Moskvadakı hava nəqliyyatında yaranmış xaos fonunda Şeremetyevo hava limanı faktiki olaraq müvəqqəti düşərgəyə çevrilib. Uçuşların kütləvi şəkildə ləğv edilməsi və gecikdirilməsi minlərlə sərnişini saatlarla, bəzən isə gecəni terminalda keçirməyə məcbur edib.
Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan videolarda insanlar yerə xalça, paltar və əl altına keçən vasitələr sərərək uzanıb, bəziləri isə artıq şişmə döşəklərlə “rahatlanmağa” çalışır.
Kadrlarda əsəbi bir kişinin ironik sözləri diqqət çəkir: “Miqrantlar kuryerliyə gedəndə, pilotsuz uçuş aparatları hücum edəndə və bir az da qar yağanda ölkədə vəziyyət budur”.
Şahidlərin bildirdiyinə görə, sərnişinlərə yalnız üç saatdan bir su verilir. Yemək, isti içkilər və digər zəruri ehtiyaclar isə hava limanı daxilində olduqca baha qiymətə təklif olunur. Bir çoxları üçün bu qiymətlər əlçatmazdır.
Sosial mediada baş verənlər artıq açıq istehza ilə qarşılanır.
Musavat.com






