Rusiya Erməniləri İttifaqının İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib.
Musavat.com təşkilatın rəsmi səhifəsinə istinadən xəbər verir ki, iclasa Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abrahamyan sədrlik edib.
Tədbir iştirakçılar öncə fevralın 9-da Ukraynaya qarşı döyüşən Erməni batalyonu-"ArBat"ın komandiri Hayk Qasparyanın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. İclasda əsas olaraq diaspor və Ermənistanla bağlı məsələlər müzakirə edilib. Rusiya erməniləri Nikol Paşinyanın rəhbərlik etdiyi mövcud Ermənistan hakimiyyəti tərəfindən təqib edilən Erməni Apostol Kilsəsinə yekdilliklə dəstək verdilər. “Təfriqəçilər tərəfindən aparılan aqressiv kilsə əleyhinə təbliğata qarşı çıxması üçün Rusiyada Erməni Apostol Kilsəsinə dəstək məqsədilə davam edən kampaniyaların və imza toplama işlərinin davam etdirilməsi qərara alınıb” deyə, xəbərdə bildirilir.
Bakıda ermənilərə verilən məhkəmə hökmü də müzakirə edilib. Bildirilib ki, Rusiya Erməniləri İttifaqının “Bakıda saxlanılan erməni girovlarının, o cümlədən DQR liderlərinin məhkəməsi ilə bağlı mövqeyini dəfələrlə açıq şəkildə ifadə edilib”. Ara Abrahamyan deyib ki, “Bakıda saxlanılan erməni əsirlərinə qarşı qanunsuz hökmlər ermənilərə qarşı düşmənçilik və nifrət siyasətinin daha da təsdiqi deyil, həm də Paşinyanın siyasətinin nəticəsidir”.
Abramyan iddia edib ki, Paşinyan “bu məsələni bütün mümkün beynəlxalq forumlarda qaldırmağa, Əliyevlə birbaşa danışıqlar zamanı şərtlər qoymağa borcludur”. Abramyan Paşinyanı hədəf alaraq deyib: “Bunun əvəzinə, o, milli ləyaqəti alçaldan, xalqımızın əsrlər boyu davam edən qəhrəmanlıq tarixini, eləcə də inancımızı və mənəvi ənənələrimizi ləğv edən vassal siyasət yürüdür”.

Toplantıda iyun ayında keçiriləcək parlament seçkiləri öncəsi Ermənistanda yaranan vəziyyət müzakirə olunub. Bildirilib ki, Rusiyada yaşayan bir çox erməni Ermənistan vətəndaşıdır. Rusiyada işləyərkən onlar vətənləri ilə sıx əlaqələr saxlayırlar, o cümlədən Rusiyada qazandıqları gəliri Ermənistandakı ailələrini dolandırmaq üçün göndərirlər. 2007-ci ildən bəri xaricdəki Ermənistan vətəndaşları qanunvericilik dəyişiklikləri nəticəsində seçkilər zamanı səs vermək hüququndan məhrum ediliblər. Bu məsələ ilə bağlı təqdimatlar zamanı konstitusiya borclarını yerinə yetirmək istəyən vətəndaşlara necə kömək etmək, eləcə də Ermənistanın uçuruma sürüşməsinin qarşısını ala biləcək siyasi qüvvələrə və namizədlərə, o cümlədən maliyyə baxımından necə dəstək vermək barədə müxtəlif təkliflər irəli sürülüb.Təklifləri dinlədikdən sonra Ara Abrahamyan vəkillərə bir həftə ərzində müzakirə eduilən məsələlərlə bağlı proqram hazırlamağı tapşırıb.
Bu açıqlamalar Rusiya Erməniləri İttifaqı rəhbərliyinin siyasi ritorikasının daha çox erməni lobbisindən pul qoparmağa hesablandığını göstərir. Təşkilat prezidenti Ara Abrahamyan həm Nikol Paşinyan hakimiyyətini tənqid etməklə, həm də Bakı ilə bağlı ittihamlar səsləndirməklə Rusiyadakı erməni diasporunun, eləcə də Kremlin siyasi çəkisini artırmağa çalışır. Bu cür bəyanatlar adətən seçkiqabağı dövrlərdə fəallaşır və həm Ermənistan daxili siyasətinə, həm də regional informasiya mühitinə təsir göstərmək məqsədi daşıyır. Rusiya da erməni diaspor təşkilatı vasitəsilə həm Azərbaycana, həm də Ermənistana informasiya və siyasi təsir mexanizmlərini aktiv saxlayır. Bu yanaşma Moskvanın regionda strateji mövqelərini möhkəmləndirməyə və mümkün geosiyasi dəyişikliklərə qarşı manevr imkanlarını qorumağa xidmət edir.
Musavat.com






