Rusiyanın işğal etdiyi Seversk şəhərinin əhəmiyyəti-Ukraynanın bu istiqamətdəki iki şəhəri nə qədər davam gətirə bilər?
Son günlərin əsas hadisəsi uzun aylardır müdafiəsi davam edən Donbasın Seversk şəhərinin Rusiyanın işğal etməsi oldu. Rusiya tərəfi bu işğal üzərindən ciddi təbliğat kampaniyası qurub, Ukrayna ordusunun müdafiəsinin əsas həlqəsinin dağıldığını və ciddi hərbi uğur qazandığını bəyan edirlər. Prezident Vladimir Putin özü Kremldəki otağından şəhəri tam işğalı xəbərini Severskdəki hərbçilərdən birbaşa bağlantı ilə dünyaya bəyan etdi...

Musavat.com xəbər verir ki, Seversk Donbasın şimal-qərb hissəsində yerləşən şəhərdir. Lısıçanskdan 15 km, Slavyanskdan 25 km, Baxmutdan 30 km məsafədə yerləşir. Sahəsi 1250,4 hektardır. Şəhər dəniz səviyyəsindən təxminən 70 metr hündürlükdə aran ərazidə yerləşir, buna görə də onun keçmiş adı Yama (Çuxur) olub. Seversk dolomit, kvars qumu, tikinti qumu və gillə zəngin ərazidə yerləşir. 2024-cü ilin ortalarına olan məlumata görə, şəhərdə 1000-dən az sakin (əsasən təqaüdçülər) qalıbmış və yaşayış və ticarət infrastrukturunun 85%-i məhv edilibmiş.
Qeyd edək ki, 2014-cü ilin aprelindən iyul ayına qədər Seversk qondarma “Donetsk Xalq Respublikası”nın silahlı birləşmələrinin nəzarətində olub. Rusiyanın Ukraynada hərbi əməliyyatına başlamasından sonra bu şəhər uğrunda gərgin döyüşlər başladı. Ukrayna ordusu Severskdəki qanunsuz silahlı dəstələri qovdu və şəhərə nəzarət tam rəsmi Kiyevə keçdi.

Rusiya hərbi mənbələri tezliklə Donetskin işğal olunmamış Slavyansk-Kramatorsk aqlomerasiyasını ələ keçirməklə qondarma “Donetsk Xalq Respublikasının” “tam azadlığını” elan edə biləcəklər. Hərbi ekspertlər deyirlər ki, 2026-cı ildə ordunun əsas məqsədi də Slavyansk və Kramatorsk şəhərlərinin ələ keçirilmək olacaq.
Severskə nəzarət şimaldan və şimal-şərqdən, xüsusən də Konstantinovkadan Kramatorska gedən marşrutları kəsməyə və ya atəş altında saxlamağa imkan verəcək.

Rusiyanın əlbəttə ki, tezliklə Slavyansk və Kramatorska doğru irəliləmək iştahasına baxmayaraq, bu asan olmayacaq. Çünki bu Ukraynanın ən güclü istehkamları olan iki şəhəridir. Hər iki şəhərdə sovet dövründə tikilmiş çoxlu sayda sənaye müəssisələri və fabriklər var. Onlardan bəzilərinin zirzəmisi hətta nüvə zərbəsinə tab gətirmək üçün nəzərdə tutulub. O səbəbdən hərbi ekspertlər bu şəhərləri ələ keçirmək üçün hətta neçə ay lazım olduğunu deməyə risk etmirlər. Ona görə bəzi hərbi ekspertlər Rusiyanın indi şimaldan Krasnı Liman üzərində hücum etməsininin uyğun olduğunu düşünürlər. Yəni Severskin işğalından sonra Slavyansk-Kramatorsk aqlomerasiyasında birbaşa hücuma qarşı çıxırlar.
Musavat.com






