Rusiyanın 291-ci mühafizəçi motoatıcı alayının zabitləri ilə çeçen “Axmat-Şərq” batalyonunun Krım vasitəsilə qanunsuz silah dövriyyəsi təşkil etdiyi barədə xəbər yayılıb.
Musavat.com bildirir ki, bu xəbər Ukrayna OSINT icması InformNapalm birliyi tərəfindən yayılıb.
Birlik bununla bağlı informasiyasını rusiyalı hərbçilərin sındırılmış yazışmalarından əldə olunmuş materiallara əsaslandırıb.
İddialara görə, ukraynalı haker qruplaşması “256-cı kibershturm diviziyası” bir neçə rus zabitinin, o cümlədən mayor Yevgeni Dmitriyevin yazışmalarına giriş əldə edib. Dmitriyevin əvvəllər narkotik maddələrlə bağlı cinayət işindən məhkumluğu olduğu, daha sonra Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq “Ştorm-V” adlı “cərimə” bölmələrində tağım komandiri olduğu bildirilir.
Məlumata görə, Dmitriyev Xerson və Zaporojye vilayətlərinin işğal olunmuş ərazilərindən çıxarılan yüngül silahların yenidən satışını kurasiya edib. Silahlar əvvəlcə Krıma daşınır, daha sonra isə Rusiyanın müxtəlif regionlarında və xaricdə - Avropa, Yaxın Şərq və Afrika ölkələrində - qanunsuz bazarlara çıxarılırmış. Daşımalarda Rusiyanın “kölgə donanması”na aid gəmilərdən də istifadə edildiyi qeyd olunur.
İstintaq materiallarında silahın əldə edilməsinin iki əsas yolu göstərilir: döyüş itkilərinin saxtalaşdırılmış şəkildə sənədləşdirilməsi və bəzi hərbçilərin “silahı döyüşdə ələ keçirmək” təklifi ilə hücumlara silahsız göndərilməsi. Yüklərin blok-postlardan keçməsi üçün loyallığı təmin olunmuş patrul şəbəkəsinin qurulduğu, “Axmat” döyüşçüləri ilə əməkdaşlığın isə Federal Təhlükəsizlik Xidmətinin mümkün yoxlamaları barədə əvvəlcədən xəbər almağa imkan verdiyi iddia olunur.
Musavat.com






