Dünyanın elə dəlixana bir dönəminə gəlmişik ki, bu dəqiqə hamıdan hər şey gözləmək mümkündür. Ədalət-haqq gedib işinin dalınca, oğrular doğrulara həyatı başa salır, işğalçılar masa başında otuzdurulur, ağzı kanalizasiya kimi “iy verən” söyüşcüllər isə “doğrunu deyən oğlanlar” olublar. 2025-cı ilin son günlərini yaşayırıq. O məşhur ifadədə deyilən kimi: pis günlər geridə qaldı, indi bizi daha pis günlər gözləyir...
Ötən ilin bu zamanında hansı bunkerdə gizləndiyi bəlli olmayan, nevroloji problemlərin əsirinə çevrilən Putinin bu ilin dekabrında özünü şir-aslan kimi təqdim edəcəyini gözləyirdizmi? Yox. Amma Tramp gəldi, gələr-gəlməz də onu olduğu bunkerdən rəsmən çıxardı, ona legitimlik qazandırdı, onun işğalçılığını az qala “güclü tərəfin əlindəki kartların sayı çoxdur” kimi təqdim etdi. Yanvarda hakimiyyətə gəldi, sonra Zelenskini Ağ Evdə az qala rəzil etməyə çalışdı. “Əlində kartın varmı” dedi, “Mənə təşəkkür etmirsən” söylədi... Ardınca isə heç bir bəhanə qalmayanda dedilər ki, bəs sən niyə kostyum geyinməmisən Ağ Evə gələndə? Hə, 2024-cü ildə letargiya yuxusuna gedib, 2025-ci ilin bu günündə oyanan birinə bu hadisəni danışsan, sənin dəli olduğunu düşünər. Amma bu, yaşanıb, bu, olub... Və dəli biz deyilik...
Görün indi dünya hansı gündədir ki, Putin qaniçən, qatil, işğalçı olduğu halda apardığı bu müharibəyə Trampın sayəsində bir legitimlik qazandırmağa nail olub. Putin o qədər havalandırılıb ki, artıq ABŞ prezidentinə verdiyi sözü də tutmur. Amma Tramp - əlində kartlar olan oğlan – ona heç nə edə bilmir, sadəcə təəssüflənir, şok keçirir, pəjmürdə olur, arvadı Melani ilə bu mövzuda dərdləşir, şok keçirir və... bitdi... Elə bu qədər... Ədalətin yox, gücün, demokratiyanın yox, silahların söz sahibi olduğu bir zəmanəyə gəlib çıxmışıq.
Kim bərkdən qışqırır yox, kim daha çox söyüş söyür yarışı başlanıb. Öz təcrübəmdə gördüm: ilin sonlarına yaxın bir sürü mühacir köpək üstümə cumdu. Heç bir səbəb olmadan. Təhqirlə başladılar, ailə-uşaq, bacı-qardaş söyüşünə qədər keçdilər. Gündən-günə plankanı qaldırdılar, şərəfsizliyin dozasını artırdılar. Məcburən onlara öz dillərində cavab verdim. Əslində heç mənim üslubum deyildi: tanıyanlar bilir. Və ondan sonra nə yaşandı bilirsizmi? “Halal olsun, onlar buna layiq idilər, qaşınırdılar, cavablarını verdiz” alqışını aldım. Heyrətlər içində idim. Özümü qoruyurdum, ailəmi qoruyurdum, öz cizgimdən kənar üslubda döyüşə girmişdim. Amma mənə dedilər, düz edirsən, hər adamın cavabını özünə layiq şəkildə verməlisən. Onlar əxlaq, səviyyə, mentalitet, ölçü-biçi bilmirlərsə, elə sən də onları öz üslublarında cəzalandır. Və oldu. Özləri də etiraf etdilər: Sevinc Telmanqızıdan bunu gözləmirdik, filankəsə qalib gəldi, məhv etdi... Beləcə, mən də yaşımın bu vədəsində bir həqiqəti öyrəndim. Ortada müharibə gedirsə, silahları saf-çürük etməyəcəksən, qarşındakına layiq olduğunu verəcəksən...
Amma nəyə təəssüfləndim? Ana-bacı tanımayan əxlaqsızların verilişlərinin altında şərh yazanlara. “Adam” beldən aşağı söyüşlər söyür, bizim azərbaycanlıların bir qismi “halaldı, oğulsan” deyirlər. Və ya öz kanalında başqa bir qadını şərləyir, soydaşımız olan Əli, Vəli onun yalanını tirajlayır. İndi deyə bilərsiz ki, o şərhlərin çoxunu onların özü yazır. İnanıram, bilirəm də. Amma azərbaycanlıların arasında hələ də bu tulaları adam deyib izləyənlər var axı. Normal həyatda abır-həya, mentalitet deyib, sinəsinə döyən azərbaycanlı kişilər, onların üzünə tüpürmək üçün daha nəyi gözləyirsiz? Onları bir zibil parçası kimi zibilliyə atmaq üçün daha nələr eşitməlisiz? Axı siz “üzr istəyirəm, həyat yoldaşım” deyən millətin nümayəndələrisiz? Noldu, bir başqasının həyat yoldaşının təhqirini bəh-bəhlə izlədiz, laykladız? Ona görə də deyirəm ki, dəyərlər ayaq altında olanda itlər ata çevrilir...
Aləmin bir-birinə dəydiyi bu günlərdə də Şərurlu İsfəndiyar müsahibə verib ki, bəs ay camaat, xəbəriniz olsun, mən 2 arvad saxlayıram. İkinci arvadım da məndən 30 yaşa yaxın balacadır, restoranda gördüm, görən kimi də dedim, bəs mən səni alacam... İki arvadım da mənlə mehribandır, uşaqlarım bir-birilə görüşür... Bacılar, qardaşlar, əziz xalqım, Şərurlu müəllimdən mən də müsahibə almışam. Qadınlar tərəfindən aldadıldığını mənə də deyib müsahibəsində. Amma ciddi siyasi-dini söhbətin ortasında sadəcə bir fraqment kimi. Axı bu adam Alen Delon deyil, şou biznes nümayəndəsi deyil... Nədir bunun şəxsi həyatını bu qədər dünyaya car çəkmək səbəbi, həvəsi? Nədir bu kompleks? İnşaatçı sevgidən danışır, müğənni siyasətə girmək istəyir. O gün Tolik də bütün aparıcıları ağ yuyub qara sərdi ki, bəs niyə bahalaşmadan danışmırsız, ətin kilosu 25 manat olub...
Əlim üzümdə, dünyanı izləyirəm... Əlinin papağı Vəlinin başındadır, Vəli də onu başından çıxarmaq istəmir.






