Rusiyada yaşayış tikintisinin tempi satış imkanlarını xeyli qabaqlayıb və bu, daşınmaz əmlak bazarında ciddi problemlər yaradıb.
Musavat.com xəbər verir ki, nəticədə ölkənin bir sıra iri şəhərlərində inşa edilən mənzillərin böyük hissəsi alıcı tapmır. Əhalisi 1 milyonu keçən 10 şəhərdə, o cümlədən Krasnodar, Omsk, Volqoqrad, Krasnoyarsk, Ufa və digər böyük yaşayış məntəqələrində tikilmiş mənzillərin yarıdan çoxu hələ də satılmayıb.
Mütəxəssislər bunu son illərdə tikinti həcmlərinin kəskin artması fonunda bazarda tələb və təklif arasında yaranmış uyğunsuzluğun açıq göstəricisi kimi dəyərləndirirlər.
Statistikaya əsasən, 2025-ci ilin üçüncü rübündə eskrou hesabları ilə reallaşdırılan layihələr üzrə satılmamış yaşayış sahəsi 1,9 milyon kvadratmetr artaraq 81 milyon kvadratmetrə çatıb. Bu rəqəm daşınmaz əmlak bazarında dərin disbalansın formalaşdığını göstərir.
Beləliklə, Rusiya daşınmaz əmlak bazarı hazırda artıq təklif, zəif tələb və potensial qiymət təzyiqi ilə xarakterizə olunan riskli mərhələyə daxil olub. Bu vəziyyətin yaxın dövrdə tikinti sektoruna və maliyyə bazarlarına əlavə təsirlər göstərə biləcəyi istisna edilmir.
Musavat.com






