İnsanlara hürriyət, millətlərə istiqlal!

Şimal-Cənub dəhlizi risk altında

952 14.01.2026 08:30 Gündəm A A

Azərbaycanın da iştirakçısı olduğu regional layihələrin icrası qeyri-müəyyən müddətə dayandırıla bilər

Cənub qonşumuzda cərəyan edən gərgin proseslər yenidən Azərbaycan və onun İranla birlikdə iştirakçısı olduğu beynəlxalq layihələri təhdid etməkdədir.

Prezident Donald Trampın İranla ticarət edən bütün ölkələrə 25 faizlik gömrük rüsumu tətbiq etməsinin ardınca ABŞ-nin İranın enerji və bank sektorlarına, eləcə də ölkədəki əsas şəxslərə qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşdığına dair məlumatlar yayılmaqdadır. 

İndiyədək Vaşinqtonun İrana qarşı sanksiyalarını dəstəkləməyən Aİ-nin mövqeyini dəyişməsi Tehran üçün yaxşı heç nə vəd etmir. Sanksiyalar İranda sosial-iqtisadi problemləri dərinləşdirməklə yanaşı, onun iştirakçısı olduğu regional və beynəlxalq layihələrin icrasını qeyri-müəyyən müddətə dayandıra bilər. Bu, xüsusilə İrandan keçən mühüm ticarət-nəqliyyat layihələrinə, əsasən də Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə aiddir. 

Məlumdur ki, layihənin əsas benefisiarları Hindistan, Rusiya, İrandır. Şimal-Cənub dəhlizi - Hindistan, İran, Azərbaycan və Rusiya vasitəsilə Şimaldan (Rusiya, Sankt-Peterburq, Moskva) Cənuba (Hindistanın liman şəhərləri) malların daşınması üçün qurulan beynəlxalq nəqliyyat marşrutudur. Bu dəhliz həm də dəniz və quru nəqliyyatını birləşdirir. Şimal-Cənub dəhlizi Azərbaycan üçün böyük iqtisadi və geosiyasi əhəmiyyətə malik bir layihədir. Bu dəhliz Fars körfəzindən Baltik dənizinə qədər uzanan strateji bir nəqliyyat marşrutudur və region ölkələrinə tranzit imkanları yaratmaqla yanaşı, Azərbaycana da ciddi dividentlər qazandırma potensialına sahibdir. Azərbaycan uzun müddətdir bu layihədə  logistika mərkəzinə çevrilmək üçün infrastrukturun inkişafına çox böyük yatırımlar edir. 

Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi reallığa çevrilir VİDEO - AZƏRTAC

Son iki ildə dəhlizin fəaliyyətinin gücləndirilməsi istiqamətində Azərbaycan, İran və Rusiya arasında bir sıra mühüm razılaşmalar əldə edilib.  Belə ki, 2024-cü ilin dekabrında Azərbaycan və Rusiya arasında Şimal-Cənub dəhlizi ilə tranzit yük daşımaları, o cümlədən dəmiryol daşımalarının inkişafı üçün əməkdaşlığı nəzərdə tutan saziş imzalanıb. Sazişin məqsədi dəmiryol infrastrukturunun və tranzit daşımalarının inkişafı üzrə əməkdaşlığın şərtlərini müəyyən etmək və Şimal-Cənub dəhlizinin Qərb marşrutunun potensialını artırmaqdır. 

2025-ci il oktyabrın 10-da Bakıda Azərbaycan, Rusiya və İran arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq məsələlərinə həsr olunan üçtərəfli görüş keçirilib. Açıqlanan rəsmi məlumata əsasən görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmir yolunun Rəşt-Astara hissəsinin tikintisinin davam etdirilməsi, nəqliyyat-tranzit, enerji və gömrük sahəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafı məsələləri müzakirə olunub.

Üç ölkə arasında dəhliz üzrə işlərə dair Fəaliyyət Planının 3 ay müddətində hazırlanması üçün İşçi qrupunun yaradılması barədə razılıq əldə olunub. Eyni zamanda 3 ölkənin gömrük, sərhəd və nəqliyyat qurumlarının nümayəndələrindən ibarət avtomobil daşımaları üzrə xüsusi İşçi qrupunun yaradılması barədə razılıq əldə olunub.

Tədbir çərçivəsində Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası arasında tranzit daşımalarının təşviq edilməsi məqsədilə gömrük orqanlarının qarşılıqlı fəaliyyəti üzrə üçtərəfli işçi qrupunun əsasnaməsi imzalanıb. 

