Rusiyada miqrasiya siyasəti daha da sərtləşdirilir və yeni qaydalar xüsusilə ölkəyə uzunmüddətli gələn əcnəbiləri hədəfə alır.
Musavat.com xəbər verir ki, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin miqrantlara nəzarətin gücləndirilməsini nəzərdə tutan geniş qanunvericilik paketinin hazırlandığını açıqlayıb.
Yeni təşəbbüslərə əsasən, 3 aydan artıq Rusiyada qalacaq miqrantlar üçün tibbi müayinədən keçmə müddəti 90 gündən 30 günə endirilir. Tibb müəssisələri isə miqrantlarda infeksion xəstəliklər aşkarlandıqda bu barədə dərhal Daxili İşlər Nazirliyi və Rospotrebnadzora məlumat verməyə məcbur olacaq. Məqsəd xəstə şəxslərin operativ şəkildə deportasiyasıdır.
Qanun layihəsində tibbi müayinədən yayınan miqrantlar üçün cərimə və ölkədən çıxarılma, tibbi arayışların saxtalaşdırılmasına görə isə cinayət məsuliyyəti nəzərdə tutulur. Rəsmilərin sözlərinə görə, bu addımlar “ictimai təhlükəsizliyin artırılması” və ölkədə sanitariya-epidemioloji vəziyyətin nəzarətdə saxlanması üçün atılır.
Musavat.com






