İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzada həlak olanlar YAD EDİLDİ

524 25.12.2025 11:58 Ölkə A A

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında AZAL-a məxsus təyyarənin qəzası nəticəsində həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Musavat.com xəbər verir ki, tədbirdə həlak olanların ailə üzvləri, yaxınları və həmkarları iştirak edib.

Qeyd edək ki, bu gün AZAL-ın sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakıdan Rusiyanın Çeçenistan Respublikasının paytaxtı Qroznıya uçan “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Xəzər dənizi üzərində “SOS” siqnalı verərək Aktau hava limanına təcili eniş etməyə cəhd göstərib, lakin yerə çırpılıb.

Faciə nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. İlkin baxış zamanı təyyarənin gövdəsində çoxsaylı deşiklər və ciddi zədələr aşkar edilib, bu isə hadisənin sadə texniki nasazlıqdan deyil, kənar fiziki təsirdən qaynaqlandığı ehtimalını gücləndirib. Qəza ilə bağlı həm Azərbaycanda, həm Qazaxıstanda, həm də Rusiyada cinayət işləri açılıb.

Hadisədən dərhal sonra Qazaxıstanın fövqəladə hallar qurumları genişmiqyaslı xilasetmə əməliyyatına başlayıb. “Qara qutu”lar tapılaraq araşdırmaya cəlb olunub. Dekabrın 26-da Azərbaycanda ölkə üzrə matəm elan edilib, Çeçenistan rəhbərliyi isə dekabrın 28-ni respublikada matəm günü elan edib.

Həlak olan ekipaj üzvləri – İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov və Hökümə Cəlil qızı Əliyevaya Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Pilotların ailələri və yaxınları faciədən sonra həm də dövlətin dəstəyini hiss etdiklərini bildiriblər.

Ekspertlər bildirir ki, bu qəza aviasiya təhlükəsizliyi və təyyarələrin texniki vəziyyətinə ciddi diqqət yetirilməsinin vacibliyini bir daha göstərdi. Bundan sonra AZAL və beynəlxalq aviasiya qurumları təhlükəsizlik standartlarını daha da gücləndirmək üçün tədbirlər həyata keçirib.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR