İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya hədələdi, İki ölkə Ukraynaya nüvə silahlarını qaytarır

925 24.02.2026 22:12 Dünya A A

Ukrayna ətrafında davam edən müharibə fonunda beynəlxalq gündəmi silkələyən son dərəcə təhlükəli iddialar ortaya atılıb. Rusiya tərəfi bəyan edir ki, Fransa və Böyük Britaniya Ukraynaya nüvə silahının qaytarılması ilə bağlı addımlar atmaq niyyətindədir. Bu iddialar artıq təkcə siyasi bəyanat yox, qlobal təhlükəsizlik sistemini təhdid edən ciddi xəbərdarlıq kimi qiymətləndirilir.

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin sözlərinə görə, Paris və Londonun belə bir mövzunu müzakirə etməsi belə beynəlxalq hüququn, xüsusilə də nüvə silahlarının yayılmaması ilə bağlı razılaşmaların açıq şəkildə pozulması deməkdir. Moskva bu addımı birbaşa cinayət kimi dəyərləndirir və xəbərdarlıq edir ki, belə bir ssenari reallaşarsa, nəticələri təkcə Ukrayna üçün deyil, bütün dünya üçün fəlakətli ola bilər.

Məsələ bununla da bitmir. Rusiya Xarici Kəşfiyyat Xidmətinin iddiasına əsasən, Fransa və Böyük Britaniya Ukraynaya nüvə silahının çatdırılması istiqamətində artıq fəal fəaliyyət göstərir. Bu isə Qərb–Rusiya qarşıdurmasının daha təhlükəli mərhələyə keçə biləcəyinə dair narahatlıqları artırır və nüvə balansı ətrafında yeni böhran ehtimalını gündəmə gətirir.

Hərbi ekspert Səxavət Məmməd Musavat.com-a açıqlamasında bunun kifayət qədər ciddi xəbərdarlıq olduğunu söylədi: "Moskva iddia edir ki, Fransa və Böyük Britaniya Ukraynaya nüvə texnologiyaları və ya komponentləri ötürməyi planlaşdırır. Bu iddia sadəcə diplomatik gərginlik deyil, həm də qlobal təhlükəsizlik sisteminin təməllərini sarsıda biləcək bir xəbərdarlıqdır.

Rusiyanın ittihamlarının mərkəzində 1968-ci il Nüvə Silahlarının Yayılmaması Haqqında Müqavilə (NPT) dayanır. Bu sənədə əsasən, nüvə dövlətləri öz silahlarını və ya onlara nəzarəti qeyri-nüvə dövlətlərinə verə bilməzlər.

Peskovun və Vyaçeslav Volodinin bu addımı "cinayət" adlandırması ondan irəli gəlir ki, Ukraynaya nüvə statusunun qaytarılması 191 ölkənin imzaladığı beynəlxalq hüquq sisteminin tamamilə süqutu deməkdir. Rusiya tərəfi vurğulayır ki, belə bir presedent zəncirvari reaksiya yaradaraq dünyanın digər regionlarında da nüvə silahlanmasını stimullaşdıra bilər.

Fransanın və ya Britaniyanın Ukraynaya hazır nüvə bombası verməsi az ehtimal olunan, ancaq gizli yollarla dəstək mümkündür.

Hazır silah deyil, nüvə başlıqlarının hazırlanması üçün lazım olan kritik komponentlərin (məsələn, Fransa istehsalı TN75 texnologiyası) gizli ötürülməsi mümkün variantdır.

Ukraynaya həm adi, həm də nüvə başlığı daşıya bilən uzaqmənzilli raketlər verilə bilər. Fransanın öz nüvə arsenalını bütün Avropanın (o cümədən Ukraynanın) müdafiəsinə cəlb etmək imkanları var.

Moskva bu bəyanatlarla həm də özünün yenilənmiş "Nüvə doktrinası"na işarə edir. Yeni qaydalara görə, nüvə silahı olmayan bir ölkə (Ukrayna), nüvə dövlətinin (Fransa/Britaniya) dəstəyi ilə Rusiyaya hücum edərsə, bu, nüvə dövlətinin birbaşa hücumu kimi qiymətləndirilir.

Adi silahlarla (dron, raket) edilən hücumlar ölkənin suverenliyinə ciddi təhdid yaradarsa, Rusiya nüvə silahından istifadə hüququnu özündə saxlayır.

Hazırkı mərhələdə Rusiya rəsmilərinin bəyanatlarını daha çox strateji çəkindirmə kimi qiymətləndirmək olar. Rusiya bu cür sərt çıxışlarla Qərbin Ukraynaya uzaqmənzilli və daha dağıdıcı silahlar verməsinin qarşısını almağa çalışır. Ancaq nüvə mövzusunun bu qədər tez-tez gündəmə gəlməsi göstərir ki, tərəflər arasında "qırmızı xətlər" artıq daha dumanlıdır və hər hansı bir yanlış addım qlobal fəlakətə yol aça bilər".

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR