2018-2025-ci illərdə orta aylıq pensiya 208 manatdan 543 manata, yaşa görə orta aylıq pensiya 234 manatdan 578 manata çatıbsa, artıq yeni artımla orta aylıq pensiya və yaşa görə orta aylıq pensiya müvafiq olaraq 593 manata və 632 manata çatır. Bu da 2018-ci ilə nisbətən orta aylıq pensiyada 2,8 dəfə, yaşa görə orta aylıq pensiyada 2,7 dəfə artıma nail olunması deməkdir.
Musavat.com xəbər verir ki, bu fikirləri dövlət başçısının yeni sərəncamı ilə pensiyaların indeksləşdirilərək artırılmasına dair keçirilən brifinqdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev vurğulayıb.
"Ümumilikdə isə 2018-ci ildən ötən dövrdə Prezident İlham Əliyevin tapşırıqları əsasında icra olunan 5 sosial islahat paketi nəticəsində pensiyalarda da ciddi artımlara nail olunub. Minimum pensiya 2,9 dəfə artırılaraq 110 manatdan 320 manata çatdırılıb. Bu il üçün pensiyaların maliyyələşdirilməsi üzrə ayrılan vəsait 7 mlrd. 993 mln. manat nəzərdə tutulub ki, bu da 2018-ci ilə nisbətən həmin vəsaitdə 2,3 dəfə artımın olduğunu göstərir", - nazir müavini qeyd edib.
Afaq Mirayiq,
Musavat.com






