Məhz onlar tikinti sektorunda qiyməti müəyyənləşdirir
“Şəhərsalma tikinti deməkdir. Gələn il bu sahədə inhisarçılıq aradan qaldırılacaqsa, tikintiyə icazə vermək səlahiyyəti yerli icra hakimiyyəti orqanlarına veriləcəksə, ölkəmizdə iqtisadiyyatın sürətli inkişafı təmin olunacaq, qeyri-neft sektoru inkişaf edəcək. Bu sahə ilə əlaqəli yeni istehsal müəssisələri yaradılacaq, mənzillərin qiyməti aşağı düşəcək,10 minlərlə yeni iş yerləri açılacaq, büdcə daxilolmaları dəfələrlə artacaq”.

Qüdrət Həsənquliyev
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsindən danışarkən belə deyib. Partiya sədri deyib ki, Bakının bir çox rayonlarında yağış yağanda evlər su ilə dolur: “Mikrorayonlarda köhnə, el arasında "xruşşovka" adlanan 5 mərtəbəli binaların istismar müddəti çoxdan bitib, onlar yaşayış üçün minimal standartlara belə cavab vermir. Zirzəmiləri kanalizasiya suyu dolmuş bir çox 9 mərtəbəli binalar belə sökülüb yenidən tikilməli, yeni parklar salınmalı, mədəniyyət obyektləri, idman meydançaları tikilməlidir. Bunu etmək istəyən çoxsaylı özəl tikinti şirkətləri var, amma onlara bu işləri görmək üçün icazə verilmir. İnsanlar illərdir gözləyir ki, onların qəzalı evləri nə vaxt söküləcək və onlar nə vaxt müasir ev, yaxud kompensasiya alacaqlar. Gələn il bu sahədə iqtisadi azadlıqlar təmin ediləcəksə, bunu yalnız alqışlamaq olar. Tikintiyə icazənin yerli hakimiyyət orqanlarına verilməsi regionların inkişafına töhfə verəcək, Bakıya axının qarşısını alacaq".
Qeyd etmək yerin düşər ki, Azərbaycanın daşınmaz əmlak bazarında son dövrlərdə müşahidə edilən ciddi bahalaşma artıq adi hala çevrilib. Bakı başda olmaqla, iri şəhərlərdə mənzil qiymətləri əhalinin real gəlir səviyyəsindən xeyli uzaqlaşıb. Bu bahalaşmanı klassik bazar qanunları ilə izah etmək çətindir. Əsas amil kimi qiymətlərin süni şəkildə şişirdilməsi ön plana çıxır.
Xüsusilə tikinti sektorunda cəmləşmiş güc mərkəzləri bazara real təsir göstərərək qiymət artımını istiqamətləndirirlər. Normal şəraitdə qiymətləri formalaşdırmalı olan tələb və təklif mexanizmi faktiki olaraq ikinci plana keçib. Əvəzində bazar dəyəri müəyyən qrupların maraqları əsasında formalaşır. Bəzən isə mənzil qiymətlərinin daim artacağına dair süni təsəvvür də yaradılır. Məqsəd bazarda təşviş yaratmaqdır. Bu vəziyyətdə ən çox zərər görən isə adi vətəndaşlardır. İnsanlar “bu gün almazsan, sabah daha baha olacaq” düşüncəsi ilə qərar verməyə məcbur edilir. Eyni zamanda bazarın real durumu ilə bağlı obyektiv məlumatlar kölgədə qalır. Rəsmi göstəricilərlə faktiki satış qiymətləri arasında ciddi uyğunsuzluq yaranır ki, bu da sağlam rəqabət mühitini demək olar ki, tamamilə sıradan çıxarır.

