İnsanlara hürriyət, millətlərə istiqlal!

SOS: Rus şovinizminin yeni antirekordu – Azərbaycanlılara nifrətin bu qədəri...

2482 08.01.2026 08:26 Gündəm A A

Rusiyada milli zəmində nifrət getdikcə güclənir. Maraqlıdır ki, zərbə artıq həm də ölkənin qeyri-rus milliyyətindən olan vətəndaşlarına dəyir. Çünki radikal-şovinistlərin gözündə onların “günahı” sırf etnik mənşə və soyadla bağlıdır. Yekaterinburqda Yeni il bayramı günlərində baş verən bir hadisə bu əcaib prosesin və azğınlığın növbəti sübutu sayla bilər. Xəbər verdiyimiz kimi, Yekaterinburqun Dəmir Yolu rayonunun administrasiya rəhbəri Vitali Perşin sosial şəbəkələrdə təqibə məruz qalıb. Səbəb də onun Rusiya vətəndaşı olan Azərbaycan əsilli bir ailənin uşaqlarının yeni il arzularını yerinə yetirməsi olub. Bu barədə şəhər meriyası məlumat yayıb.

Belə ki, yeni il ərəfəsində məmur “Arzular ağacı”ndan üç uşağın istəklərinin yazıldığı şarı götürüb. Məlum olub ki, uşaqlar skuter, şirniyyat hədiyyəsi və əl işləri üçün dəst istəyib. Lakin hədiyyələr təqdim edildikdən sonra Telegram kanallarında və sosial şəbəkələrdə millətçi xarakterli şərhlər və təhqirlərlə müşayiət olunan kampaniya başlayıb. Buna cavab olaraq, Rusiyada yaşayan azərbaycanlı ailə hədiyyələri geri qaytarıb.

Meriyadan vurğulanıb ki, ailə artıq 20 ildən çoxdur Rusiya vətəndaşıdır və baş verənlər açıq-aşkar ksenofobiya nümunəsidir. Qeyd olunur ki, bu çoxuşaqlı ailədir və onun ən kiçik uşağı əlildir. Bununla belə, uşaqların atası Vitali Perşindən xahiş edib ki, hədiyyələri geri götürsün. Bununla da o, təhqir axınını dayandırmaq və mövzunu bağlamaq istəyib. Lakin yerli məmurlar onu bu addımdan çəkindirərək hədiyyələrin ailədə qalmasına razı salıblar. Eyni zamanda, təhdid xarakterli paylaşımlar silinib.
Bu hadisə Rusiyada etnik zəmində ayrı-seçkiliyin nə qədər həssas və təhlükəli həddə çatdığını bir daha göstərir. Belə ki, ölkədə hətta uşaqlar üçün nəzərdə tutulan Yeni il hədiyyələri belə etnik nifrət və təzyiq üçün bəhanəyə çevrilə bilir. Rusiya cəmiyyətini saran bu ksenofobiya, qeyri-ruslara qarşı güclənən nifrət ölkəni hara aparır? Rəsmi Bakı bu xüsusda hansı ön tədbirlər görə bilərmi? Soydaşlarımıza qarşı belə şovinist münasibət Kremldənmi qaynaqlanır?

Siyasi şərhçi Azər Həsrət Musavat.com-a bildirib ki, baş verən hadisələr təəccüblü deyil. Onun sözlərinə görə, bu, Rusiya dövlətçiliyinin mahiyyətidir: “Rusiyada həmişə qeyri-ruslara qarşı bu cür düşmənçilik münasibəti olub. Həmin azərbaycanlılar Rusiya vətəndaşıdır. Dövlətin rəsmisi bu ailəyə bir yaxşılıq edib, uşaqları sevindirib. Burada qeyri-adi heç nə yoxdur. Əslində rus cəmiyyəti xəstə olmasa idi, bundan hətta təbliğat üçün istifadə edə bilərdi. Göstərərdi ki, etnik mənsubiyyətindən asılı olmayaraq, insanlara yaxşılıq etməyi bacarırlar. Lakin bunu bacarmadılar və nəticədə azərbaycanlı ailə hədiyyələri geri qaytardı. Azərbaycanlı ailənin qüruru rusların nifrətini üstələdi. Milyonlarla rus nifrət edə bilər, amma bir azərbaycanlı qüruru ilə onları alt-üst edə bilər. Rus cəmiyyəti xəstə təfəkkürlüdür. Özü də bu, yeni deyil, əvvəllər də onlar xəstə olublar. Ümumiyyətlə, Rusiya dövləti yaranandan bizim coğrafiyamız daim bəla içərisində olub. Onlardan yalnız qan, işğal, etnik soyqırımlar görmüşük. Bütün bunların başında ruslar dayanıb”.

Azər Həsrət istefa verir?

A.Həsrətin sözlərinə görə, rus şovinizmi ilə mübarizə aparmaq üçün Azərbaycan və SSRİ-dən ayrılıb müstəqil olan digər dövlətlər Rusiya ilə əlaqələri bir daha nəzərdən keçirməlidir: “Bunun ilk çıxış yolu MDB-dən çıxmaqdır. Azərbaycan Rusiyanın arxa baxçası rolunu oynayan MDB-də qalmamalıyıq. Vəhşi bir cəmiyyətlə, dövlətlə eyni sırada ola bilmərik. Azərbaycan da daxil olmaqla türk dövətləri birləşib Rusiya Federasiyası adı altında bir imperiyanın dağılmasına öz töhfələrini verməlidirlər. Orada azadlığını gözləyən və bizdən yardım istəyən 10 milyonlarla insan var. Onların dövlətləri Rusiyanın işğalı altındadır. Tatarıstan, Başqırdıstan, Dağıstan, Çeçenistan, İnquşetiya, bütün bunların hamısı azad olmaq istəyir. Və bu azadlığa biz də töhfə verməliyik. Rusiya adı altında bu dövlət vəhşi mahiyyətini heç vaxt dəyişməyib, dəyişməyəcək də. Ona görə də düşünürəm ki, artıq Rusiya federasiyasının bir dövlət kimi dağıdılmasına Azərbaycan da öz töhfəsini verməlidir. Əlbəttə, dövlət müharibə etməməlidir, onun təmkini olmalıdır. Amma MDB-dən çıxmaqla sözünü demiş olar”.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR