İnsanlara hürriyət, millətlərə istiqlal!

Onun böyük xidməti – Raşmorda 5-ci qaya-büst olmağa kifayət edəcəkmi?

1175 08.12.2025 12:32 Analitika A A

Artıq heç bir şübhə yoxdur: ABŞ prezidenti Donald Tramp bütün varlığı ilə Rusiyanın yanındadır və Ukraynanın tam kapitulyasiyasını, Rusiyanın bu savaşdan qalib ayrılmasını istəyir.

Onun son bir ildə bu istiqamətdəki yolu bəzən enişli-yoxuşlu, kələ-kötürlü olsa da, o, inamla, qətiyyətlə mənzil başına qədər irəliləyib və artıq, necə deyərlər, sözü ağzında gəvələmir, beynindəkini birbaşa deyir.

Tramp hazırda Rusiyanın sözçüsü kimi çıxış edir, Ukraynaya minnət qoyaraq, əslində Putinin Ukraynanı tam götürmək fikrində olduğunu bildirir və dolayısı ilə Zelenskiyə “ziyanın yarısından qayıtmağı” təklif edir.

Ukraynanın ərazi bütövlüyünün pozulub-pozulmayacağı ABŞ prezidentinin vecinə deyil, ona Rusiya və Ukrayna arasında bağlanmış sülh sazişi lazımdır ki, sonra illərlə “müasir dövrün ən böyük müharibəsini mən dayandırdım” deyə döşünı döyə bilsin.

Bu situasiyada Putinin “təkbaşına kollektiv Qərblə döyüşdüm və qalib gəldim” deyə daha böyük PR kampaniyası aparacağı Tramp üçün ikinci dərəcəli məsələdir. Əsas məsələ odur ki, o özü ABŞ seçicisinin qarşısına seçkiqabağı vədini yerinə yetirmiş prezident kimi çıxsın.

ABŞ-nin sıraca 47-ci, sayca 45-ci prezidentinin bu niyyətdə olması təkcə ölkəsinin ümdə mənafelərini düşünməsindən, nəsə mürəkkəb bir strateji oyun quraraq dövlətinə üstünlük qazandırmaq niyyətindən irəli gəlmir, həm də öz şəxsi “mən”ini, eqosunu razı salmaq ehtiyacından doğur. Tramp özünəvurğun tiplərdəndir və onun Nobel ödülü almış ABŞ prezidentlərindən biri olmaq, hətta heykəlinin Cənubi Dakota ştatındakı Raşmor dağında yonulmasını istəməsi çoxlarına bəllidir.

Məlum olduğu kimi, bu dağdakı qranit qayalarda ABŞ-nin prezidenti olmuş 4 məşhur siyasi xadimin - Corc Vaşinqton, Tomas Cefferson, Teodor Ruzvelt və Avraam Linkolnun 18 metr hündürlüyündə büstləri var. Tramp bu sırada 5-ci olmaq istəyir və bu arzusunu, hətta tələbini dilə gətirib.

Ona görə də o, ABŞ tarixinin ən önəmli dövlət simalarından biri kimi özünü təsdiqləmək üçün hər yola əl atır. “Amerikanı yenidən böyük etmək” devizi ilə çalışan Tramp həm də özünü böyütmək istəyir.

Onun tez-tez dilə gətirdiyi “mən bu il 8 müharibə dayandırmışam” kimi iddiaları da buna görədir. Halbuki həmin müharibələrin biri onsuz da 2023-cü ilin sentyabrında dayanmışdı; birini nüvə dövləti olan tərəflər özləri dayandırdı, əks təqdirdə bir-birinə qarşı nüvə silahı işlədəcəkdilər; digəri lokal sərhəd toqquşması idi, münaqişə edənlər bir-birinə qarşı ərazi iddiasında deyildilər; biri alovu çoxdan sönmüş, soyuq müharibə xarakteri almış konflikt idi və s. və i.a.

Tramp “dayandırdığı” müharibələri sadalayarkən, adları çəkilən ölkələrin liderləri ona etiraz və ya düzəliş etmədilər, adamın xasiyyətini bildiklərindən yola verdilər, təxminən “eybi yox, qoy elə bilsin və belə desin” mülahizəsi ilə çıxış etdilər.

Ancaq Rusiya-Ukrayna müharibəsi yaxın vaxtlarda və indiki şərtlərlə dayandırılsa, bu, gerçəkdən də Trampın xidməti olacaq – sadəcə, Rusiya və Putin qarşısındakı xidməti.

Həm də bu sülh sazişi olmayacaq, atəşkəs sazişi olacaq, Putin hakimiyyətdən və həyatdan gedəndən sonra həm Ukrayna, həm də ona dəstək verən Avropa, eləcə də hakimiyyəti dəyişmiş ABŞ bu məsələyə yenidən qayıdacaq, suveren Ukrayna dövlətinin ərazisinin bərpası məsələsini qaldıracaqlar.

İndilikdə isə ABŞ-dən başqa Rusiyanın qalib gəlməsini istəyən digər dövlətlər Putinin bu savaşı namus-şərəf məsələsinə çevirdiyinə, onun son nəfəsinə qədər inadkarlıq edəcəyinə, özünə sərf etməyən sülhə razı olmayacağına əmindirlər, ona görə də qanlı qırğının necəsə bir şəkildə dayanmasına tərəfdardırlar.

Əgər ABŞ-də qanunvericilik və məhkəmə hakimiyyəti güclü olmasaydı, bu ölkə Şərq satraplıqlarından biri olsaydı, Tramp Rusiyanın Ukrayna üzərindəki qələbəsini çoxdan təmin edərdi. Onun əl-qolunu bağlayan öz ölkəsində müstəqil hakimiyyət qollarının mövcudluğu, bir də qüdrətli Avropa dövlətlərinin prinsipiallığıdır. Ukrayna xalqının müqaviməti isə başqa bir fenomendir.

Uzun sözün kəsəsi, Trampın Rusiyanın mənafeyi üçün işləməsi artıq mübahisə mövzusu deyil. Onun oğlunun keçən il bu vaxtlar Ukraynaya təslimiyyət üçün verdiyi vaxt 1 il uzansa da, artıq tərəflər finiş xəttinə yaxınlaşır.

Araz Altaylı, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR