İnsanlara hürriyət, millətlərə istiqlal!

Paytaxtı adadan materikə köçürdülər

1060 05.01.2026 02:16 Dünya A A

Ekvatorial Qvineya paytaxtını Bioko adasında yerləşən Malabodan materikdə inşa edilən yeni şəhərə köçürüb.

Musavat.com xəbər verir ki, bu barədə qərar dövlət qurumlarının təhlükəsizliyinin artırılması və logistikanın yaxşılaşdırılması məqsədilə qəbul olunub. Müvafiq fərmanı ölkə prezidenti Teodoro Obianq Nqema Mbasoqo imzalayıb.

Yeni paytaxt kimi ispan dilində “Sülh şəhəri” mənasını verən Syuidad-de-la-Pas təsdiqlənib. Sənəddə qeyd olunur ki, dövlət idarəçiliyinin mərkəzinin köçürülməsi hökumət təsisatlarının təhlükəsizliyini təmin etməklə yanaşı, ölkənin bütün regionlarının balanslı inkişafına şərait yaradacaq.

Hakimiyyətin arqumentinə görə, adada yerləşən Malabo xarici təhdidlərə daha həssasdır. Materikin mərkəzində yerləşən yeni paytaxt isə “suverenliyin qala-anası”na çevriləcək və vətəndaşlar üçün tərəqqinin mühərriki rolunu oynayacaq.

Syuidad-de-la-Pasın tikintisinə hələ 2012-ci ildə, gələcək paytaxt funksiyası nəzərə alınmaqla başlanılıb. Şəhər Vele çayı üzərində yerləşir, Atlantik okeanı sahilindən 160 km, Qabon sərhədindən 25 km, Kamerundan isə 60 km məsafədədir və sıx tropik meşələrlə əhatə olunub. Layihəyə əsasən, şəhər 200 min nəfərlik əhali üçün nəzərdə tutulub.

Hazırda nazirliklərin və dövlət qurumlarının əksəriyyəti artıq Malabodan Syuidad-de-la-Pasa köçürülüb. Bununla belə, Malaboda bəzi dövlət strukturları, o cümlədən Xarici İşlər Nazirliyi və Karbohidrogenlər və Mədən Sənayesi Nazirliyi fəaliyyətini davam etdirəcək. Xarici səfirliklərin, eləcə də iri şirkət və bankların baş ofislərinin yeni paytaxta köçürülməsi planlaşdırılmır.

Təxminən 350 min nəfərin yaşadığı Malabo inzibati paytaxt statusunu itirsə də, Ekvatorial Qvineyanın əsas ticarət və maliyyə mərkəzi olaraq qalacaq.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR