Gəncədə növbəti qida zəhərlənməsi faktı qeydə alınıb. Hadisə şəhər ərazisində keçirilən yas mərasimində baş verib. Belə ki, 5 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, həmin şəxslər ehsan süfrəsində yemək qəbul etdikdən sonra özlərini narahat hiss ediblər.
TƏBİB-dən bildirilib ki, 2-si azyaşlı olmaqla 5 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Abbas Səhhət adına Xəstəxanaya və Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Zəhərlənmə şübhəsi ilə onların hər birinə zəruri tibbi yardım göstərilib. Hazırda müalicələri davam etdirilir. Dörd nəfərin vəziyyəti stabil, bir nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir.
Xatırladaq ki, iki gün əvvəl də Gəncədə yas mərasimində kütləvi qida zəhərlənməsi baş vermişdi. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Bəs ehsan süfrələri niyə az qala ölümə səbəb olur? Bunun səbəbi isti hava şəraitində qidaların düzgün saxlanılmaması, yoxsa başqa amillərdir?
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirib ki, son günlər Gəncə şəhəri və Samux rayonunda yas mərasimləri zamanı qeydə alınan qida zəhərlənməsi faktları ilə bağlı araşdırmalar davam etdirilir.
Agentliyin məlumatına görə, Gəncədə və Samuxda baş verən zəhərlənmə halları üzrə dərhal epidemioloji araşdırmalara başlanılıb. İlkin araşdırmalar zamanı hər üç yas mərasimində istehlak edilən qida məhsulları təhlil olunub və ortaq risk faktoru kimi lavaş müəyyən edilib.
Araşdırmalar nəticəsində məlum olub ki, mərasimlərdə istifadə olunan lavaşlar qeyri-qanuni şəkildə ev şəraitində hazırlanaraq satışa çıxarılıb. Məhsuldan nümunələr götürülüb. Laborator müayinələrin nəticələri, eləcə də məhsulun hazırlanma və istehsal şəraiti ilə bağlı araşdırmalar başa çatdıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycanda qida zəhərlənmələri ölkədə mükəmməl istehlakçı hüquqları sistemi formalaşana qədər davam edəcək: "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun qəbul olunandan bəri həyat da, bazar da dəyişib. Qida Təhlükəsizliyi Agentliyi yaradılarkən çoxları ümid edirdi ki, istehlakçı hüquqlarının qorunması sahəsində vəziyyət yaxşılaşacaq. Lakin ümumilikdə istehlakçı siyasəti arxa planda qaldığı üçün Agentlik qida təhlükəsizliyi istiqamətində lazımi nəticələri əldə edə bilmir. Agentlik əsasən qidanın təhlükəsizliyini təmin etməyə çalışır ki, insanlar yedikləri məhsuldan zəhərlənməsin. Amma məhsulun keyfiyyəti məsələsi arxa planda qalır. Burada əsas problemlərdən biri də qanunvericilikdəki boşluqlardır. Uzun illərdir ki, Azərbaycanda qida zəhərlənməsi nəticəsində həyatını itirən şəxslərin ailələrinə və ya sağlamlığına zərər dəyən insanlara kompensasiya ödənilməsinə nail olmaq mümkün olmayıb. Çünki zəhərlənmələrin qeydiyyatı çox zəif aparılır. Həkimlər əksər hallarda zəhərlənmənin səbəbini dəqiq göstərmir, nəticədə məsuliyyət də aradan qalxır. Nə qədər ki, kompensasiya mexanizmi yoxdur, zəhərlənməyə səbəb olan tərəfin adı açıqlanmır və bu hallar mediada geniş işıqlandırılmır, vəziyyət dəyişməyəcək. Təsadüfi deyil ki, ölkədə qida zəhərlənmələrinin rəsmi statistikası dünya göstəricilərindən dəfələrlə aşağı görünür. Bu isə o demək deyil ki, zəhərlənmə halları azdır, sadəcə onların böyük hissəsi statistikaya düşmür. Belə hallarda müəyyən araşdırmalar aparılır. Amma nəticədə ictimaiyyətə adətən ümumi izahat verilir. Məsələn, deyiləcək ki, səbəb şoraba olub və ya mikrobioloji çirklənmə baş verib. Mən uzun illər ərzində çox hadisələrin şahidi olmuşam. Gözümün qarşısında mis qazanda yemək hazırlanarkən üç sağlam kişi zəhərlənərək həyatını itirib. Onlar mis sulfatdan zəhərlənmişdilər. Belə faktlar kifayət qədərdir".

Ekspertin sözlərinə görə, əsas problem məsul şəxslərin konkret şəkildə cavabdehlik daşımamasıdır: "Biz konkret hüquqi və ya fiziki şəxsin adının açıqlanmasını, onun cəzalandırılmasını və zərərçəkənlərə kompensasiya ödənilməsini görmürük. Nə qədər ki, bu məlumatlar gizli saxlanılır, dövlət qurumları və həkimlər hadisələri tam araşdırıb hüquqi qiymət verə bilmirlər, bu problem davam edəcək. Mən indidən deyirəm ki, məsuliyyəti yenə də evdə hazırlanmış şorabanın, pomidorun və ya başqa bir məhsulun üzərinə atacaqlar. Amma heç bir hüquqi nəticə olmayacaq. Ona görə də ölkədə mükəmməl istehlakçı siyasəti formalaşdırılmalıdır. Məsul tərəf müəyyən edilməli, cavab verməli, cərimələnməli və bu hallar digərləri üçün də ciddi xəbərdarlığa çevrilməlidir. Əks halda, yenə də hadisənin harada və necə baş verdiyi tam açıqlanmayacaq, məsələ anonim şəkildə bağlanacaq və bu vəziyyət davam edəcək".
Şahanə Rəhimli
Musavat.com






