Rusiya-Ukrayna müharibəsində Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşlərdə iştirak edən iki azərbaycanlı itkin düşüb.
Musavat.com xəbər verir ki, bu barədə hərbi bloqer Tofiq Şahmuradov sosial media hesabında məlumat yayıb.
Onun sözlərinə görə, Sumqayıt şəhər sakini Abbasov Bəhlul Zülfüqar oğlu ilə ailəsi uzun müddətdir əlaqə saxlaya bilmir. Bildirilir ki, o, sonuncu dəfə Çasov Yar yaşayış məntəqəsi istiqamətində gedən döyüşlərdə iştirak edib.
Bloqer həmçinin qeyd edib ki, Lənkəran rayonunun Xanbulan kənd sakini Cabbarov Anar Nurməmməd oğlu da Rusiya–Ukrayna müharibəsində Rusiya tərəfdən döyüşüb və 4 aydır itkin düşmüş hesab olunur. Məlumata görə, Anar Cabbarov sonuncu dəfə dörd ay əvvəl ailəsi ilə danışıb, bundan sonra onunla əlaqə kəsilib.
Şahanə Rəhimli
Musavat.com






