İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahin Şıxlınskiyə yekun ittiham elan olundu - işi aparan və ifadə verənlər ermənilərdir

952 12.12.2025 16:15 Gündəm A A

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbəri, hazırda həbsdə saxlanılan Şahin Şıxlinskiyə qarşı cinayət işi tamamlanıb və iş baxılması üçün məhkəməyə göndərilib.

Gələn məlumatlar Rusiya hüquq-mühafizə strukturlarının azərbaycanlılara qarşı son aylarda apardığı sərt xəttin davam etdiyini göstərir. Məlum olur ki, Şahin Şıxlinski barəsində ifadələri Rusiya İstintaq Komitəsinin mühüm işlər üzrə baş müstəntiqi, ədliyyə mayoru, erməni əsilli A.S. Karapetyan alıb.

Bu fakt təkcə müdafiə tərəfini yox, diaspor nümayəndələrini də narahat edir. Çünki iş üzrə əsas şahidlərdən biri də Rusiya Daxili İşlər Nazirliyinin digər bir erməni əsilli əməkdaşı Karen Kamoyeviç Tutuncyandır.

Rusiyadakı mənbə APA-ya bildirib ki, Şahin Şıxlinski ilə istintaq materiallarıyla tanışlıq zamanı işin açıq şəkildə birtərəfli, qərəzli formada aparıldığı görünür:

“İstintaq materialları ilə tanış olan zaman Şahin Şıxlinski barədə cinayət işinin birtərəfli və qərəzli aparıldığı, ona qarşı irəli sürülən ittihamlarda kifayət qədər ziddiyyətli məqamların mövcud olduğu görülür”.

Bu ziddiyyətlərin bir qisminin məhz şahid ifadələrində ortaya çıxdığı deyilir. Şıxlinskiyə Rusiya Cinayət Məcəlləsinin 318-ci (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq) və daha ağır sifarişli qətlə cəhd maddələri ilə ittiham irəli sürülüb. Müdafiə tərəfi ittihamların sübut bazasının çox zəif olduğunu, sonradan əlavə olunan epizodların süni şəkildə şişirdildiyini iddia edir.

Musavat.com xatırladır ki, 2025-ci ilin iyununda Yekaterinburq polisi Azərbaycan diasporuna qarşı genişmiqyaslı əməliyyat həyata keçirib. Güc tətbiqi ilə keçirilmiş əməliyyat zamanı iki azərbaycanlı - Ziyəddin və Hüseyn Səfərov qardaşları ağır xəsarətlər alaraq ölüblər. Digər qohumlar və bir neçə həmyerlimiz isə illər əvvəl baş vermiş - 2001, 2010 və 2011-ci illərə aid cinayət işləri üzrə həbs olunub. Bu hadisələr fonunda diaspor rəhbəri Şahin Şıxlinski iyulun 2-də hərbi geyimli, maskalı, üzərində tanınma nişanı olmayan şəxslər tərəfindən avtomobilinin qarşısı kəsilərək saxlanılıb. Onun və oğlu Mutvalının yerə yıxılaraq qandallanması ictimai rezonans yaratmışdı.

Mutvalı Şıxlinski qısa müddət sonra sərbəst buraxılsa da, Şahin Şıxlinski bir neçə saatlıq dindirmədən sonra azadlığa buraxılmışdı. Lakin vəziyyət bununla bitməyib.

Sonradan hüquq-mühafizə qurumları Şıxlinski ailəsinə həmin saxlanılma vaxtı dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddəsi ilə cinayət işi başlayıb. İyulun 16-da Mutvalı Şıxlinski yenidən saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Şahin Şıxlinski isə axtarışa verilib və avqustun 2-də Moskvada saxlanılaraq Yekaterinburqa etap olunub. Bu gün artıq onun işi məhkəməyə göndərilib.

Yekaterinburqdakı Azərbaycan icması baş verənlərin təsadüfi olmadığını düşünür. Onlar hesab edirlər ki, Şıxlinskiyə qarşı irəli sürülən ittihamlar, erməni əsilli istintaqçı və şahidlərin iştirakı, Səfərov qardaşlarının ölümü və ardıcıl həbslər müəyyən sistemli təzyiq siyasətinin olduğunu göstərir. Məsələ Azərbaycanın diplomatik dairələrində də narahatlıq doğurur. Çünki Rusiyanın iri sənaye bölgəsində yaşayan on minlərlə azərbaycanlı üçün diaspor strukturlarının çökdürülməsi həm sosial, həm də təhlükəsizlik baxımından ciddi risklər yarada bilər.