Ötən ilin noyabrında Bakıda Müstəqil Dövlətlər Birliyinin Dəmiryol Nəqliyyatı Şurasının 83-cü iclası çərçivəsində Azərbaycan, Rusiya və İran arasında “Şimal-Cənub dəhlizinin qərb marşrutu üzrə rəqabətqabiliyyətli birbaşa tariflərin formalaşdırılması və logistik xidmətlərin inkişafı barədə Memorandum” imzalanıb.

Şimal-Cənub" nəqliyyat dəhlizi hansı yeni imkanlar yaradacaq?

Azərbaycan hökumətinin hesablamalarına görə, müvafiq dəmir yolu infrastrukturunun modernləşdirilməsindən sonra 2028-ci il yanvarın 1-dən etibarən dəhlizlə ildə azı 5 milyon ton yük daşınacaq. Bu həcmin daha sonra azı 15 milyon tona qədər artırılması planlaşdırılır. 

Qeyd edək ki, 2024-cü ildə Şimal-Cənub dəhlizi ilə Azərbaycan ərazisindən 814 min ton tranzit yük daşınıb ki, bu da əvvəlki illə müqayisədə 28 faizdən çoxdur. 2025-ci ilin yanvar-sentyabrında dəhlizlə ümumi yükdaşımaların  həcmi 6,7 milyon ton təşkil edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 303,2 min ton və ya 4,3 faiz azalma deməkdir. Bu azalma daha çox may-iyun aylarında İrana qarşı ABŞ-İsrail hücumları ilə bağlı qarşılıqlı ticarətdə yaranan fasilədən qaynaqlanır. 

ABŞ və Aİ-nin yeni sanksiyaları Şimal-Cənub dəhlizi üçün bir sıra ciddi problemlər yarada bilər. Analitiklərə görə, xüsusilə ABŞ İranla ticarətə görə Hindistana 25 faizlik əlavə rüsum tətbiq edərsə, dəhlizlə yükdaşımalar kəskin azalacaq. Hindistanın ABŞ-yə ixracı isə 70 milyard dollardan yuxarıdır. Hazırda Rusiya neftini almağa davam etdiyinə görə Hindistan ABŞ-a ixrac etdiyi məhsullar üçün 50 faiz rüsum ödəyir. Əlavə 25 faizlik rüsum Hindistan üçün İranla ticarətin dayanmasından daha böyük zərər vura bilər. Bu baxımdan, Hindistanın İranla ticarəti müəyyən müddətdə kəskin azaltması, bu ölkədəki nəqliyyat infrastrukturuna investisiyaları dondurması ehtimalı böyükdür. 

ABŞ və Aİ-nin sinxron addımları İranın Çinlə ticarətinə də zərbə vura bilər. Çin 2025-ci ildə İranın ixrac etdiyi neftin 80 faizini alıb. 2023-cü ildə İran və Çin arasında ümumi ticarət 14,65 milyard dollara çatıb. Çinin İrana ixracı həmin il 8,6 faiz artaraq 10,07 milyard dollar olub.Çin Baş Gömrük İdarəsinin məlumatına görə, Çin və İran arasında ticarət 2025-ci ilin yanvar-noyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 24 faiz azalıb. Çinin İrandan neft idxalı 2025-ci ilin ilk 11 ayında təxminən 28 faiz azalaraq 2,86 milyard dollara düşüb.

Müqayisə üçün qeyd edək ki, Çinin ABŞ-yə ixracının həcmi 400 milyard dollardan yuxarıdır. Hazırda Çin bu ixraca görə 30,4 faiz rüsum ödəyir. Onun 25 faiz artırılması Çin iqtisadiyyatı üçün ciddi çətinliklər yarada bilər, nəinki İranla ticarətin müvəqqəti dondurulması. 

Rəsmi statistikaya əsasən, 2025-ci ilin yanvar-noyabrında Azərbaycanla İran arasında ticarətin həcmi 568 milyon 106.44  dollar təşkil edib: 558 milyon 705.86 min dollar İrandan Azərbaycana, 9 milyon 400.58 min dolları əksinə ixrac olub. ABŞ-nin tələbi ilə bu ticarətin dayanması Şimal-Cənub dəhlizi ilə yükdaşımalara mənfi təsirini göstərə bilər. 

Qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, Vaşinqton və Brüsseldən İrana qarşı atılan və atılacaq addımlar Azərbaycan üçün bir sıra iqtisadi çağırışlar formalaşdıra bilər. Bura tranzit daşımaların kəskin azalması və Azərbaycanın Şimal-Cənub dəhlizinə yatırdığı vəsaitlərin geri qaytarılması müddətini dəfələrlə uzatması da aiddir...

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR