İnsanlara hürriyət, millətlərə istiqlal!

Olimpiadada “artsax” qalmaqalı: Paşinyanın deputatı DANIŞDI

1230 16.02.2026 17:10 Son xəbər A A

Ermənistanda Qış Olimpiya Oyunları fonunda baş verən növbəti siyasi-ideoloji qalmaqal yerli publikada ciddi səs-küy doğurub.

Musavat.com xəbər verir ki, Ermənistan İctimai Televiziyası ölkəni təmsil edən fiqurlu konkisürənlərin çıxışını yayımlayarkən onların Ara Gevorkyanın “artsax” adlı musiqisi altında çıxış etdiyini elan etməyib.

Məhz bu detal Ermənistan daxilində “qalmaqal” kimi təqdim olunub.

Məsələ 16 fevralda parlamentdə keçirilən brifinqdə hakim “Vətəndaş müqaviləsi” fraksiyasının katibi Artur Ovannisyanın diqqətinə çatdırılıb. Revanşist mövqeli yerli jurnalistlərdən birinin istehzalı şəkildə ““YouTube”dan da həmin musiqi silinməlidirmi?” sualına cavab olaraq deputat bildirib:

“Əgər sualınız “YouTube” haqqındadırsa, əlbəttə ki, yox”.

Erməni revanşist mediasında bu hadisə daha çox musiqinin adının səsləndirilməməsi üzərindən “özünüsenzura” və ya “siyasi korrektə” müzakirəsi kimi təqdim edilir. Lakin məsələnin mahiyyəti ondan ibarətdir ki, separatçı ideologiya ilə assosiasiya olunan “artsax” adlı əsərin beynəlxalq idman platformasında səsləndirilməsi özü ciddi suallar doğurur.

Ən diqqətçəkən məqam isə budur: bir tərəfdən beynəlxalq platformada separatizmə bağlı simvollardan açıq şəkildə istifadə edilir, digər tərəfdən isə rəsmi səviyyədə bunun adı gizlədilir. Bu isə İrəvanın həm daxili auditoriya, həm də xarici mühit qarşısında ikili mesaj siyasəti yürütməsinə işarə edir.

Beləliklə, “qalmaqal” kimi təqdim olunan hadisənin mahiyyəti musiqinin adının çəkilib-çəkilməməsi deyil, ümumiyyətlə, bu cür ideoloji yüklü əsərin beynəlxalq idman arenasında səsləndirilməsidir. Bu isə Ermənistanın hələ də keçmiş separatçı ritorikadan tam imtina etmədiyini göstərən növbəti detal kimi qiymətləndirilə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR