İnsanlara hürriyət, millətlərə istiqlal!

Qrexovun Bakıya qəfil gəlişinin şifrələri

7230 27.02.2026 08:13 Siyasət A A

Azərbaycan Rusiya istehsalı olan hərbi sistemlərdən tam imtina etmək niyyətindədir, yoxsa?

Rusiya Müdafiə Nazirliyinin Silahlanma rəisi və Aerokosmik Qüvvələrin Silahlanma üzrə Baş Komandanının müavini general-polkovnik Yuri Qrexovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gözlənilməz səfəri ətrafında müzakirələr davam edir. Yada salaq ki, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin açıqlamasında bildirilirdi ki, Rusiya nümayəndə heyəti müdafiə nazirinin müavini və Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə ilə görüşüb. Azərbaycan və Rusiya arasında hərbi əməkdaşlığın hazırkı vəziyyəti, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. 

Picture backgroundMusavat.com bildirir ki, diplomatiyada ən sərt siyasi gərginlik dövrlərində belə hərbi və texniki əlaqələrin tam kəsilməsi nadir hallarda baş verir. Rusiya və Azərbaycan arasında bu tip səfərlər tərəflərin “qapıları bağlamırıq” mesajı kimi yozulur. Bu, xüsusilə regionda təhlükəsizlik balansının həssas olduğu vaxtlarda vacib sayılır. Bu səfər münasibətlərin “isti” olduğu anlamına gəlmir. Daha çox onu göstərir ki, tərəflər siyasi gərginliyə baxmayaraq hərbi-texniki dialoqu saxlayır və strateji risklərin qarşısını almaq üçün minimal əməkdaşlıq xəttini qoruyur. Nümayəndə heyətinə rəhbərlik edən Yuri Qrexov silahlanma sahəsinə cavabdeh şəxsdir. Bu, səfərin siyasi deyil, daha çox texniki-peşəkar xarakter daşıdığını göstərir.
Siyasi şərhçi Kamran Məmmədli sayta açıqlamasında deyib ki, bu cür səfərlər siyasi-strateji balansın qorunmasına xidmət edir: “Regionda geosiyasi gərginliyin yüksək olduğu bir vaxtda bu səfəri sırf texniki çərçivədə izah etmək sadəlövhlük olardı. Bu cür səfərlər bir neçə paralel məqsədə xidmət edir və onların əsas mahiyyəti siyasi-strateji balansın qorunması ilə bağlıdır. Rusiya postsovet məkanında silah tədarükçüsü və texniki tərəfdaş kimi mövqeyini qorumağa çalışır. Azərbaycan son illərdə hərbi texnologiyalarını ciddi şəkildə diversifikasiya edib – Türkiyə, İsrail, Pakistan və digər ölkələrlə əməkdaşlıq genişlənib. Bu isə Rusiyanın regiondakı ənənəvi hərbi təsir alətlərini zəiflədir. Moskvanın silahlanmaya cavabdeh generalı Bakıya göndərilməsi Azərbaycanın hələ də Rusiyadan alınmış sistemlərin texniki servis və modernizasiyası ilə bağlı əməkdaşlığı davam etdirib-etdirməyəcəyi ilə bağlı ola bilər. Bakı gələcəkdə Rusiya istehsalı olan hərbi sistemlərdən tam imtina etmək niyyətindədirmi, yoxsa müəyyən sahələrdə əməkdaşlıq qalacaq? Bu, təkcə texniki məsələ deyil. Silah sistemləri uzunmüddətli asılılıq yaradır və Rusiya bunu strateji alət kimi görür. İkinci məqsəd regional hava məkanına və təhlükəsizlik arxitekturasına dair məlumat toplamaqdır. Yuri Qrexovun məhz Aerokosmik Qüvvələrin silahlanmasına cavabdeh şəxs olması xüsusi diqqət çəkir. Bu, təsadüfi seçim deyil. Müasir müharibələrdə hava üstünlüyü və hava hücumundan müdafiə sistemləri həlledici rol oynayır”.
Siyasi şərhçi deyib ki, Azərbaycanın son illərdə hava hücumundan müdafiə və pilotsuz sistemlər sahəsində ciddi modernizasiya aparması Rusiyada diqqətlə izlənir: “Moskva üçün əsas məsələ Cənubi Qafqazda yeni hava-kosmik balansın necə dəyişdiyini anlamaqdır. Bu, xüsusilə NATO-ya üzv Türkiyənin Azərbaycanla hərbi inteqrasiyasının dərinləşməsi, İsrail texnologiyalarının Azərbaycan ordusunda geniş tətbiqi, İran və Rusiya üçün regionda yeni hərbi-texniki reallığın formalaşması baxımından maraq doğura bilər”.
Siyasi şərhçi deyib ki, diplomatiyada ən sərt qarşıdurmalar dövründə belə hərbi kanalların tam bağlanması nadir hallarda baş verir: “Bu, böhranların idarə olunması mexanizmidir. Rusiya-Azərbaycan münasibətləri son illərdə bir sıra həssas mərhələlərdən keçib. Qarabağ müharibəsindən sonra regionda rus sülhməramlılarının yerləşdirilməsi, daha sonra onların çıxarılması, Moskvanın Ermənistandakı mövqeyinin zəifləməsi və Bakının daha müstəqil siyasət yürütməsi Kremlin regiondakı rolunu ciddi şəkildə məhdudlaşdırıb. Belə şəraitdə Moskva üçün əsas məqsəd təsir imkanlarının tam itirilməsinin qarşısını almaqdır. Yüksək rütbəli hərbi nümayəndənin göndərilməsi “biz hələ də buradayıq və dialoq davam edir” mesajıdır.
Ukrayna müharibəsi Rusiyanın hərbi resurslarını və diqqətini ciddi şəkildə cəbhəyə yönəldib. Bu fonda Moskva arxa cəbhə hesab etdiyi regionlarda, o cümlədən Cənubi Qafqazda gözlənilməz hərbi-strateji dəyişikliklərin baş verməməsində maraqlıdır. Azərbaycan regionun ən güclü ordularından birinə malikdir və tam suveren hərbi siyasət yürüdür. Bu, Moskvanı daim vəziyyəti monitorinq etməyə vadar edir. Bu səfər Rusiyanın zəifləyən, lakin hələ də aktiv qalmaq istəyən təsirinin göstəricisidir”.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR