İnsanlara hürriyət, millətlərə istiqlal!

Onların dünya çempionu seçimləri bəllidir - Azarkeşlik ölkəyədir, yoxsa ulduza?

794 09.06.2026 13:43 İdman A A

Dünya futbolunun ən böyük bayramı sayılan mundiala çox az qaldı. İyunun 11-də ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi 2026-cı il Dünya Çempionatı təkcə futbolsevərlərin deyil, siyasətçilərin, deputatların, tanınmış ictimai xadimlərin və media nümayəndələrinin də diqqət mərkəzindədir.

Azərbaycan millisi ənənəvi olaraq dünya çempionatında iştirak etmədiyindən yerli azarkeşlər özlərinə başqa komandalar seçirlər. Bu seçimdə isə müxtəlif amillər rol oynayır. Kimisi tarixi uğurlara görə Braziliya, Almaniya və ya Argentinaya üstünlük verir, kimisi oyun üslubuna görə İspaniya və Fransanı dəstəkləyir.

Son illər isə futbolçuların fərdi nüfuzu ölkələrin populyarlığına ciddi təsir göstərir. Vaxtilə Lionel Messi Argentinaya, Kriştiano Ronaldo Portuqaliyaya milyonlarla əlavə azarkeş qazandırdığı kimi, indi də Kilian Mbappe, Cud Bellinqem, Lamin Yamal, Vinisius Junior, Erlinq Haaland və digər ulduzlar bir çox insanın seçimində əsas rol oynaya bilirlər.

ubomOJXnZTkGRMvaDPQzzaRSwdFMv0x5Dhku0FPj_1200.jpg (181 KB)

Azərbaycan cəmiyyətində isə Türkiyəyə münasibət hər zaman xüsusi olub. “Bir millət, iki dövlət” prinsipi fonunda hansı idman yarışında Türkiyə iştirak edirsə, böyük əksəriyyət məhz qardaş ölkəyə azarkeşlik edir.

İndi isə çox maraqlı bir sual meydana çıxıb. Türkiyədən sonra azərbaycanlıların ikinci seçimi hansı komanda olacaq? Son dünya çempionu Argentina, Kriştiano Ronaldolu Portuqaliya, gənc ulduzlarla zəngin İspaniya, güclü heyətə malik Fransa, yoxsa ənənəvi futbol nəhəngləri Braziliya və Almaniya?

Tanınmış simalar hansı yığmaya və futbolçuya azarkeşlik edəcəklər? Onların seçimində ölkənin özü daha önəmlidir, yoxsa konkret oyunçu amili?

TURAL ABBASLİ.jpg (59 KB)

Ağ Partiya başqanı Tural Abbaslı Musavat.com-da seçimini bu cür sıraladı:

“Təbii ki, ilk növbədə Türkiyəyə azarkeşlik edəcəyəm. Bu, birmənalı şəkildə belə olmalıdır. Türkiyənin də şanslarının olduğunu düşünürəm. Qardaş ölkə olmasa, ikinci seçimim Özbəkistan millisi olacaq. Həm türk, həm də müsəlman dövlətidir. Demək olar ki, türk-müsəlman ölkələrinə daha çox azarkeşlik edəcəyəm. Əgər digər ölkələri soruşsanız, istərdim ki, Ronaldoya görə Portuqaliya çempion olsun. Onun ən müxtəlif zamanlarda dünyada baş verən haqsızlıqlara biganə qalmadığına şahidlik etmişik. Əgər Türkiyə, Özbəkistan və Portuqaliya olmasa, o zaman Almaniya seçimim olacaq. Braziliya da seçimlərim sırasındadır. Bir sözlə, əvvəl müsəlman ölkələri, sonra xristian dövlətləri gələcək”.

NAQİF.jpg (102 KB)

Milli Məclisin üzvü Naqif Həmzəyevin istəyi isə gənclərdən yanadır:

“Türkiyə millisi meydançanı erkən tərk etsə, ya da qrup mərhələsindən sonra yollar ayrılsa, ikinci seçimim kimi İspaniya millisinin oyunları maraqlı olacaq. İspaniya bugünkü futbolun ən maraqlı hekayələrindən birini yaşayır. 2024 Avropa çempionu olan “La Roja”, Lamin Yamal, Pedri, Qavi, Niko Uilyams kimi gənc istedadlarla tamamilə yeni bir simayla meydana çıxır. 17-18 yaşında dünya futbolunun zirvəsinə yüksələn Lamin Yamal xüsusilə gənc azərbaycanlı izləyiciləri valeh edir. Sosial media statistikaları göstərir ki, Yamalın Azərbaycandakı izləyici artımı son iki ildə kəskin yüksəlib. Türkiyə millisinə uğurlar arzulayıram. İnanıram ki, tarixi uğura imza atmaq mümkün olacaq”.

1662551973_1660656719_akifakifqat.jpg (45 KB)

Azad Vətən Partiyasının sədri Akif Nağının seçimində “Qarabağ” klubumuz da rol oynayır:

“Hər kəs baş tutacaq bu böyük futbol hadisəsini gözləyir. Dörd ildən bir keçirilir. Bir sözlə, bu bayramdan zövq alırsan. Bəlkə futbol siyasətdən də yüksəkdir. Hamı bunun içərisindədir. Adətən futbolun gözəlliyinə görə daim azarkeşlik etmişəm. Təbii ki, Türkiyə bizim komandadır. Öz ölkəmiz iştirak etsə, o zaman 3 ölkəyə azarkeşlik edəcəyəm - Azərbaycan, Türkiyə və Braziliya. Braziliya ənənəvi komandam olub. Texnikalı oyunçuları hər zaman olub. Digər tərəfdən, çoxlu sayda braziliyalı futbolçular “Qarabağ”ımızda oynayır və indiyə qədər də oynayıb. Yəni klubumuzu sevirlər. Bir sözlə, ölkəmizə bağlı oldular və bu, bir az da müsbət münasibətimi yüksəltdi. İndi hər şey baş verə bilər. Türkiyə 24 il öncə dünya üçüncüsü oldu. O zaman Braziliya ilə rəğbət tərəfdaşlığı oldu. Üçüncü yeri tutmaq böyük hadisə idi. Zamanında üçüncü olan ölkə niyə indi ikinci və ya birinci olmasın? Türkiyənin çox yaxşı oyunçuları var. Burada baş məşqçi faktoru böyük önəm daşıyacaq. Müasir futbol şahmat taxtasına bənzəyir. Qrossmeysterin atdıqları addımlar böyük rol oynayır. Hazırda bunlardan biri də Qurban Qurbanovdur. Bunu hər dəfəsində xatırlatmaq lazımdır. Çünki daim hesabda geri düşəndə demişik ki, Qurban Qurbanov nəsə edəcək. İndi də Türkiyə millisinin baş məşqçisindən çox şey asılıdır. Əvvəl Türkiyəyə, sonra Braziliyaya azarkeşlik edəcəyəm. Arzum budur ki, ikisindən biri çempion olsun”.

MUXTAR.jpg (22 KB)

Tanınmış idman yazarı Natiq Muxtarlı:

“Sonuncu dəfə 2002-ci ildə keçirilən dünya çempionatında hansı yığmaya azarkeşlik edəcəyimi əvvəlcədən müəyyənləşdirmişdim. Həmin vaxt seçimim Türkiyə yığması idi. Ondan sonrakı mundiallarda Türkiyə olmadığı üçün baxımlı futbola üstünlük verən komandalara azarkeşlik edirdim. Bu şakərimi qismən 2022-ci il mundialında dəyişdim. Həmin vaxt yığmaya yox, sırf futbolçuya azarkeşlik etdim. Seçimim Messi idi. Messinin dünya çempionu olmasını istəyirdim, hesab edirdim ki, bu, futbolun qanunauyğunluğu olmalıdır. Futbolu dəyişən, onu milyonlara sevdirən biri dünya çempionu da olmalıdır. Messi artıq dünya çempionudur, deməli, bu il Argentinaya azarkeşik etməyəcəyəm. Seçimim isə bəllidir: dünya çempionatında bir yox, bir neçə komandaya azarkeşlik edəcəyəm. Birincisi Türkiyədir, ikincisi isə Özbəkistan. Digər komandanı isə DÇ-nin gedişində müəyyənləşdirəcəyəm. Yəni futbola baxımlılıq gətirən komandaya üstünlük verəcəyəm. Bu, İspaniya, Afrika qitəsindən də hansısa ölkə, hətta Yeni Zelandiya da ola bilər. Təki oynadıqları futbol futbol olsun, anti-futbol yox.

Düşünürəm ki, 48 komandanın iştirak edəcəyi bu mundialda seçim çətinliyi olmayacaq. Məncə, bu dünya çempionatında ənənəvi favoritləri çıxmaq şərtilə digər yığmaların əksəriyyəti azarkeşlərə zövq verəcək futbol oynayacaqlar. Ona görə də futbol bayramının yaşanacağını iddia edə bilərik”.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR