İnsanlara hürriyət, millətlərə istiqlal!

Navalnı niyə məhz “qurbağa zəhəri” ilə öldürülüb?

1058 14.02.2026 20:39 Dünya A A

Rusiya müxalifət lideri Aleksey Navalnın öldürülməsi ilə bağlı yeni və ciddi iddialar irəli sürülüb.

Musavat.com bildirir ki, bir neçə Avropa ölkəsi bildirib ki, Navalnı “epibatidin” adlı nadir və son dərəcə zəhərli maddə ilə zəhərlənib, bu da onun ölümünə səbəb olub.

Belə ki, Böyük Britaniya, Fransa, Almaniya, İsveç və Niderlandın xarici işlər nazirlikləri birgə bəyanat verərək Navalnının bədənindən götürülmüş nümunələrdə epibatidinin müəyyən edildiyini və bunun zəhərlənmə olduğunu təsdiqlədiklərini açıqlayıblar.

Epibatidin nədir?

Epibatidin Cənubi Amerikalı qurbağaların dərisində təbii şəkildə mövcud olan, sinir sisteminə təsir edən güclü bir toksindir. Bu maddə Rusiyada təbii halda mövcud deyil və yüksək toksik olduğuna görə tibbdə istifadə olunmur.

Bəs Rusiyanın arsenalında kifayət qədər kimyəvi-bioloji maddələr olduğu halda, niyə Aleksey Navalnının məhz nadir və iz buraxan toksinlə – “epibatidin” kimi spesifik maddə ilə zəhərləyiblər? Bu seçim təsadüf idimi, yoxsa siyasi mesaj xarakteri daşıyırdı?

Musavat.com bildirir ki, siyasi şərhçi Şahin Cəfərli məsələyə bu cür mövqe bildirib:

"Rusiya müxalifət lideri Aleksey daha əvvəl - 2020-ci ilin avqustunda "noviçok" kimyəvi maddəsi ilə zəhərlənmiş və Angela Merkelin müdaxiləsi ilə Almaniyaya aparılaraq orada müalicə olunmuşdu. Rusiyaya dönərkən həbs olunan Navalnı əvvəlcə Vladimir vilayətindəki ciddi rejimli islah-əmək müəssisəsində saxlanılsa da, 2023-cü ilin sonlarında Yamal-Nen muxtar dairəsinin Xarp qəsəbəsindəki "Qütb canavarı" xüsusi rejimli islah-əmək müəssisəsinə köçürülüb və 2024-cü ilin fevralında orada öldürülüb.

Rusiyanın müvafiq dövlət orqanlarının əlində kifayət qədər kimyəvi-bioloji zəhərləyici maddələr olduğu halda, Navalnının nadir toksinlərdən biri ilə öldürülməsinin səbəbi maraq doğurur. Bəlkə də bu maddə Rusiya xüsusi xidmətlərinin laboratoriyasına yeni gətirilibmiş və onu ilk dəfə məhz Navalnının üzərində sınaqdan keçiriblər.

Bu fakt bir daha Putin rejiminin insanlığa qarşı cinayətlər törədən terrorçu rejim olduğu gerçəyini ortaya qoyur".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR