ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə bağlı növbəti sərt açıqlama verib.
Musavat.com xəbər verir ki, Tramp NBC News-a müsahibəsində Zelenskinin sülh razılaşmasına getmək istəmədiyini iddia edib və bildirib ki, Rusiya prezidenti Vladimir Putin danışıqlara daha hazır görünür.
ABŞ prezidentinin sözlərinə görə, Zelenski ilə razılığa gəlmək daha çətindir və bu, münaqişənin həllini çətinləşdirir.
“Zelenski ilə razılaşmaq daha çətindir. Ona deyin ki, razılaşma bağlasın, çünki Putin razılaşmaya hazırdır”, – deyə Tramp bildirib.
Tramp həmçinin Ukraynanın Yaxın Şərqdə pilotsuz uçuş aparatlarının vurulması üçün texnoloji yardım təklifinə də skeptik yanaşıb. O qeyd edib ki, ABŞ belə bir köməyə ehtiyac duymur və Zelenskinin bu sahədə yardımına ehtiyac olmadığını düşünür.
ABŞ prezidenti əlavə edib ki, Rusiya ilə bağlı sanksiyalar məsələsi də hazırda enerji bazarındakı vəziyyətlə bağlıdır. Onun sözlərinə görə, neft qiymətləri sabitləşdikdən sonra Vaşinqton yenidən sanksiyaların tətbiqini nəzərdən keçirə bilər.
Tramp vurğulayıb ki, əsas məqsədi qlobal enerji bazarında neftin bol olması və qiymətlərin stabilləşməsidir.
Musavat.com






