Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Respublika Perinatal Mərkəzdə yanğınla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş direktor Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin məhkəməsi davam etdirilir.
Musavat.com bildirir ki, prosesdə Mehriban Abasquliyevanın vəkili Əlövsət Abbasov vəsatət verib.
O bildirib ki, Cinayət-Prosessual Məcəlləsinin 308 və 309-cu maddələrinə əsasən, məhkəmə tərkibi dəyişdiyindən işə yenidən baxılmalıdır:
“Birinci şahidin dindirilməsinə etiraz etmədik, çünki həmin şəxs hərbi qulluqçu idi. Lakin məhkəmə tərkibində 2 hakim dəyişib. Bu səbəbdən iş yenidən başlanmalıdır. Dövlət ittihamçısının çıxışından sonra əvvəlcə təqsirləndirilən şəxslərin, daha sonra zərərçəkmişlərin və onların hüquqi varislərinin, sonda isə şahidlərin dindirilməsi ilə prosesin davam etdirilməsini istəyirik”.
Əvvəlki heyətdə olan hakimlər Novruz Kərimov və Rasim Sadıxov yaş həddi ilə əlaqədar təqaüdə çıxıblar və bununla əlaqədar yeni hakimlər heyəti formalaşdırılıb. Yeni heyətə sədrlik edən Leyla Əsgərova-Məmmədova ilə yanaşı, hakimlər Mahirə Kərimova və Fəxri Məmmədov daxildir.
Yerində müşavirə keçirən məhkəmə heyəti vəsatəti təmin etməyib. Hakim bildirib ki, təqsirləndirilən şəxslərdən biri əvvəlki proseslərdə ifadə verməkdən imtina edib və onun ibtidai istintaqa verdiyi ifadə elan olunub.
Hakimin sözlərinə görə, ötən iclasda tərəflərin mövqeləri öyrənilib və müvafiq qərar qəbul edilib. O, həmçinin əlavə edib ki, bütün məhkəmə iclasları audio-video yazıya alınıb və tərəflər istənilən vaxt iş materialları ilə tanış ola bilərlər.
Daha sonra şahid qismində Dövlət Yanğın Nəzarəti Xidmətinin sabiq böyük inspektoru Aqşin Səmədov ifadə verib. O bildirib ki, hadisənin birbaşa şahidi olmayıb, lakin mərkəzdə yanğın təhlükəsizliyi ilə bağlı təlimlər keçirilib:
“Respublika Perinatal Mərkəzində gecə yoxlamaları aparılırdı. 2023-cü ilin noyabrında təqaüdə çıxmışam. Həmin ilin yay aylarınadək yoxlamalarda və təlimlərdə iştirak etmişəm. Təlimlər mərkəzin akt zalında keçirilirdi. Yanğın zamanı davranış qaydaları və təhlükəsizlik tədbirləri izah olunurdu”.
Şahid qeyd edib ki, yoxlamalar zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması halları aşkar edildikdə inzibati tədbirlər görülüb. Hüquqi şəxslərə tərtib olunan protokollar məhkəməyə göndərilib, fiziki şəxslərə isə cərimələr yerində tətbiq edilib.
Bundan sonra vəkil Əlövsət Abbasov əlavə şahidlərin dindirilməsi barədə vəsatət qaldırıb. O bildirib ki, yanğından sonra təxliyə olunan körpələr digər tibb müəssisələrinə yerləşdirilsə də, Perinatal Mərkəzin həkimlərinin Kliniki Tibbi Mərkəzə buraxılmasına icazə verilməyib. Bu səbəbdən mərkəzin üç həkiminin əlavə şahid qismində dindirilməsini xahiş edib.
Mehriban Abasquliyeva deyib ki, müalicə alan körpələr Səhiyyə Nazirliyinin göstərişi ilə Kliniki Tibbi Mərkəzə və Yeni Klinikaya köçürülüb. Lakin Kliniki Tibbi Mərkəz Perinatal Mərkəzin həkimlərinin xəstələrə baxmasına icazə verməyib.
Zərərçəkmiş şəxsin hüquqi varisi isə vəsatətə etiraz edərək bildirib ki, körpələr Kliniki Tibbi Mərkəzdə qəbul edilsə də, vəziyyətləri ağır olduğundan həmin müəssisənin həkimləri onlara müdaxilə etməyib və körpələrə Perinatal Mərkəzin həkimləri baxıblar. Kliniki Tibbi Mərkəz yalnız yer və tibbi avadanlıq təmin edib.
Məhkəmə vəsatəti təmin etməyib.
Qeyd edək ki, 2024-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzinin inzibati binasında yanğın baş verib. Faktla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə cinayət işi başlanıb, ibtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.
İstintaqla müəyyən edilib ki, mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədə baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat maddi ziyan dəyib.
Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə mərkəzin direktoru təyin olunmasından sonra tibbi təminat resursları və potensial nəzərə alınmadan xəstə qəbulu sayının iki dəfəyədək artırılması nəticəsində elektrik təsərrüfatının artıq yükləndiyi və bunun yanğına səbəb olduğu barədə əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan yoxlamalar zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması, avtomatik yanğın xəbərverici siqnalizasiya sisteminin nasazlığı, daxili yanğın su kranlarının işlək vəziyyətdə olmaması və elektrik təsərrüfatında ciddi nöqsanların mövcudluğu aşkar edilərək mərkəzin rəhbərliyinə bildirilsə də, direktor Mehriban Abasquliyeva, şöbə müdirləri Hamlet Mustafayev və Elnur Əhmədli tərəfindən bu nöqsanların aradan qaldırılmadığı müəyyən edilib.
Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilirlər.
Cinayət işi üzrə Respublika Perinatal Mərkəzi ilə yanaşı, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam oğlu Hacıyev, Aynurə Qalib qızı Əhmədova və Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıblar.
Növbəti məhkəmə iclası fevralın 4-nə təyin edilib.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com