Tural Abbaslı
AĞ Partiya başqanı Tural Abbaslı mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Əvvəllər tikinti icazələrini yerli icra hakimiyyətləri verirdi. Sonradan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yaradıldı və artıq icazələr həmin qurum tərəfindən verilməyə başlandı. Əvvəllər bu səlahiyyət yalnız Bakı şəhəri ilə məhdudlaşırdı, sonradan isə faktiki olaraq bütün Abşeron ərazisində tikintiyə icazə verilməsi onların səlahiyyətinə keçdi. Hazırda isə bu prosedur xeyli ağırlaşdırılıb və çətinləşdirilib. Yəni hər şirkət, hər vətəndaş, biznesmen və ya iş adamı gedib bu icazələri rahatlıqla ala bilmir. Təbii ki, prosedurun çətinləşməsi nəticə etibarilə mənzil qiymətlərinin artmasına, Bakının yenilənmə prosesinin ləngiməsinə gətirib çıxarır. Bu baxımdan, proses nə qədər sadələşdirilsə və optimallaşdırılsa, bir o qədər yaxşı olar. Mən də razıyam ki, bütün səlahiyyətlərin bir idarənin əlində cəmlənməsi düzgün deyil. Amma burada əsas məsələ icazəni kimin verməsi deyil. Əsas olan mexanizmin şəffaf olması və standartların aydın şəkildə müəyyənləşdirilməsidir. Məsələn, eyni standartlar tətbiq olunursa, icazəni Bakı şəhərinin icra strukturu verir, yoxsa Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - vətəndaş üçün bunun fərqi nədir? Əsas məsələ ondan ibarətdir ki, həmin standartlara əməl olunacaqmı? İnsanların yaşayış şəraiti nəzərə alınacaqmı? Bakının memarlıq və arxitektur quruluşu qorunacaqmı? Yeni tikililərdə qarajlar, yəni avtomobillərin saxlanılması üçün xüsusi yerlər olacaqmı? Orada yaşayan insanların rahatlığını və komfortunu təmin etmək üçün istirahət zonaları yaradılacaqmı? Parklar salınacaqmı? Bütün bu məsələlər vahid formada, qanunvericilik səviyyəsində müəyyən olunmalıdır. Yaşayış sektorunda, yaşayış binalarının tikintisi üçün konkret və aydın standartlar təsbit edilməlidir və bütün tikinti şirkətləri bu standartlara uyğun fəaliyyət göstərməlidir”.
Partiya sədri əlavə edib ki, əgər standartlar vahid olacaqsa və hər kəs bu standartlara əməl etməyə məcbur ediləcəksə, artıq icazəni hansı qurumun verməsinin elə də böyük əhəmiyyəti qalmır: “Burada prinsipial məsələ icazəni kimin verməsi deyil, həmin standartlara real şəkildə əməl olunmasıdır. Eyni zamanda bu standartların müəyyənləşdirilməsi ilə yanaşı, prosesin və prosedurun da sadələşdirilməsi vacibdir. Çünki prosedur nə qədər bahalı, ağır və çətin olsa, mənzillərin qiyməti də bir o qədər yüksək olur. Mən, ümumiyyətlə, bu sahədə dövlətin, MİDA-nın rolunun və nəzarətinin artırılmasının tərəfdarıyam. Xüsusilə də tikinti sektorunda dövlətin çəkisinin artmasını vacib hesab edirəm. MİDA-nın daha çox yaşayış binaları və mənzillər inşa etməsinin, köhnə binaların sökülərək onların yerində yeni, müasir yaşayış komplekslərinin tikilməsinin tərəfdarıyam. Çünki MİDA həm keyfiyyət, həm də qiymət baxımından özəl tikinti şirkətləri ilə müqayisədə insanlar üçün daha sərfəlidir. Bu baxımdan, dövlətin, xüsusilə də MİDA vasitəsilə tikinti sektorunda fəallığının artırılması vacibdir. Bu, həm mənzil əlçatanlığını yüksəldər, həm də şəhərin yenilənmə prosesini sürətləndirər”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”






