İnsanlara hürriyət, millətlərə istiqlal!

Mehdiabadda biabırçılıq: Şagirdlər su damcılayan avtobuslarla dərsə aparılır - VİDEO

15386 12.12.2025 18:23 Sosial A A

Mehdiabad qəsəbəsi 1 saylı tam orta məktəbin şagirdləri aylardır yağış sızdıran, yararsız vəziyyətdə olan avtobuslarla dərsə gedirlər.

Bu barədə Musavat.com-a şagirdlərin valideynləri müraciət ediblər.

Bildirilib ki, məktəb yay aylarından təmirə bağlandığı üçün uşaqlar müvəqqəti olaraq qəsəbənin 5 saylı məktəbinə köçürülüb və hər gün servis avtobusları ilə daşınırlar.

Valideynlərin iddiasına görə, həmin avtobuslar o qədər köhnədir ki, yağışlı havalarda içəriyə su dolur:

“Sonuncu dəfə avtobusdan şırhaşır su axırdı. Uşaqlarımız evə su içində gəldi. Direktor Pənah Babayevə dedik ki, avtobus damır, uşaqlar xəstələnib. Bizə “xəstələnibsə, müalicə etdir, sonra gətir” dedi. Üstəlik, şikayət etsək, uşağımızı məktəbdən qovacağı ilə hədə-qorxu gəldi”.

35ab29cf-66de-4663-8c48-38cd6c42335c.jpg (23 KB)

Valideynlərin sözlərinə görə, yağış zamanı servis avtobusları “su gəlməçəsinə” çevrilir. Uşaqlar avtobusdan düşdükdən sonra isə əlavə çətinlik yaşayırlar:
“Uşaqlar o vəziyyətdə yarım saat 5 saylı məktəbin həyətində gözləyirlər ki, oranın şagirdləri dərsdən çıxsın və siniflər boşalsın. Belə şəraitdə bizdən tələb olunur ki, uşaqları hər gün dərsə gətirək. Xəstələnəndə isə məsuliyyəti öz üzərimizə atırlar”.

Valideynlər yaranmış vəziyyətin aradan qaldırılması üçün aidiyyəti qurumların məsələyə müdaxilə etməsini istəyirlər.

Musavat.com məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.

Şahanə Rəhimli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR