İranın sabiq şahbanusu Fərəh Pəhləvi ölkədə davam edən etirazlar fonunda İran Silahlı Qüvvələrinə müraciət edərək hərbçiləri xalqın yanında olmağa səsləyib.
Musavat.com xəbər verir ki, Fərəh Pəhləvi bəyanatında vurğulayıb ki, tarixin bu həlledici məqamında heç bir hökumət və maraq öz xalqının qanının axıdılmasına bəraət qazandıra bilməz. O, hərbçiləri etirazçıların qəzəbli hayqırtılarını eşitməyə və gec olmadan bacı-qardaşlarına qoşulmağa çağırıb.
Sabiq şahbanunun sözlərinə görə, qatillərin taleyi ilə öz talelərini bağlamamaq hərbçilərin və ailələrinin gələcəyi üçün həyati əhəmiyyət daşıyır. “Sabahın azad İranı sizin övladlarınıza da məxsusdur. Öz həmvətənlərinizin qanını axıtmaqla nə öz gələcəyinizi, nə də ailələrinizin gələcəyini məhv etməyin,” — deyə o bildirib.
Fərəh Pəhləvi əlavə edib ki, bu günlərin tarixi İranın salnaməsində əbədi qalacaq, ləkə isə öz xalqına tuşlanan güllələrin sahiblərinin üzərində qalacaq. O, həmçinin İranın analarına və atalarına səbir və güc arzulayıb, yasda onlarla bir olduğunu bəyan edib.
Musavat.com