Bu gün Şahin Şıxlisnkidən savayı Əhliman Gənciyev, Əziz Abasov, Şahin Lalayev, Akif, Ayaz, Bakir, Kamal və Məzahir Səfərovlar haqda verilmiş qərarlarla onların 29 dekabr 2025-ə qədər həbsdədirlər. Müdafiə tərəfi bunu faktiki məhkəməsiz cəza kimi qiymətləndirir.

Xatırladaq ki, Bakıda saxlanılan “Sputnik Azərbaycan” agentliyinin 5 əməkdaşı Azərbaycan hüquq-mühafizə orqanlarının qərarı ilə zaminə buraxılıb. Ekspertlər bu addımı Bakıdan Moskva istiqamətində verilən siyasi jest kimi dəyərləndirirdilər. Bunun ardınca Rusiyada həbsdə saxlanılan azərbaycanlıların da azadlığa buraxılması ilə bağlı gözləntilər yaranmışdı. Hətta Moskvada diaspora fəallarından birinin azadlığa buraxılması bu ehtimalları daha da gücləndirmişdi. Lakin baş verənlər gözlənilən effekti vermədi, Uraldakı həbslər qüvvədə saxlanıldı, həbs müddətləri daha da uzadıldı, Şıxlinski və digər şəxslərin işlərində yumşalma müşahidə olunmadı.

Hazırda Rusiya üzrə təxminən 20-yə yaxın azərbaycanlı analoji ittihamlarla uzunmüddətli istintaq təcridxanalarında qalır.

Şahidlərin ifadələri, əməliyyat zamanı Səfərov qardaşlarının ölümü və həbsdə olanların üzləşdiyi təcrid rejimi Rusiyada güc strukturlarının Azərbaycan diasporuna qarşı məqsədli əməliyyat keçirdiyini iddia edənləri haqlı göstərə biləcək məqamları ortaya çıxarır.

Moskvanın bu addımının arxasında bir neçə ehtimal irəli sürülür. Bu həbslər geosiyasi təzyiq mexanizmi elementi kimi dəyərləndirilir, Bakı ilə müəyyən məsələlərdə dialoqu formalaşdırmaq üçün təzyiq vasitəsi olaraq istifadə olunur.

Belə görünür ki, Yekaterinburq, Moskva və Sankt-Peterburqda azərbaycanlıların güclü ictimai-iqtisadi aktivliyi Rusiya hakim dairələrində qıcıq yaradır. Bu baxımdan kriminal fon şişirdilir, Rusiyada müəyyən qruplar Azərbaycan diasporunu kriminal struktur kimi təqdim etməyə çalışır. Bu əsnada Moskva “Sputnik” epizoduna adekvat reaksiya verməyə tələsmir, Azərbaycanın etdiyi humanist addım eyni səviyyədə cavablandırılmaqdan yayınır.

Eyni zamanda Rusiyada Azərbaycanlılarla bağlı hələ də cavabsız qalan suallar var. Səfərov qardaşları əməliyyat zamanı hansı şəraitdə həyatını itirib? Rusiyanın rəsmi izahatı niyə ictimaiyyətə təqdim olunmur? 14-24 il əvvələ aid işlərin məhz indi “dirilməsi” hansı səbəblərə söykənir? Şahin Şıxlinskiyə qarşı irəli sürülən ittiham sübutlarla təsdiqlənibmi? Yoxsa bu, diasporun parçalanması məqsədi güdən siyasi ittihamdır? Azərbaycan tərəfinin atdığı addımlardan sonra niyə Rusiya eyni jesti göstərmədi? Bu sualların hər biri Azərbaycan cəmiyyətində haqlı şəkildə ciddi narahatlıq yaradıb.

Yekaterinburqda və bütövlükdə Ural regionunda azərbaycanlılara qarşı aparılan son aylardakı həbslər təkcə kriminal proses deyil. Bu, həm də insan hüquqları məsələsi, diaspor təhlükəsizliyinin zəifləməsi, Bakı-Moskva münasibətlərində yeni gərgin xəttin yaranmasıdır.

Həbsdə olan həmvətənlərimizin taleyi, Səfərov qardaşlarının ölümü və Şahin Şıxlinskiyə qarşı irəli sürülən ağır ittihamların siyasi fonu yaxın aylarda Azərbaycan-Rusiya münasibətlərinin ən həssas mövzularından biri olaraq qalacaq.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR