Rusiyada azərbaycanlı diaspor rəhbərlərinin vətəndaşlıq məsələsi yenidən gündəmə gəlib. Bu dəfə İvanovo vilayətində fəaliyyət göstərən “Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatının sədri Asif Məmmədovun Rusiya vətəndaşlığından məhrum edildiyi bildirilir. Məlumata görə, qərar Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən qəbul olunub və səbəb kimi “milli təhlükəsizliyə təhdid yaradan fəaliyyətlər” göstərilib. (APA)
Hadisə xüsusilə onunla diqqət çəkir ki, Asif Məmmədov 2025-ci ilin sentyabrında İvanovo Şəhər Dumasına namizədliyini irəli sürmüş və hətta qeydiyyatdan keçmişdi. Lakin namizədliyi ilə bağlı məlumatın yayılmasından sonra yaranan onlayn qalmaqal fonunda seçki komissiyası onun qeydiyyatını ləğv edib. İndi isə daha sərt addım – vətəndaşlığın ləğvi qərarı verilib.
Son illər Rusiyanın müxtəlif regionlarında – Arxangelsk, Moskva, Ulyanovsk vilayətləri və Moskva şəhərində də azərbaycanlı diaspor rəhbərlərinin vətəndaşlıq statusu ilə bağlı oxşar qərarlar qəbul edilib. Bu isə məsələnin təkcə fərdi hal deyil, daha geniş tendensiya olub-olmadığı sualını gündəmə gətirir.
Bu cür hallar Azərbaycan-Rusiya münasibətlərinə və ölkədə yaşayan azərbaycanlı icmasının hüquqi durumuna necə təsir göstərir? Rusiya daxilində digər azərbaycanlı və ya xarici icma liderləri üçün belə qərarlar presedent sayılırmı?

Siyasi şərhçi Azər Hüseynov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:
“Azərbaycanlı diaspora rəhbərlərinin vətəndaşlıqdan məhrum edilməsi, əlbəttə, Azərbaycan–Rusiya münasibətlərinə müsbət təsir etmir. Çünki Rusiya ərazisində kifayət qədər azərbaycanlı yaşayır və onların bir çoxu Rusiya vətəndaşıdır. Onlar həmçinin Rusiya iqtisadiyyatı, sosial və ictimai həyatına mühüm töhfələr verirlər. Tarixi baxımdan azərbaycanlılar Rusiya iqtisadi quruculuğunda da daim fəal iştirak ediblər – məsələn, Fərman Salmanov kimi şəxslərin fəaliyyəti bir çox sənaye sahələrinə xidmət edib və bu gün də minnətdarlıqla xatırlanır.
Buna görə də rusiyalı azərbaycanlıların vətəndaşlıqdan məhrum edilməsi qarşılıqlı münasibətlərdə müsbət kimi qiymətləndirilə bilməz. Güman edirəm ki, bu proses davamlı olmayacaq”.
Analitik hesab edir ki, əks halda Azərbaycan tərəfdən də müəyyən reaksiyalar ola bilər:
“Münasibətlərin gərginləşdirilməsi sağlam məntiqə uyğun deyil, çünki azərbaycanlılar Rusiya iqtisadiyyatında və ictimai həyatında əhəmiyyətli rol oynayırlar. Onların hüquqlarının qorunması və siyasi motivli qərarlardan qorunması Rusiyanın öz maraqlarına uyğundur. Azərbaycanda ruslara qarşı yüksək tolerantlıq yanaşması hər halda o qərarları siyasi motivlərlə qəbul edən hakimlərə nümunə olmalıdır. Azərbaycanlılar birgə yaşayış nümunəsini nəinki burada, Rusiyada da göstərirlər. Əlbəttə, belə bir xalqa qarşı bu cür addımlar doğru deyil və presedent yaranmasına səbəb ola bilər”.
Afaq Mirayiq,
Musavat.com






