Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidməti bəyanat yayıb.
Musavat.com xəbər verir ki, bu barədə zavtra.ru saytı nəlumat yayıb.
Bəyanatda bildirilir ki, ABŞ, Böyük Britaniya, Almaniya, Polşa və digər Avropa ölkələrindən olan “demokrtayiya fondları” Belarusda konstitusiya quruluşunda dəyişiklik etmək üçün qüvvə və resurslar toplayırlar.
“Son illərdə Litva və Polşada möhkəmlənmiş Svetlana Tixanovskayanın rəhbərlik etdiyi fəallar öz ölkələrindəki proseslərə təsir göstərməkdə tam aciz olduqlarını etiraf ediblər. "Rəngli inqilab" ssenarisini həyata keçirmək üçün məqsəd Belarus cəmiyyətində yeni qüvvəlkər tapmaqdır. Bunun üçün ölkə daxilində mümkün qüvvələrin hərtərəfli "inventarizasiyası" aparmağı planlaşdırırlar” deyə, bəyanatda bildirilir.

Belarus parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Oleq Qaydukeviç öz “Telegram” kanalında bu rəsmi xəbərdarlığa şərh verib.
Siyasətçi qeyd edib ki, keçmiş Sovet respublikaları Qərb tərəfindən "Rusiya əleyhinə" layihə həyata keçirmək üçün istifadə olunur və Qərbdə "istənilən postsovet respublikasına geosiyasi perspektivdən baxılır: onu Rusiya Federasiyasına qarşı çevirmək, ən yaxşı halda vətəndaş müharibəsini qızışdırmaq, ən pis halda isə rusofobik dayaq yaratmaq". O, TASS-a verdiyi müsahibədə isə deyib ki, Qərb əsasən gəncləri sosial şəbəkələr vasitəsilə hərəkətə gətirməyə çalışırlar: “Guya humanitar layihələrlə məşğul olacaqlar. Daha sonra isə, lazımi anda onları siyasi məqsədlər üçün yenidən istifadə edəcəklər. Guya siyasətlə əlaqəsi olmayan QHT-ləri və bəzi ictimai təşkilatları dialoq yolu ilə geri qaytarmağa çalışacaqlar. Qərb Belarusdakı elitanın bir hissəsini satın almağa, iş adamları, sahibkarlar, qanuni olaraq qalan siyasi partiyalarla işləməyə, fəalları, bəzi rayon strukturlarının liderlərini axtarmağa, onları satın almağa, işə götürməyə çalışacaq. Xüsusi xidmət orqanlarımız bütün bunları başa düşür”.
Siyasətçi deyib ki, belarusluların mütləq əksəriyyəti hazırda ölkə prezidentini dəstəkləyir.
Belarusda seçkilərə 3 il zaman qaldığı bir vaxtda Rusiya Xarici Kəşfiyyat Xidmətinin xəbərdarlığı daha çox həm daxili, həm də xarici auditoriyaya yönəlib: daxildə Lukaşenkonun dəstəkçilərini təşviq, xaricdə isə Qərb fəaliyyətlərini “məkrli plan” kimi təqdim etmək məqsədi güdür. Oleq Qaydukeviçin sözləri də bunu təsdiqləyir, Qərbin postsovet ölkələrinə geosiyasi baxımdan yanaşmasını “Rusiya əleyhinə layihə” kimi qiymətləndirir. Yəni xəbərdarlığın əsas mesajı budur ki, Belarus hakimiyyəti üçün risk daxili dəyişikliklərin xaricdən koordinasiya olunmasıdır və Lukaşenkonun dəstəyi hələ də ölkə əhalisi arasında güclü sayılır.
Musavat.com






