Səbail rayonunda yerləşən evdə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın qazı kəsilib.
Musavat.com xəbər verir ki, Mehriban Zeynalova bildirib ki, "Azəriqaz" əməkdaşları evə gəlib qapını döyüblər, lakin onun nəvəsi qorxduğu üçün qapını açmayıb. Daha sonra qaz əməkdaşı evin qazını plomb vuraraq kəsib.
Mehriban Zeynalova borcu olmadığı halda bu cür addımın atıldığını iddia edib:
"Dünən qapıya bildiriş qoyulub, bu gün isə dərhal qaz kəsilib. Bu cür yanaşma insanı məyus edir. İllərdir yaşayış olan, sakinlərinin tanındığı bir evin qazını borc olmadığı halda kəsmək heç bir vətəndaşlıq anlayışına sığmır. Azı 2-3 gün səbr göstərmək olardı. Evdə müvəqqəti olaraq yaşamaya da, vətəndaş işlə bağlı evdə olmaya bilər."
Mehriban Zeynalova əlavə edib ki, qaynar xəttə zəng etmələrinə baxmayaraq, artıq 1 saatdır telefon məşğuldur. Qazı kəsən əməkdaş isə sakinlərə yalnız "gedib ərizə yazın, sonra qaz açılacaq" deyib.
Məsələ ilə bağlı Musavat.com “Azəriqaz” İstehsalat Birliyinin mövqeyini öyrənib. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib:
""Azəriqaz" İstehsalat Birliyi artıq ikinci ildir ki, fərdi yaşayış evlərində və mənzillərdə texniki müayinələri həyata keçirir. Texniki müayinələrin əsas məqsədi odur ki, texniki şərtin ilkin mərhələsindən kənara çıxma halları müəyyən edilsin. Yəni mətbəxlərin yerinin dəyişdirilməsi, kustar üsulla boru xətlərinin çəkilməsi və eyni zamanda texniki şərtlərdə nəzərdə tutulan qaz cihazlarından, avadanlıqlarından istifadə olunması, vanna otaqlarında qaydaların lazımi səviyyədə təmin olunub-olunmaması kimi məsələlər təftiş edilir.
Qaydalara əsasən, Azəriqaz İstehsalat Birliyi əvvəlcədən abonentlərə müraciət edir. Mehriban Zeynalova da etiraf edir ki, əvvəldən ona müraciət edilib. Əgər mənzilə texniki baxışın keçirilməsinə abonent imkan və şərait yaratmırsa, Nazirlər Kabinetinin 80 saylı qərarına əsaslanaraq, həmin mənzilə qazın verilişini dayandırmaq məcburiyyətində qalırıq.
Bir daha qeyd edək ki, bu texniki müayinənin keçirilməsi yalnız və yalnız abonentlərinin təhlükəsizliyi üçün nəzərdə tutulub. Burada fərdi korporativ maraqlar yoxdur. Bizim əsas məqsədimiz odur ki, evin qaz təsərrüfatı standartlara uyğun olsun, hər hansı problem yaşanmasın, hadisə baş verməsin və Azəriqaz İstehsalat Birliyi də hər hansı məsuliyyət daşımış olmasın. Bizim ən böyük məsuliyyətimiz abonentlərin sağlamlığı və təhlükəsizliyidir.
Bu baxımdan, Mehriban Zeynalovaya təşəkkür edirik ki, məsələni ictimailəşdirib. Lakin ictimailəşdirmədən əvvəl abonent olaraq üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Biz də xanıma üzərinə düşən vəzifəni yerinə yetirməsi halında texniki müayinəni icra edib, qazın verilişini bərpa edə bilərik".
Xalidə Gəray
Musavat.com






