Rusiyada səs-küylü hüquqi və dini polemika başlayıb.
Musavat.com xəbər verir ki, Pravoslav Kilsəsi insanın özünə pasportda “İsus Xristos” adını götürməsini təxribatçı addım hesab edir və bu praktikanın qanunla qadağan edilməsini təklif edib.
Məsələ Rusiya Pravoslav Kilsəsinin Cəmiyyət və KİV-lə əlaqələr üzrə sinodal şöbəsinin sədr müavini Vaxtanq Kipşidzenin açıqlaması ilə gündəmə gəlib. O bildirib ki, ad seçimi şəxsi hüquq olsa da, dini dəyərlərin təhqiri məqsədi ilə istifadə edilə bilməz:
“Belə ad götürmək bilavasitə provokasiyadır. Adlar millətin mədəni ənənələrinə, dini hisslərinə hörmətlə yanaşmalıdır. Hüquq sistemi bunu nəzərə almalıdır”.
Kipşidze bu kimi addımların gələcəkdə qanunla məhdudlaşdırılmasına çağırış etsə də, artıq rəsmi şəkildə belə ad daşıyan şəxslərə qarşı geriyə dönük cəza tətbiq edilməsinin düzgün olmadığını da vurğulayıb.
Səs-küylü hadisə: Kazanda “İsus Xristos” adlı şəxs həbs olundu
Müzakirə təsadüfi yaranmayıb. Tatarstanın Kazan şəhərində yaşayan və pasportda rəsmi olaraq İsus Petrovıç Xристос adını daşıyan şəxsin məhkəmə işi Rusiyada nümunəvi rezonans yaradıb. O, 45 miqrant üçün “rezin mənzil” təşkil etdiyi – yəni qeydiyyat və yaşayış yeri fırıldağına görə iki il şərti cəza alıb.
Hadisə sosial şəbəkələrdə böyük dalğa yaradıb: bəziləri bunu dini təhqir, bəziləri isə sistemin absurdluğunu ifşa edən ironiya kimi dəyərləndirib. Məhz bu hal Pravoslav Kilsəsinin aktiv reaksiyasına səbəb olub.
Müzakirənin mahiyyəti: hüququmuz nə qədər sərhədsiz ola bilər?
• Kilsə hesab edir ki, müqəddəs adların gündəlik məişətdə, xüsusilə kriminal kontekstlərdə istifadəsi dini hisslərə hörmətsizlikdir.
• Hüquqşünaslar isə bildirir ki, ad seçiminə müdaxilə konstitusion azadlıqların məhdudlaşdırılması kimi qiymətləndirilə bilər.
• Sosial şərhçilər bunu cəmiyyətin dəyərlər sistemindəki ziddiyyətlərin aynası sayır: bir tərəfdə “dini sayğı”, o biri tərəfdə “şəxsi azadlıq”.
Hazırda qanun layihəsi yoxdur, lakin mövzu parlament müzakirəsinə çıxarıla bilər. Kilsə nümayəndələri artıq hüquqi mexanizmlər üzərində ekspert dialoqunun vacibliyini vurğulayıblar.
Musavat.com






