İlki yayımlanma zamanı: 19.12.2025 (20:00)
Bu gün Nizami Kino Mərkəzində “ANEWZ” beynəlxalq xəbər və analitika kanalının “ANEWZ Investigations” adlı yeni redaksiya istiqaməti çərçivəsində hazırlanan “The Oligarch’s Design” araşdırma sənədli filminin rəsmi premyerası keçirilib.
Musavat.com xəbər verir ki, tədbirdə çıxış edən “AnewZ” kanalının icraçı direktoru Rüfət Həmzəyev bildirib ki, film üzərində işlər cari ilin yanvar ayında başlanıb. Onun sözlərinə görə, bu axşam təkcə bir sənədli filmin təqdimatı deyil, eyni zamanda kanalın inkişafında mühüm mərhələ hesab olunan yeni redaksiya istiqamətinin – “AnewZ Investigations” platformasının rəsmi startıdır.

“Burada araşdırma jurnalistikasının yeni istiqamətinin istifadəyə verilməsindən söhbət gedir. Biz bu sahəni beynəlxalq standartlara uyğun, peşəkar prinsiplər və ciddi metodologiya əsasında aparılan fəaliyyət kimi anlayırıq. Gələcək inkişafımızı da məhz bu xətt üzrə planlaşdırırıq”, – deyə Rüfət Həmzəyev vurğulayıb.

İcraçı direktorun sözlərinə görə, sənədli filmin çəkilişləri geniş coğrafiyanı əhatə edib. 10–11 ay davam edən çəkilişlər Azərbaycan, o cümlədən Qarabağ ərazisi ilə yanaşı, İtaliya, Litva, Böyük Britaniya, ABŞ, İsrail, Ukrayna və Ermənistan da daxil olmaqla səkkiz ölkədə aparılıb. Layihənin hazırlanmasında jurnalistlər, prodüserlər və texniki heyət də daxil olmaqla təxminən 100 nəfər iştirak edib.

Rüfət Həmzəyev bildirib ki, filmin bəzi epizodları mürəkkəb və riskli şəraitdə lentə alınıb. Onun sözlərinə görə, tamaşaçılar ekranda müsahibələrin yalnız yekun montaj versiyasını görəcək, lakin həmin müsahibələrə aparan proses xeyli daha çətin olub və bir çox hallarda kadrarxası reallıq ekranda görünəndən ciddi şəkildə fərqlənib.
Ermənistanda aparılan çəkilişlərə toxunan icraçı direktor qeyd edib ki, sənədli filmdə fəaliyyəti müxtəlif strukturlar çərçivəsində Ruben Vardanyanla əlaqələndirilən şəxslərlə müsahibələr yer alıb. O cümlədən, “We Are Our Mountains” ictimai birliyinin nümayəndəsi ilə müsahibə də qeydə alınıb. Bundan əlavə, filmdə “Aurora Foundation” mövzusu da araşdırılıb, platformanın fəaliyyətində iştirak etmiş müxtəlif ölkələrdən olan şəxslərlə söhbətlər aparılıb.

Rüfət Həmzəyevin sözlərinə görə, filmin əsas süjet xətlərindən biri Ruben Vardanyanın 2022-ci ildə Rusiya vətəndaşlığından imtina etməsi, bundan sonra regiona köçməsi və qondarma separatçı rejimdə vəzifə tutması ilə bağlı hadisələrin xronologiyasıdır. Bu hissədə həm müvafiq qurumun nümayəndələri, həm də hazırda Xankəndidə yaşayan erməniəsilli şəxslərlə müsahibələr təqdim olunur.
İcraçı direktor əlavə edib ki, sənədli filmdə açıq mənbələrdən və faktoloji bazalardan geniş istifadə olunub. Məqsəd açıq mənbələrdə mövcud olan məlumatları dəqiqləşdirmək, həmçinin beynəlxalq araşdırma hesabatlarında yer alan məqamları həmin araşdırmaların hazırlanmasında iştirak etmiş və ya mövzunu dərindən tədqiq etmiş şəxslərin izahları ilə təqdim etməkdir.

Tədbirdə çıxış edən “AnewZ” beynəlxalq televiziya kanalının baş redaktoru Qay Şoun isə bildirib ki, kanalın redaksiya siyasəti balans, faktların dəqiqliyi və qərəzsizlik prinsiplərinə əsaslanır. Onun sözlərinə görə, “The Oligarch’s Design” hər hansı mövqe nümayiş etdirməkdən daha çox, güc və təsir mexanizmlərinin sənədləşdirilməsini və ictimaiyyətin məlumatlandırılmasını hədəfləyir.

Qeyd edək ki, “The Oligarch’s Design” filantropiya, maliyyə arxitekturası və məqsədyönlü şəkildə formalaşdırılan narrativlər vasitəsilə siyasi və ictimai təsirin necə formalaşa bildiyini nümayiş etdirir. Araşdırma OSINT məlumatlarına, eləcə də ofşor strukturlar vasitəsilə milyardlarla dolların dövriyyəyə buraxıldığını üzə çıxaran “Troika Laundromat” maliyyə şəbəkəsi ilə bağlı beynəlxalq araşdırmalara əsaslanır. Filmin faktoloji bazası nüfuzlu beynəlxalq tədqiqat təşkilatları tərəfindən dərc edilmiş materiallar üzərində qurulub.
Sənədli filmdə Ruben Vardanyanın Moskvanın maliyyə elitasındakı fəaliyyətindən Qarabağdakı siyasi proseslərə keçidi izlənilir, onun maliyyə imkanları, siyasi təsiri və ictimai rəyin formalaşdırılmasında oynadığı rol daha geniş geosiyasi və maliyyə kontekstində təqdim olunur.
Şahanə Rəhimli
Musavat.com






