacaq. Hörmət, bərabərlik və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan Çin-Macarıstan münasibətləri güclü daxili impulsa və geniş inkişaf perspektivlərinə malikdir".
Xarici işlər naziri Çinin Macarıstanın birgə inkişafa sadiqliyini alqışladığını və onun suverenliyinin və təhlükəsizliyinin qorunmasına kömək etməyə hazır olduğunu bildirib. O, Macarıstanın əsas maraqlarına təsir edən məsələlərdə Çini dəstəkləməyə davam edəcəyinə ümid etdiyini bildirib.
Vanq Yi Çin Prezidenti Si Cinpinin salamlarını Orbana çatdırıb. Nazir qeyri-sabit beynəlxalq vəziyyətə baxmayaraq, iki ölkə arasındakı dostluq münasibətlərinin və əməkdaşlığının dəyişməz qalacağını təsdiqləyib. O, bunun hər iki tərəfin fundamental maraqlarına tam uyğun olduğunu bildirib. Orban isə Macarıstanın "vahid Çin" prinsipinə sadiqliyini bir daha təsdiqləyib və Çin investisiyalarını cəlb etməkdə maraqlı olduğunu bildirib.
Qeyd edək ki, Donald Tramp müxtəlif ölkələrin Çinlə iqtisadi-siyasi yaxınlaşmasını yaxından izləyir. O, artıq Böyük Britaniya və Kanadaya Çinlə ticarət əlaqələrinə görə sərt xəbərdarlıq edib.
Musavat.com






