Azərbaycan futbolu bu gün növbəti dəfə tarixi gecələrindən birini yaşayacaq. Bakı vaxtı ilə saat 00:00-da qürurumuz "Qarabağ" Çempionlar Liqasının liqa mərhələsində "Nyukasl"la səfər oyununa çıxacaq. Növbəti mərhələyə zərrə qədər ümidimiz yoxdur, çünki ilk oyunda doğma meydanda 1:6 hesablı acı məğlubiyyət yaşamışıq. Amma klublar arasında Çempionlar Liqası kimi ən yüksək turnirdə bu məsafəni bu yerə kimi qət etməyin özü də futbol möcüzəsi sayıla bilər.
İllərdir ki, Avropa meydanlarında ölkəmizin adını ləyaqətlə təmsil edən, bayrağımızı qitənin ən mötəbər stadionlarında dalğalandıran Ağdam klubu artıq nəticədən asılı olmayaraq tarixini yazıb. Bu yol asan olmayıb – zəhmət, inam, peşəkarlıq və sarsılmaz ruh bahasına qazanılıb.
Təcrübəli və uğurlu məşqçimiz Qurban Qurbanovun rəhbərliyi altında formalaşan bu kollektiv bir mövsümlük uğurun yox, uzunmüddətli futbol fəlsəfəsinin məhsuludur. “Köhlən atlar” bu mövsüm qarşılarına qoyulan bütün hədəfləri yerinə yetirməklə kifayətlənməyib, imkanların fövqündə nəticələr göstərərək Azərbaycan futbolunun imkanlarını Avropaya bir daha nümayiş etdiriblər. Bu, sadəcə turnir yolu deyil – bu, dövlətin, xalqın və futbol mədəniyyətinin Avropa səviyyəsində təsdiqidir.
İndi isə qarşıda son sınaqlardan biri var. Rəqib güclüdür, ad-sanlıdır, evində oynayır. Amma unutmayaq ki, "Nyukasl Yunayted" kimi bir klubla üz-üzə gəlmək hər komandanın nəsibi olmur. “Qarabağ” artıq bu mərhələyə təsadüfən gəlməyib. Komanda Avropa səhnəsində necə davranmağı, necə dözməyi və necə mübarizə aparmağı çoxdan öyrənib.
Bu mərhələdə əsas məsələ qalibiyyət və ya hesab deyil. Əsas məsələ Azərbaycanın qürurunu qoruyaraq, meydanı alnıaçıq, başıuca tərk etməkdir. “Qarabağ” bunu bacaracaq gücdədir. Çünki bu komanda artıq çoxdan nəticədən kənar bir status qazanıb – o, Azərbaycanın Avropadakı futbol simvoluna çevrilib.
Futbol mütəxəssisi Kənan Məstəliyev Musavat.com-a oyun öncəsi bunları deyib: "Qarabağ"a deyiləcək söz yoxdur. Komanda onsuz da tarix yazıb, böyük uğur qazanıb. Məğlub da olsa irad tutmağa ehtiyac olmayacaq. Qurban Qurbanovun rəhbərliyi altında "Köhlən atlar" bu mövsüm üçün olan hədəfin öhdəsindən gəliblər, artığını da ediblər. Qalır yarışdan layiqli şəkildə ayrılmaq.
Bunun üçün "Qarabağ" mümkün qədər etibarlı oynamalı, müdafiədə diqqətli olmalı, bəxtini əks-hücumlarda sınamalıdır. Rəqib çox güclüdür, evində oynayır, yüksək pressinq tətbiq edəcəyi dəqiqdir. "Nyukasl" gücünü ilk matçda göstərib, ona bələdik. Səhvlərimizdən nəticə çıxarıb, onları təkrarlamamalıyıq.
Düşünürəm ki, bu matçda ötən həftə olduğu kimi böyük məğlubiyyət yaşamayacağıq".
Cavanşir Abbaslı
Musavat.com






