“Klounun deşik corabı geyinməyə yalnız səhnədə haqqı çatır”
(“Klounun həyatından 24 saat” filmindən, 1945-ci il, rejissor Jan Melvill)
Son günlər mədəniyyət sferamızda qəribə əhvalatlar baş verir: manıslar etirazlara qalxmışlar. Açığı, bunun dövlətçiliyimiz baxımından zərərli hal olduğunu düşünürəm. Ortada tarixi təcrübə vardır. Məsələn, 90-cı illərdə sayın sənətkarlarımızdan Flora xanım və Akif müəllim AXC-Müsavat cütlüyünün təsiri altına düşmüşdülər. Nəticədə milli musiqi sənətimizə sağalmaz ziyan vuruldu: Flora xanım və Akif müəllim hətta müxalifətin mitinqlərində üsyan püskürürdülər. Haqqın yoluna gəlmələri üçün hökumətimiz çox əziyyət çəkmişdi. Allaha şükür, daha şeytana uymurlar.
İndi də təxminən oxşar prosesləri müşahidə edirik. Məncə, bu, ilk növbədə muğam müsabiqəsində başlandı. Orada kiməsə birinci yeri verməmişdilər. Deyirdilər tapşırıq, dayday-filan olub.
Açığı, şəxsən mən muğamatdan heç zad qanmıram, nə gizlədim. Bir köhnə qarabağlı olaraq bundan xəcalət çəkirəm. O səbəbdən, muğam müsabiqəsində jürilik edənlərə, Vasif müəllimin sözü olmasın, qibtə edirəm. Axı kimin Segah, kimin Rast oxuduğunu necə ayırd edirlər? Zabul nədir, Çahargah necə olur, Hicazla Ovşarının fərqi nədir? (Bunları da Vikipediyadan tapdım, yoxsa adlarını belə dəqiq bilmirəm). Hələ orada boğaz, zəngulə, nə bilim, zilə qalxıb bəmə düşmək kimi prosedurlar vardır. Bunu necə qiymətləndirəsən? Yağ deyil, ət deyil...
Əslində indi yadıma düşdü, daha dərin narazılıq musiqi məktəblərində attestasiya zamanı başlanmışdı. O zaman xeyli mənim kimi musiqi qanmayan musiqi müəllimini ixtisar eləmişdilər. Bu yaxında da o tema deputatlar arasında qalxmışdı. Biri dedi not oxuya bilməyən musiqi müəllimi var, başqası musiqi məktəbinin ekskursiya avtobusunun olmadığını söylədi və sairə. Yəni bu sahədə problem çoxdur. Ancaq mənim şəxsi fikrimi bilmək istəsəniz, respublikada 300-dən çox dövlət musiqi məktəbinin olması özü-özlüyündə absurddur. Niyə bizim uşaqlar incəsənətin ancaq çalıb-oxumaq, oynamaq növləri üzrə dərs alır? Niyə 300 musiqi məktəbinin yanında 3 dənə teatr məktəbi, 4 dənə kino məktəbi, nə bilim, 5-6 dənə şeir, hekayə yazmaq məktəbləri olmasın? Bu şeylər olmadığı üçün mətn oxuya bilməyən, müstəqil düşüncəsi, təfəkkürü olmayan, ünsiyyətdən qaçan, tərbiyəsiz, bir-birini bıçaqlayan gənclər yetişir.
Manıslarımızın əsas problemi isə sən demə, dövlətin rəsmi tədbirlərinə dəvət almamaqları imiş. Deyirlər bizi Qarabağdakı konsertlərə aparmırlar. Bulvarda da səhnəyə qoymurlar və sairə. Nazirlik isə təkzib edir, deyir dəvət eləyirik, gəlmirlər.
Kim haqlıdır, bu mənə maraqlı deyil. Sivil dünyada əslində manıs mümkün qədər hökumətdən uzaq qaçır. Vergiləri ödəməmək, öz tamaşaçılarını, fanatlarını itirməmək üçün və başqa səbəblərdən. Hətta bəziləri gedib başqa dövlətlərdən vətəndaşlıq-zad alırlar. Əlbəttə, biz yarlı-yaraşıqlı milli manıslarımızı itirmək istəməzdik. Ona görə hökumət zəruri tədbirlər görməlidir. Manıs üsyanı vaxtı deyil. Bizi qarşıda ciddi geopolitik tədbirlər gözləyir. Sabah dəhlizin açılışında kim oxuyacaq?
Mən bir tədbiri yazım, yoxsa “ancaq tənqid edir, təklif vermir” iradı ilə üzləşməli olaram.
Fikrimcə, milli manıslarımızın “döşü medal üçün qəribsəyibdir”. Axırıncı dəfə 2024-cü ilin yayında cəmi 1 nəfərə Azərbaycanın xalq artisti adı verilib, o da özbəkistanlıdır, “Yalla” qrupunun solisti Fərrux müəllim (bu anda bütün homo-sovetikusların beynində “Uçkuduk, tri kolodsa” melodiyası səslənməlidir). Əməkdar artist adı lap uzaq 2021-ci ildə verilib. Hər gün hansısa xalq, əməkdar artistləri ölür, yerinə gələn isə yoxdur. Məncə, toplu halında bu adlar yenidən verilsə, gölməçədə sakitlik bərqərar olar.
İndi söz əlaqədar təşkilatlarındır.






